Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:42

Qatılmadığım debatda söyləmədiklərim üçün


CAVİDAN


QATILMADIĞIM DEBATDA SÖYLƏMƏDİKLƏRİM ÜÇÜN

("Pen klub"da qadın yazarların problemləri ilə bağlı keçirilən müzakirəyə qatıla bilməmişdim...)


Əslində qadına-kişiyə ayırmadan da oxşar fikirləri söyləmək olar yazarın ruhunu hər an daha bir az yeyib bitirən məişət barədə.

Bəli, məişət dəhşətli, məhvedilməz, məğlubedilməz bir gəmiricidir həyatımızda və əslində də onun qurbanı yalnız yazarlar deyil ki?!

Hansı müəllimin, hansı artistin, hansı alimin, hansı həkimin, hansı fəhlənin həyatına qıymadı ki?!

Amma bizi hər zamankı kimi yenə də bu mətləbin yalnız yazarlarla və yalnız da qadın yazarlarla bağlı məqamları düşündürdüyü üçün mövzunun bu tərəfində dayanacağıq.

Söhbət Azərbaycanda yaşayan qadın yazarlardan gedir, unutmayaq.

Mən özümlə eyni zaman kəsiyində yaşayan və mənimlə eyni səmanı, eyni torpağı,

Bu yaxınlarda Azadlıq radiosunun "Oxu zalı" səhifəsində keçiriləcək debatların birinə mən də dəvət almışdım. Təbii ki, telefon vasitəsilə qoşulacaqdım Zümrüd Yağmurun, Elnaz Eyvazlının və Əkrəm Əylislinin də qatıldığı söhbətə. Amma səhhətim nitqimə imkan vermədiyinə görə imtina etməli oldum, İlqar Rəsula "İnşallah, bir yazı ilə sonra da olsa, qatılaram" kimi ismarış yolladım.

Və indi bloqumda ilk olaraq elə bu mövzuya toxunmaq istərdim.

eyni havanı, eyni Odlar yurdunu bölüşən minlərlə yazmaq istedadı olan qadından biriyəm desəm, təvazökarlıq kimi qəbul etməyin, lütfən.

Ədəbiyyat deyəndə, yazmaq deyəndə hər dəfə yadıma neçə il öncə yazdığım "Qorxu" adlı yazım düşür.

***

Əslində özümü bura heç vaxt salmaq fikrində olmamışdım..

Zatən hələ lap uşaqlıqdan əmin idim ki, bura - Ədəbiyyat adlı aləm mənim heç bir zaman içində ola bilməyəcəyim bir məkandır...

O vaxt atamın mənim ilk yazılarımı oxuyub sonra vərəqlərə gülümsəyib də üstümə bozarmasından başlamışdı ədəbiyyatın üzümə açılan yox, qapanan qapılarını görmək...

Sonralar yaşıdlarıma, məktəb yoldaşlarıma qoşulub yazmaq, yazmaq, yenə yazmaq və yazdıqlarımı dərc olunmaqçın yerli mətbuata gizlicə, xəlvətcə yollamaq... imzamı qəzetdə görcək, şeirlərimi radioda eşitcək həm sevinər, həm utanar, həm də qorxardım...

Hə, mənim qorxu hissim daha güclü idi...

Yazmaq, tanınmaq, dərc olunmaq - mənimçin qadağaları, sədləri keçmək demək idi...

Hər dəfə uşaqların hansısa ədəbi dərnəklərdə, məclislərdə toplanmasını eşidib elə darıxardım ki... orada olduqları hər bir anı təfərrüatıyla mənə danışmalarını istərdim...

İlk qonorarım indiyədək yadımdadı... ovcumun içində sovet beşliyi və üstündə iki 20qəpiklik...

Ədəbiyyat mənimçin sevgidir...

Dənizdir...

Evimin lap yaxınlığında olub, amma sahilinə illərlə həsrət qaldığım dəniz...
Bu gün hiss elədim ki, mənim qorxu hissim özümlə bərabər böyüyübmüş...
Elə dəniz kimi...

***

Razı deyiləm qadının həyat yoldaşı onu anlayarsa, sevərsə, olduğu kimi qəbul edərsə, yazmasına da icazə verər kimi fikirlərlə.

Yazmaq üçün icazə?

Yazmaq üçün icazə və fərman gözləyən - yazmamaq üçün bəhanə axtaran ən dəhşətli yalançıdır, bilin!

Yazmaq eşqi elə bir daxili azadlıqdır ki, elə bir ruh rahatlığıdır ki, nə sözlə, nə rəsmlə, nə müsiqiylə ifadə etmək belə mümkün deyil onun nəhayətsizliyini...
Mən çox istərdim, mənə yazmağı qadağan etsinlər, noutbukumu əlimdən alsınlar, dəftərə-qələmə qayıdım, onları da qoparsınlar məndən, kitabların sətirləri arasına sığışdırım hərfləri, sözləri, cümlələri... götürüb yandırsınlar, yerdən çöplər arayıb torpağa çöküm, dizlərim üstə dayanıb, yerin köksünə sıxım ürəyimdəkiləri, gəlsinlər, tapdalasınlar, silsinlər, ağacların gövdəsinə, evlərin divarlarına, yarpaqların yamyaşıl üzünə, donumun ətəklərinə, ayaqqabılarımın bəndlərinə,

uşaqlarıma bişirdiyim südlü sıyıqların üzərinə darçın tozuyla belə yazım, nəsə, mütləq nəsə yazım amma... çünki, manyakcasına tam ruhunu SÖZə verməkdir, SÖZün olmaqdır bu, bu dərəcədə yazmadan yaşaya bilməmək dünyanın ən böyük xoşbəxtliyi ola bilər yəqin bir yazar üçün.

Mən bu cür xoşbəxt olmağa layiq ola biləcək qədər güclüyəmmi ruhən?..
Bəs oxucular?

Mənim oxucularım varmı?

Məni alqışlayıb və ya acılayıb yazılarımın altına şərh yazanların hansı birisi evimin içində həyatımın ən gözəl illərini uğrunda verdiyim insan qədər yaxın və ya onun qədər uzaq ola bilər ki mənim üçün?

Məni anlamaqmı?

Məni sevməkmi?

Məni olduğum kimi qəbul etməkmi?

Mənə yazmaq üçün icazə verməkmi?

İcazə verin asım özümü, nolar!!!

Çünki, mənə yazar olaraq, bu sadaladıqlarımın heç birisi gərək deyil!
Bütün bunlara ətrafımızda yaşayan və yaşamayan sonsuz sayda qadınların hər birisi iddia edə bilər axı?!

Bu qədər sıradan və ucuz bir özünüaldatma ilə sızlayıb, yorulub, toxtamaq gərək deyil mənə.

Bunları yazar olmadan da istəmək olar.

Hansımız yaşamadıq ki???

Və bunları özü yazar olan, özü tam bizimlə eyni ruhda yaşayan bir kişidən ummaq, əgər qadının həyat yoldaşı da yazar olacaqsa, problemləri həll olunacaq deyə daha bir illüzor ümidlə aldanmaq acıların ən dəhşətlisi ola bilər yəqin.

***

Bir qadın yazara nə lazım ola bilər ki?

Sadəcə oxucu...

Evinin içində, dəmlədiyi çayı içib, boynunu qucaqlayıb, başının üstündən monitordan gözlərini çəkməyən, hər yazdığı hərfin, hər yığdığı kəlmənin ən birinci oxucusu olmasından qürur duyacaq, sevinəcək, hətta xoşbəxt olacaq, bu əsərin kitab halını səbrsizliklə gözləyəcək, bu kitabın ilk nüsxəsini müəllif imzasıyla alıb gözləri fərəhdən dolacaq, "Sən möcüzəsən!" deyəcək ər...


Həmçinin oxu
Əkrəm Əylisli: "Qadınlar arasında nə Motsart, nə də Tolstoy yetişib"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG