Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41
Sentyabrın 20-də təxirə salınan Bakı-Təbriz hava reysinin nə vaxt açılacağı hələ də bəlli deyil. İranın «Kish Airline» şirkətindən bildirirlər ki, onların uçuşla bağlı heç bir problemi yoxdur və Azərbaycan tərəfindən uçuş üçün təsdiq gözləyirlər.

«TƏYİNAT OLUBSA, SƏNƏDLƏR TƏQDİM EDİLMƏLİDİR»

«Kish Airline»nın nümayəndəsi AzadlıqRadiosuna deyir ki, təxirəsalma halları bütün dünyada baş verir. Odur ki, bilet alanlar narahat olmaya bilərlər. Bilet almış vətəndaşlar onu rahatlıqla qaytara bilərlər.

Azərbaycan Dövlət Mülki Aviasiyasının administrasiyasından bildirdilər ki, İran aviasiyasından onlara rəsmi məktub yazılıb və Bakı-Təbriz reyslərini təşkil etmək üçün «Kish Airline» təyin edilib. Azərbaycan tərəfinin nümayəndəsi deyir ki, təyinat olubsa, şirkət öz sənədlərini təqdim etməlidir. Amma «Kish Airline» hələ ki, sənədlərini təqdim etməyib. Halbuki əks tərəf təsdiq gözlədiyini deyir.

MÜNASİBƏTLƏRDƏ ANLAŞILMAZLIQ...

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, uçuşların məhz İran tərəfindən təklif edilməsi İranın Azərbaycanda təsirini artırmaq istəyindən xəbər verir:

Ərəstun Oruclu
«Güman edirəm ki, hazırda iki tərəf arasındakı münasibətlərdə anlaşılmazlıqlar var. Ona görə də proses uzanır və bir-birlərinin üzərinə atırlar. Münasibətlər müəyyən deyil. Ola bilər ki, burda sadə bir məsələdir – pul bölgüsü alınmır. Azərbaycan dövlət qurumlarından hansısa strateji, planlaşdırılmış məsələləri gözləmək bir az sadəlövhlükdür».

...TƏLƏBATIN AZLIĞI, BİLETİN BAHALIĞI

Siyasi şərhçi Sədrəddin Soltan isə Bakı-Təbriz uçuşunun təxirə salınması səbəblərinin təzadlı olmasını belə izah edir:

«Sənədləşmə məsələsində bürokratik əngəllərin olması onu göstərir ki, iki ölkə arasında doğrudan da anlaşılmazlıqlar var. Yoxsa, sənədlərin gəlməməsi, çatdırılmaması kimi səbəblərin göstərilməsi ağlabatan görünmür. İndiki dünyada sənədləşmə uzun sürmür. İkinci səbəb isə kifayət qədər tələbat olmaması ola bilər. 3-cü səbəb isə biletlərin həddindən artıq baha olmasıdır».

«Kish Airline»nın nümayəndəsinə sual edəndə ki, «bəs uçuşlar bərpa olunacaqmı?», «Bilmirəm, bunu öz dövlət qurumlarınıza sual edin» dedi. Azərbaycan Dövlət Mülki Aviasiyasının administrasiyasından isə məsələyə müsbət yanaşma var. Onlar sənədlərin tezliklə təqdim olunacağına və uçuşların başlayacağına ümidlidirlər.

Şərhləri göstər

XS
SM
MD
LG