Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04
«Biz deyiriksə ki, varlılar var, kasıblar var—demək, iki Bakı var— varlı Bakı, kasıb Bakı. İki Bakı varsa, demək, bir Bakı yoxdur».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bakı kimlərin şəhəridir – varlıların, ya yoxsulların?» mövzusunda açdığı müzakirəyə qoşulan yazıçı-jurnalist Məmməd Süleymanov söylədi.

UÇURUM DA SƏNƏ BAXIR...

Onun fikrincə, Bakı nə varlıların şəhəridir, nə də yoxsulların. «Nitsşenin sözü ilə desək, uçuruma baxırsansa, unutma ki, uçurum da sənə baxır. Yəni varlılar və yoxsullar Bakıya necə baxırlarsa, Bakı da onlara elə baxır. Onlarınsa Bakıya necə baxdığı aydındır...».

BAKI, SÖYLƏ, SƏN KİMİNSƏN?

«İki Bakı varsa, demək, bir Bakı yoxdur, canlı orqanizm yoxdur» qənaətinə gələn Məmməd bəy: -- «o yandan baxanda, Bakı ayrı-ayrı adamların şəhəridir. O adamların ki, onlar hələ də inanırlar ki, Bakını düzəltmək olacaq, yenisini qurmaq olmasa da, dünənini saxlamaq mümkün olacaq. O cəhətdən Bakı Mir Teymurun şəhəridir, şəxsən tanımadığım, ancaq bloqunu oxuduğum Sapunovun şəhəridir. «Bizim Bakı» adlı saytı yaradan fanatların şəhəridir. Emil Ağayevin şəhəridir. Yaxud çoxdan Bakını tərk edən, amma onun istisini saxlayan, onu sevən köhnə bakılıların şəhəridir»—deyə vurğuladı.

BAKIDA QONAĞAM...

Köhnə Bakı artıq yoxdur
Qonağımız 23 il Bakıda yaşasa da, özünü bakılı saymır: «Mən burada qonağam. Birincisi, mən özümü indiki Bakıdan saya bilmərəm. İkincisi, köhnə Bakı artıq yoxdur. Üçüncüsü isə, köhnə Bakıdan da deyiləm. Mən Zaqatalada—balaca Paris deyilən yerdə doğulmuşam, oranı da öz vətənim saymıram. Baba yurdum var—Qaxın dağ kəndidir, boş evi var, uşaqlığımdakı kimi qalıb. İki ay yayı orada qalıram və o yurdu özümə vətən sayıram».

BAKI—AQRESSİV ŞƏHƏR?!

İlk dəfə Bakıya 1978-ci ildə--7 yaşında gəldiyini deyən M. Süleymanov maraqlı bir müşahidəsini də bizimlə bölüşdü:

«Bakı-Zaqatala avtobusuna mindim, gördüm hamı sevinir. İki gün sonra geri qayıdanda baxdım ki, hamı kədərlidir. Amma indi Qaxdan Bakıya gələndə, görürəm hamı kədərlidir. Bakıdan Qaxa hamının sevindiyini görürəm. Yəni insanlar əvvəlcədən bilirlər ki, aqressiv bir yerə gəlirlər. Daha rahat yerdən narahat yerə, daha təhlükəli yerdən təhlükəsiz yerə gedirlər... Bakıda indi insanların üzündən gülüş itib. Bu şəhərdə nə tələbələr gülür, nə də uşaqlar».

KİMƏ VARLI ADAM DEMƏK OLAR?

Məmməd Süleymanov üçün varlı adam tamam başqa adamdır: «Sosial xarakterə görə, çoxlu kapitalı olan varlı adam sayılır. Mənim üçün isə varlı adam tamam başqa adamdır. Qaranlıq dövrlərdə böyük kapitallar ancaq əclaflıqla qazanılır. Onda təsəvvür etmək çətin deyil ki, bizdə sosial xarakterdə kimlər dominantdır».

BAKIDA KİMLƏRİ YOXSUL SAYMAQ OLAR?

«İki Bakı varsa, demək, bir Bakı yoxdur, canlı orqanizm yoxdur»
Məmməd Süleymanovun fikrincə, yoxsul adamın tərifi belədir: «Təhlükəsizliyi olmayan, pis iqtisadi durumlu, övladlarını böyütməyə qarantiyası olmayan, xəstələnəndə ölmə ehtimalı daha çox olan adam! Yəni, böyük əksəriyyət!».

--Bakının varlı təbəqəsi Bakıya nə verir?

--Varlı təbəqə olmasaydı, Bakı nələr itirərdi?

--Yoxsul təbəqə Bakıya nə verir və bu təbəqəsiz şəhər nə itirərdi?

--Nə varlı, nə yoxsul – orta təbəqəyə mənsub sakinlərimiz nə qədər olar?

-- Qeyri təbii urbanizasiya Bakıya nə verdi?

--Məmməd Süleymanov şəhəri ağ və qara hissələrə bölənlərdən nə dedi?

--Zorən şəhərləşmə nə deməkdir?

--Qonağımız gələn mesajları necə cavabladı?

-Və nəhayət, Bakıya niyə «Can!» demədi?


Maraqlı söhbəti elə bu səhifədən dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG