Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:36

Ceyrançöl çobanlarının güzəranı...


Ərazidə elektrik dirəkləri qırılıb sahələrə düşür
Ərazidə elektrik dirəkləri qırılıb sahələrə düşür
İndi qoyun-quzunun qışlaq yeri olan Ceyrançölü, adından göründüyü kimi, vaxtilə ceyran sürülərini qoynunda gəzdirib. Bu qışlağa bələd çobanların deməsinə görə, əvvəllər burada bir neçə ceyran, maral növü olub. Boz yamaclı bu yerlərə indi bizi ceyran həvəsi yox, çobanların giley-güzarı aparıb...

CEYRANÇÖLƏ GEDƏN YOL...

Tovuzun Gürzan kəndinin girəcəyində qurulmuş gömrük postuna çatırıq. Postu və kəndi keçən kimi üzərində günəş şüalarının bərq vurduğu Kür çayı görünür. Ətraf el arasında «Gödək Boy» adlandırılan Balaxan dağlarının boz və çəhrayı rənginə bürünüb. Bu göz oxşayan rəngarənglikdə uzaqdan Ceyrançölü görünür. Torpağın üzərinə yaxın, siçovul yeyən Kərkincək quşları o tərəf bu tərəfə uçuşur. Torpaqlarının əsas hissəsi Tovuz rayonuna aid olan Ceyrançölün bir hissəsi də Gürcüstanla həmsərhəddir.

CEYRANÇÖLÜ...

Sarı, boz yamaclı Ceyrançölə yaxınlaşdıqca, hektarlarla yanmış, qaralmış sahələr görünür.

Yaxınlıqdakı yatağın çobanları deyir ki, ərazidə elektrik dirəkləri yararsız halda olduğundan qırılıb sahələrə düşür:

«İNƏKLƏR «TOK»A DÜŞÜB ÖLDÜLƏR...»

«Bax o dirək yıxılıb, məftillər bir metr yerdən yuxarıdır. Aşağıda «tok» qırıldı, yerə düşdü. İnəklər «tok»a düşüb öldülər. Bu il 2 inək ölüb. Yatağın yiyəsi deyir ki, işıq idarəsinə demişik, gəlib baxmırlar».

Ceyrançöldə yarımmetrlik işıq dirəkləri bizim də maşınla hərəkətimizə mane olurdu. Amma çobanları narahat edən çöldə hərəkətə yaranan maneələr deyil:

«500 HEKTAR YERİMİZ YANDI»

«Məftillər hamısı qırıqdır, dirəklər yerə dəyir. 500 hektar yerimiz yandı».

Gözdən, könüldən xeyli uzaqda olan bu yerlərin daimi sakinləri çoban və sağıcılardır. Yataq sahiblərinin əksəriyyəti pul ilə özlərinə çoban tuturlar. 5 yaşlı Nərmin də dayısı ilə
Çoban Süleyman
Ceyrançöldə qalır. Danışmağa utanır. Amma dayısı deyir ki, Nərmin bu mühiti çox sevir.

Çoban Süleyman:

«DÖVLƏT BİZƏ KREDİTƏ PUL VERSƏ, YAXŞI OLARDI»

«Bizim hal hazırda 500 baş qoyunumuz, 60-70 baş iribuynuzlu malımız var. İstəyirik ki, təsərrüfatı böyüdək, gücümüz çatmır. Dövlət bizə kreditə pul versə, yaxşı olardı. Həm kökəltmə, həm də damazlıq heyvan üçün. Alıb çoxaldaq. Həm özümüzə, həm də dövlətimizə xeyri olardı. Yem ala bilmirik, bahadır. Sənədləri girov qoymaq lazımdır. Gedirik kredit almağa, get-gələ salırlar. Yatağımız qanunidir. İldə işıqpulu, supulu, yatağın icarə haqqını ödəyirik».

ÇOBAN İTLƏRİ...

Sürülərin hər birində bir neçə çoban iti var. Ancaq öz sahiblərini tanıyan bu itlər sürüyə nəyinki yad adamı, heç yad mal-qaranı da yaxın buraxmırlar.

May ayının əvvəllərində mal-qaranı Ceyrançöldən yaylaq sahələrinə aparırlar. Sentyabrın sonu isə qayıdırlar. Əsasən Gədəbəy və Daşkəsənin yaylaq sahələrinə köç edirlər:

«YOLLARDA HAMI PUL İSTƏYİR...»

«Yol vərəqəsi alırıq, əldə sənəd var, amma yolda buraxmırlar. Postda kəsirlər qabağımızı ki, bu qədər verməlisən, verməsən də alınmır. Dağa gedəndə, 30 quzunun pulu çıxır. Dövlət buna nəzarət etsin».

CEYRANÇÖLDƏ SU HƏSRƏTİ....

Hər yatağın yaxınlığında kiçik gölməçələr qazılıb. Çobanlar heyvanların su içməsi üçün qazdıqları bu gölməçəni «düyə» adlandırılar. Yağış yağanda, su «düyə»yə dolur və qoyun-quzu ordan su içir.
Yataqlarda sarı torpaqdan tikilmiş, uçub tökülən kiçik yuvalar da var
Orada həm də heyvanlar yuyunurlar. Elə Ceyrançölün daimi sakinlərinin əsas problemlərindən biri də su sarıdandır. Deyirlər ki, ərazidəki su borularının bəziləri sıradan çıxıb. Quraqlıq havada fermerlər məcbur qalıb maşınla su alırlar:

«MAŞINLAR SUYUN BİR REYSİNİ 80 MANATA GƏTİRİRLƏR»

«Yağış olmayanda «düyə»yə maşınla su tökürük. Mal-qaranın tələbatını ödəmək üçün gərək, xeyli mal qara satasan. Çətinlikdir. Maşınlar suyun bir reysini 80 manata gətirirlər».

Maşınların suyu baha gətirməsi yolların bərbad halda olması ilə izah edilir. Bizim sürücü də bir neçə dəfə ərazidə torpaq sürüşməsini nəzərimizə çatdırmışdı. Çobanlar deyir ki, vəziyyətdən rəsmilər də xəbərdardır. Hətta demələrinə görə, bir dəfə yolları düzəltmək adı ilə Tovuz rayon İcra Hakimiyyətindən gələn «qalstuklular» hər yataqdan qoyun-quzu da yığıblar. Çoban Süleyman deyir ki, elə gedən o gedişdir:

«Dedilər, düzəldən adama kömək eləmək lazımdır. Bütün yataqlar qoyun yığdı verdi. Elə yataq var ki, 10 qoyun verib...».

«BURADA QIŞ VAXTI ADAM XƏSTƏLƏNSƏ,...»

««Sərt ençi» var, oranı nə çıxmaq olur, nə düşmək. Burada qış vaxtı bir adam xəstələnsə, heç nə ilə aparmaq olmaz. Gərək Fövqəladə Hallar vertolyotla apara. Ya da gözləyə yollar qurusun».

Yataqlarda sarı torpaqdan tikilmiş, uçub tökülən kiçik yuvalar da var. Sağıcı Mahiyə deyir ki, buranı toyuq damı kimi istifadə edir. Xeyli sayda toyuq-cücənin içərisində xallı tüklü Həştərxan toyuğu göz
Quzu süd əmir
oxşayırdı:

«ÖTƏN İL 35 QAZIMI QUŞLAR APARIB»

«Yapon cücələrim var, yerli toyuqlarım da var. Qızıl quş var bu ərazilərdə, daşıyıb aparır, qırğı da var. Ötən il 35 qazımı aparıb quşlar. Bir tikə çörək ucbatından buralarda qalmışıq. Yataq yiyələri mal-qara saxlayır, biz də heyvanımızı gətirib, gözünə qatıb, baxırıq».

SAĞICILAR...

Yataqda yaşıl önlüklü qadınlar mal-qaranın sahələrdən geri qayıtmasını gözləyirdi. Sağıcıların deməsinə görə, inəklər hər gün 2 dəfə - sübh tezdən və axşam sağılırlar:

Sağıcı Sevda:

«500-600 heyvanımız var. Axşam, səhər sağırıq. Yaxşı yemlənsələr, günə hər inək 20 litrədək süd verir».

Çobanların başqa bir dərdi də mal-qaranın xəstəliklərdən tez-tez tələf olmasıdır:

«PREZİDENT AXŞAMA KİMİ TELEVİZİYADA DANIŞIR Kİ...»

«Dərmanları, iynələri özümüz alırıq. Qarayaraya, dabbağa qarşı. 90 manata başa gəlir «vanna» eləmək, özümüz yuyuruq. Bir nəfər demir ki, al bunu da dövlət verib. Mal-qaranın yuyulması ildə 2 dəfə olmalıdır. Dəridəki xəstəliklərin qarşısını alır. Biz çobanıq, təxmini bilirik ki, çiçək xəstəliyi qorxuludur. Heç onun iynəsini tapa bilmirik. Prezident axşama kimi danışır televiziyalarda ki, kənd təsərrüfatının inkişafına yardım edilir. Nətər yardımdır axı?».

Çobanlar deyirlər ki, bu qədər problem azmış kimi, təbiətin vəhşiləri də onlardan əl çəkmir. Canavarlar tez-tez gecə saatlarında sürülərə soxulurlar:

«CANAVARLAR DÜNYANI ALIBLAR...»

5 yaşlı Nərmin
«Canavarların artımına dövlət nəzarət etmir, dünyanı alıblar. Bu il 6-7 buzovumuzu, ötən il 13 buzovumu yeyiblər».

Tovuz rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Niftalı Qasımov deyir ki, Ceyrançöldən tək onların yox, bir neçə rayonun təsərrüfatları istifadə edirlər. O, çobanlardan rüşvət alınması barədə eşitmədiyini desə də, su, işıq problemlərini etiraf edir:

«Ora sovetlər dövrünə Gürcüstandan su çəkmişdilər. Sonradan suyu vermədilər. Ağstafa çayının üzərində nasos tikdilər. Amma su ilə tam təmin olunmur. Yol sarıdan çox çətindir. «Sərt ençi» deyilən yerdə tez-tez hadisə olur. Orada yağış, qar olsa, bir maşın çıxa bilmir. İşıq dirəkləri də bərbad vəziyyətdədir».

Lakin icra başçısının müavini deyir ki, bu problemlərin həllinə külli miqdarda vəsait lazımdır.

5 YAŞLI NƏRMİN

Ceyrançöldə 5 min nəfər insan yaşayır. Orada kimi dindirirsən, dərd-sər eşidirsən.

Dayısının otardığı qoyun sürüsündə quzuları əzizləyən 5 yaşlı Nərmin isə Ceyrançölün bitmək bilməyən problemlərindən xəbərsizdir. Onun xəyallar dünyası hələ ki, Ceyrançöldə başlayıb, Ceyrançöldə də bitir...
XS
SM
MD
LG