Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:49

“Zənn etmirəm Vəkillər Kollegiyası sifarişlə işləsin”


İlqar Musayev
İlqar Musayev
2007-ci ildən vəkillik fəaliyyəti göstərən 3 saylı hüquq məsləhətxanasının üzvü, İctimai Palatanın 2 aprel aksiyasına görə saxlananlardan bəzilərinin müdafiəçisi vəkil İlqar Musayevlə söhbət

- İndiyədək nə qədər adam müdafiə etmisiniz?

- Dəqiq sayını deməyəcəyəm. Amma kifayət qədər müdafiə etdiyim adamlar olub.

- Nəticə etibarı ilə uğurlu və uğursuz işləri tərəzinin gözlərinə qoysaq, hansı daha ağır gələr?

- Uğurlu nəticələr.

- Necə nail olmaq mümkündür buna?

- Qanunu bilmək, qanunu başa salmaq və məhkəmə proseslərində, yaxud ibtidai istintaqda bu qanunun aliliyinə nail olmaqla.

- Amma biz proseslərdə müşahidə edirik, siz məhkəmənin ədalətsizliyindən, qaldırılan vəsatətlərə sizi qane etməyən yanaşmalardan danışırsınız.

- Əgər siz konkret olaraq İctimai Palatanın üzvlərinin məhkəməsini nəzərdə tutursunuzsa, bəli, bu prosesdə bəzi hallarda vəkillərin və ya təqsirləndirilənlərinin vəsatətlərinin əsassız olaraq təmin edilməməsi hallarına rast gəlirik. Amma bu heç də o demək deyil ki, Azərbaycan məhkəmələrində hər zaman belə olur. Azərbaycan məhkəmələrində kifayət qədər savadlı hakimlər var. Sadəcə bu işin özəlliyi ondadır ki, bu siyasi xarakterli bir işdir. Və belə hallarda bəzən hakimlər belə, aciz olurlar.

- Hakim aciz olan yerdə, kifayət qədər savadlı və ədalətli hakimlərin olmasının mənası var?

- “Kifayət qədər savadlı hakimlər” dediyim zaman onların qanuni bilgilərini nəzərdə tutdum mən. Amma bunu həyata keçirmək məsələsinə gəlincə, mən də sizə qatılıram ki, kifayət eləmir. Amma yenə deyirəm, siyasi sifarişli işləri digər işlərdən ayırmaq lazımdır.

- Bütün bu müşahidə olunanların fonunda dediyiniz siyasi sifarişli proseslərə çıxmaq həvəsiniz nə dərəcədə qalır?

- Vəkil fəaliyyətində siyasi sifarişli işlər barmaqla sayılacaq qədər olur. Biz sadəcə siyasi məsəllərlə bağlı işləri müdafiə etməklə kifayətlənmirik. Kifayət qədər mülki və ya adi cinayət işlər də olur. Ona görə də siyasi sifarişli işlərdə məhkəmənin ədalətsiz hökm çıxarması məndə vəkillik fəaliyyətindən imtina etmək qənaəti yaratmamalıdır. Amma hətta ağıla belə bir şey gəlsə belə, geriyə addım olmamalıdır. Siyasi sifarişli iş olsa belə, biz sonuna qədər mübarizə aparmalıyıq. Ən azından bilirik ki, Azərbaycanda bu mövzuda ədalətli bir qərara nail olmasaq belə, nəticəni Avropa Məhkəməsinə daşımaq imkanımız var və bundan ötrü kifayət qədər işləməliyik.

- Son illər Azərbaycanda bütün vəkillər işi Avropa Məhkəməsinə aparırlar. Nə dərəcə normaldır bu?

- Anormal haldır. Əgər Azərbaycanda bəzi mövzulu işlərdə ədalətli və hər iki tərəfi qaneedici qərarlar çıxarılsaydı, vəkillərin də Avropa Məhkəməsinə müraciət etmə şansları, imkanları, həmçinin həvəsləri də azalardı. Amma təəssüf ki, siyasi xarakterli, eləcə də vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olan işlərdə Avropa Məhkəməsinə getmək artıq zərurət halını alıb.

- Deyirsiniz ki, siyasi və mülki işlərdə belə olur. Digər xarakterli işlərdə isə daha çox prosesdə udmusunuz, nəinki uduzmusunuz. Son vaxtlar bəzi həmkarlarınızın Vəkillər Kollegiyasından kənarlaşdırılması, yaxud fəaliyyətlərinin dondurulması kimi cəzalara məruz qalmaları sizin bu cür danışmağınıza səbəb ola bilər?

- Xeyr, qətiyyən. Hətta məhkəmə prosesində xəbərdarlıq almış bir vəkil olaraq deyə bilərəm ki, bunların mənim danışığıma heç bir təsiri yoxdur. Məhkəmənin hər hansı bir vəkil haqqında Vəkillər Kollegiyasına müraciət edib onun cəzalandırılmasını istəməsi, o vəkilin cəzalandırılması anlamına gəlmir. Vəkillər Kollegiyasında kifayət qədər savadlı hüquqşünaslar var. Onlar özləri müəyyən edirlər ki, qanuni əsasla hansı vəkili cəzalandırmaq olar ya olmaz. Bu hər hansı bir hakimin istəyinə bağlı deyil.

- Birdən o hüquqşünaslara da sifariş verildi?

- Mən zənn eləmirəm ki, Vəkillər Kollegiyası sifarişlə işləyən bir təşkilat olsun.

- Niyə? Bir ölkədə ki, dediyiniz kimi hakimlərə sifariş verilə bilir, vəkillərə niyə verilməsin? Doğrudanmı Vəkillər Kollegiyası hakimiyyətin 3 qanadından biri olan məhkəmə sistemindən daha güclü və arxalıdır?

- Azərbaycanda vəkillik institutu hakimlik institutundan bir az fərqli düzənlənib. Biz vəkillər müstəqil insanlarıq. Vəkillər Kollegiyasında idarə heyətinin üzvləri müstəqil insanlardır. Mən zənn eləmirəm ki, onlar hər hansı bir vəkil haqqında qərəzli bir qərar çıxardarlar.

- Dediyinizə nə dərəcədə əminsiniz ki, oradakılar müstəqildirlər və sifariş olsa yerinə yetirməzlər?

- Mən onların müstəqil olduğunu demədim. Mən dedim, zənn eləmirəm ki, onlar müstəqilliyindən vaz keçərlər.

- Hər halda biri digərini inkar eləmir.

- Belə deyək də, yenə deyirəm, mən sözümün əvvəlində vəkillik institutunun hakimlik institutundan bir az fərqli düzənləndiyini dedim. Vəkillik institutu müstəqil bir qurumdur. Və orada kifayət qədər savadlı insanlar təmsil olunur. Vəkillər Kollegiyasında, idarə heyətində, intizam şurasında təmsil olunan insanlar da vəkildirlər. Yenə deyirəm, mən zənn eləmirəm ki, onlar müstəqilliyindən vaz keçərlər.

- Amma söhbətimizin ortasında belə bir nəticəyə gəlmişdik ki, kifayət qədər savadlı olmaq heç də hər şeyi həll eləmir. Düzdü hakimlər barədə demişdik, amma hər halda...

- Hakimlər barədə demişdik... Mən Vəkillər Kollegiyasında təmsil olunan insanların dürüstlüyünə də bir taviz verəcəklərini zənn eləmirəm.

- Kinolara baxırsınız, yəqin ki...

- Bəli. Olur.

- Məhkəmə proseslərinə dair filmlərə də.

-Ara-sıra olur.

- Vəkillər qalib gələndə nə düşünürsünüz, Azərbaycanda da elə olsa yaxşı olardı, yoxsa elədir?

- Mən bir vəkil kimi deyə bilərəm ki, kinoda gördüklərimiz sadəcə kinoda olur. Reallıqda-məsələn hətta Amerika kinolarında olan məhkəmə prosesləri belə Amerikanın öz məhkəmələrində olmur-deyə düşünürəm. Kifayət qədər xarici ölkələrdə məhkəmə proseslərində olmuş adamam. Düzdür, Azərbaycan məhkəmələrinin hələ onlara çatmasına çox var. Amma kinoda gördüklərimizi həyatda görməyə çalışmayaq. Kinodakılar kino üçün düşünülmüş səhnələrdir.

- Hər halda ədalət məsələsində nağılla gerçəklik həmişə bir ortaq məxrəcə gəlməyə meyllidir.

- Azərbaycanda ədalətsiz məhkəmə qərarlarının şahidi oluruq. Var belə bir şey. Və bunun da məsuliyyətini bir başa hakimlər daşıyırlar. Amma bu, o demək deyil ki, biz Azərbaycan məhkəmələrinin də, Azərbaycan hakimlərinin də hamısını şübhə altına almalıyıq. Azərbaycanda kifayət qədər savadlı dürüst hakimlər var. Amma bəzən, ara-sıra olur ki, qərəzli olaraq səhv qərarlar çıxartmağa cəhd edirlər, qərar çıxarırlar. Amma dediyim kimi, bu bir siyasi sifarişli, bir də mülkiyyətlə əlaqəli məsələlərdə olur.

-Heç hansısa prosesdə vəkillikdən imtina etmək, yorulmaq, bezmək məqamı olubmu?

- Olub. Proseslər olub ki, həqiqətən də məni boğaza yığıblar, elə bir ədalətsiz qərar çıxarılıb ki, hətta düşünmüşəm, axı bu işənə ehtiyac var. Bəzən həqiqətən də bezib vəkillik fəaliyyətindən imtina etmək həddinə gəlirəm. Amma məncə bu yanlış addım olar. Mübarizəni davam etdirmək lazımdır. Bizə vətəndaşların hüquqlarını müdafiə etmək kimi bir missiya verilib. Ən azından bacardığımız qədər bunu etməliyik.

- Vəkillikdən imtina etməli olsanız nə işlə məşğul olarsınız?

- Mən vəkillik fəaliyyətindən əvvəl dövlət idarələrində hüquqşünas postunda işləmişəm. Əgər vəkillikdən imtina etsəm, məni hüquqşünas vəzifəsinə qəbul edəcək kifayət qədər dövlət müəssisəsi və özəl şirkətin olduğunu düşünürəm.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG