Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə qaravəlli


V.Putin və D.Medvedev hakim partiyanın qurultayında - 24 sentyabr 2011
V.Putin və D.Medvedev hakim partiyanın qurultayında - 24 sentyabr 2011
L.Brejnevin dəfn mərasiminə gələn ABŞ nümayəndə heyətinin başçısı əlləri əsən Çernenkoya baxaraq köks ötürüb demişdi: «Deyəsən, tezliklə bir daha gəlməli olacağıq!».

Mən bunu niyə xatırladım? Təkcə mövcudluğu ilə adamı vahiməyə salan bəzi böyük dövlətlərdə elə hadisələr baş verir ki, adam əlini yelləməkdən başqa çarə tapa bilmir, təəccübündən bilmirsən ki, nə edəsən. Rusiyanın çoxəsrlik saray gizlinlərinə varanda bir sual qarşısında donursan və heyrətlənməkdən başqa çarən qalmır. Əcəba, bu ölkəni axı kimlər idarə etməyib? İngiltərə kralına gizlin məktublar yazan və ondanca imdad diləyən İ. Qroznıy, psixi vəziyyəti adamlarda şübhə yaradan «dəli Petro» - birinci və yaxşı ki, sonuncu olan Pyotr, özünün şəhvəti ilə hələ hamını heyrətləndirən Yekaterina, nə bilim, Xruşşov, Brejnev... Amma bu sırada ən oyuncaq dövlət başçısı titulu yəqin ki, D.Medvedevə qismət olacaq. Elə bunu nəzərdə tutub mən qaravəlli sözünü işlətdim. Doğrudan da, əsl qaravəllidir. Bir müddət öz personasını televiziya ekranları qarşısında nümayiş etdirmək üçün oyuncaq prezident olmağa razılıq vermək! Tandem başqa ölkələrdə də olub. Məsələn X.Klinton ilə B.Obama arasında, A.Güllə R.T.Ərdoğan arasında. Amma bunu məsxərəyə qoymaq olmur, çünki bu, sadə siyasi ittifaqdır. Amma Medvedev özünü gülüş obyektinə çevirdi.

İndi Rusiyada adamlar küçəyə çıxıb «Rədd olsun putinizm!» deyirlər. Amma onlar Medvedevi istəyirlərmi? Çətin ki. Bir müddət keçəcək, seçki urnasından yenə də Putinin adı çıxacaq. Amma bir sual adamı rahat buraxmır.
V.Putin yapon cüdoçunu yıxır, 5 sentyabr 2000
Doğrudan da putinizm varmı?

PUTİNİZM NƏDƏN YARANDI?

Putinə qədər çox adam gəldi, getdi. B.Yeltsin hər ay bəlkə də bir Baş nazir dəyişirdi. Axırda Putinin üzərində dayandı və sonuncu da onu fəxri təqaüdə göndərdi. Bir çoxları putinizmi paternalizm ilə eyniləşdirirlər. Məsələ budur ki, rus cəmiyyəti hələ də çocuqluq dövründən, uşaqlıq çağından çıxmayıb, o, daim öz üzərində istiqamətləndirici bir «ata»nın olmasını istəyir. Putin də bu işi çox məharətlə yerinə yetirir, daim insanların zəif hissələri, sabitliklə oynayır.

Bəli, Rusiya cəmiyyəti hər şeydən çox sabitlik istəyir. Amma bunu çox baha qiymətə aldı. Bu həmin ruslardır ki, «Kuklalar» verilişində Yeltsini məhəbbətlə «çar Boris» adlandırırdı. Müxalifət də özünü bu siyasi obraza və modelə dürtmək istəyirdi, hamı çalışırdı tipik «rus mujiki» rolunu oynasın.

İş o yerə çatmışdı ki, Q.Yavlinski seçki vaxtı debata içkili vəziyyətdə gəlmiş və özünü həmişə sərxoş Yeltsinə bənzətməyə çalışmışdı. Amma bəlli oldu ki, «rus mujiki» təkcə içki düşkünü olmur, o, yumruğunu stola vurmağı da bacarmalıdır. Putin bunu imitasiya edə bilir. Bunda ona həm «dəmir Feliks» obrazı da yardımçı olur. Bəli, dönməz və satılmaz çekist obrazı – ruslar elə bunu da qiymətləndirməyi bacarırlar.

DÜNYA PUTİNİN GƏLİŞİNƏ SEVİNİRMİ?

Dünya Putinin gəlişinə sevinmir
Rusiya indi dünya üçün elə bir təhlükə deyil. Bu haqda ancaq Qərbin qoca sovetoloqları ciddi danışa bilərlər. Başqaları isə bu haqda heç düşünmür. Bir qədər ola bilsin ki, bəzi sovet respublikaları üçün problem yaranmış olsun.

Amma dünya Putinin gəlişinə də sevinmir, çünki o, Rusiyaya və ruslara bir normal dövlət və özünə güvənən cəmiyyət olmağa imkan vermir. Məsələ də bundadır, «rus mujiki» öz kürkünü avropalı pencəyinə dəyişmək istəmir. O, öz xarizması ilə ölkə siyasətinin institutlaşmasına mane olur, mülki vərdiş və bacarıqların inkişafını ləngidir. «Vankuverdən Vladivostoka», Urala qədər Avropanın yaranması prosesi baş tutmur. Dünya elə məhz buna görə Putini sevmir, o, militarist siyasətçi obrazına daha yaxındır, daim şübhələnmək və daim düşmən axtarmaq, onları kütlənin gözü qarşısında elə kütləvi üsullarla neytrallaşdırmaq - onun şakəri budur.

KEÇMİŞ SOVET HİMNİNƏ DAHA HARALARDA OYANACAQLAR?

Yox, qeyri – adi heç nə baş verməyəcək. Putin də Gürcüstan haqqında belə deyinməklə kifayətlənəcək. Digər avtoritar liderlər haqda konkret bir şey və təhlil söyləmək çətindir. Amma onlar da güclü Rusiyanı istəmirlər. Rusiyanı yalnız Qərb qarşısında bir sipər kimi görmək arzusundadırlar. Ona görə ki, bu insanlar Medvedev kimi siyasətdə baş girələmək istəmirlər, rus knyazı da olmaq fikirləri də yoxdur. Çünki müstəqil olmaq onlara hər bir insanın təkcə arzulaya biləcəyi sərvəti və səlahiyyəti verib. Onlar bundan imtina edərmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG