Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55
««Azadlıq», BBC kimi radiolara şərait yaradırıqsa, başqa ölkələrin də radiolarına o cür şərait yaratmaq imkanımız olmalıdır. Bu isə bizdə ciddi problemlər yaradır deyə, məsələni hüquqi müstəvidə həll etdik ki, Azərbaycanın efir məkanına xarici müdaxilə olunmasın».

Bu barədə AzadlıqRadiosuna Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, xarici radiostansiyaların Azərbaycanın milli tezliklərində yayımının dayandırılması hüquqidir:

«İndi informasiya texnologiyalarının inkişafının elə mərhələsinə çatmışıq ki, hər hansı informasiyanı əldə etmək problemə çevrilmir. 90-cı illərdən başlayaraq Azərbaycanda xarici radiostansiyalar, televiziyaların yayımlanması o dövrdə qanunvericilikdə olan boşluqdan qaynaqlanırdı. Əksər ölkələrdə xarici yayımçıların ölkə miqyasında yayımı yox dərəcəsindədir. Hesab edirəm ki, internet, peyk vasitəsilə insanların istənilən qədər xarici radiolara qulaq asmaq, xarici televiziyalara baxmaq imkanı var».

Milli Teleradio Şurasının qərarı ilə 2009-cu il yanvarın 1-dən xarici radioların Azərbaycanda yerli tezliklərdə yayımı dayandırılıb.

Əksər beynəlxalq təşkilatlar bunu Azərbaycanda media sahəsində plüralizmə zərbə kimi qiymətləndirirlər.

«DÖVLƏT İNTERNET TV-ləri TƏNZMİNLƏMƏLİ»

Nuşirəvan Məhərrəmli internet televiziyalar barədə də danışıb:

«İnternet televiziyası televiziya yayım üsullarından biridir. Bunun yayımı dövlət tərəfindən tənzimlənməlidir. Bu, artıq dünyada baş verir».

Şura sədrinin dediyinə görə, bu məsələ indi dünya ölkələrinin müzakirə mövzusudur:

«Avropa Şurasına üzv ölkələr bu məsələ ilə bağlı bir araya gəliblər, ancaq yekdil qərar qəbul etməyiblər. Azərbaycan bu məsələdə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq niyyətindədir. Avropa Şurası üzvləri İnternet televiziya yayımı ilə bağlı nə qərar qəbul etsə, Azərbaycan da onu təkrarlayacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG