Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:40

Qazaxstanda iş yerində namaz qılmaq qadağan edilir


Qazaxıstan prezidenti Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev

Ölkədə dini ekstremist ideyalarının yayılmasından sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dinlə bağlı yeni qanun layihəsini imzalayacağı gözlənir.

Qanun layihəsi sentyabrın 21-də parlamentdə qəbul edilib. Yeni qanun dini fəaliyyəti məhdudlaşdırılan və ya qadağalar qoyulan təşkilatların qeydiyyatını çətinləşdirir.

Qanuna görə, gənclərin dini təhsili yerli hakimiyyətlərin nəzarəti altında olacaq. Eyni zamanda, bu qanun iş yerlərində ibadət etməyi qadağan edir.

«Dini fəaliyyət və Dini Assosiasiyalar» adlanan qanun ölkə ictimaiyyətində müzakirələr doğurub.

Millət vəkillərindən biri, dindar Bekbolat Tleukhan deyir ki, öz ofisində ibadət edərsə, deməli bu cinayət sayılacaq və o, qanunu pozmalı olacaq.

Astanadakı «Channel Seven» televiziyasına müsahibəsində o deyir ki, iş yerində ibadətə qadağa konstitusiyaya ziddir.

Qazaxıstanda namaz zamanı
NAMAZIN 2-3 DƏFƏSİ İŞ VAXTINA DÜŞÜR

Rəsmi məlumatlara görə, Qazaxıstanın 64 faizi müsəlmandır və əksəriyyəti sünni hənəfi təriqətinə inanır. Sünni hənəfilərin çoxu gündə 5 dəfə namaz qılır. Bunun 2-3 namaz vaxtı iş saatlarına düşür.

«Kazaxıstan Zhastray» qeyri-hökumət təşkilatının rəhbəri Maksat Nurypbaev deyir ki, adamlar inam və ya iş seçimi qarşısında qalacaq, bu isə düzgün deyil.

Qanuna görə, məscidlərin və dini təşkilatların qeydiyyatı üçün yerli və mərkəzi hakimiyyətlərdən icazə tələb olunur.

Qanunun əleyhinə olanlar onu dini azadlıqların məhdudlaşdırılması kimi xarakterizə edir, lehinə olanlar isə hesab edir ki, ölkədə dini ekstremistlərin fəaliyyətinin qarşını alacaq.

Prezident Nazarbayev bu il çıxışlarında tez-tez vurğulayıb ki, ölkənin dini ekstremistlərdən müdafiəsinə ehtiyac var. O, bu yaxınlarda məscid tikdirən imkanlı qazaxları da tənqid edib.

Qazaxıstanda bu il bir neçə terror hadisəsi baş verib. Bundan sonra rəsmilər tez-tez Orta Asiyanın ən stabil ölkəsində dini ekstremizm təhlükəsinin artmasını bildirirdilər və qanun layihəsini də hökumətin buna reaksiyası kimi qəbul etmək olar.

DİNDARLARIN SAYI ARTIR

Ölkədə bu illər İslama meyllənənlərin sayı çoxalır.

Dini rəsmilərin məlumatlarına görə, məscidlərin və burda namaz qılanların sayı da artıb. Paytaxt Astanada azı 30 min adam hər gün məsciddə namaz qılır. Bildirilir ki, onların 60-70 faizi dövlət orqanlarında çalışanlardır. Astananın 700 min əhalisi var.

Hicab geyinmək də şəhər və kəndlərdə qız və qadınlar arasında populyardır. Mədrəsə yoxdursa, molla və ya imam yanında yeniyetmə övladlarının müəyyən dərəcədə dini təhsil almasını istəyən valideynlərin də sayı çoxalır.

Qazaxıstanda yerləşən məscid
Qazaxıstanda Ağtəpədə mayın 17-də baş verən terror hadisəsində 25 yaşlı universitet məzunu günahkar tutuldu. O, üstünə bağladığı bomba ilə partlayış törətmişdi.

May ayından bəri regionda təhlükəsizlik tədbirləri güclənib, bir çox adam həbs olunub. Atyrauda isə terroristlik ittihamı ilə 22 şübhəli şəxs saxlanıb.

Bu regionda məktəblər, universitetlər, məscidlər güclü nəzarət altındadır. Atyrau tibbi kollecin tələbəsi Qulfiya Besenqaliyeva məktəbdə hicaba qadağa qoyulmasından şikayətlənir:

«Kollec rəhbərliyi bizi məcbur edir ki, məktəbin qapısından girən kimi hicabı soyunaq. Anam gəldi ki, kollec rəhbərliyi ilə danışsın, amma ona dedilər ki, bu, məktəb əsasnaməsinin bir hissəsidir».

YENİ QANUN NARAZILIĞI ARTIRA BİLƏR

Milli Birlik qeyri-hökumət təşkilatının rəhbəri Kanat Juman deyir ki, yeni qanun layihəsinin dindarlara xeyli məhdudiyyət gətirəcəyindən, onlar arasında narazılığa və qəzəbə səbəb olacağından narahatdır:

«Biz deputatlarla danışdıq ki, qərar gərək qanun şəklində olmasın. Bu layihə heç kimlə məsləhətləşmədən, dini qrupların və ya adamların fikirlərini dinləmədən hazırlanıb».

Əgər bu qanun imzalansa, o, 1992-ci ildə qəbul edilən və hazırkı «Dini Azadlıqlar və Dini Assosiasiyalar» haqqında qanunu əvəz edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG