Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14
Əsəd Qaraqaplan

SABIR, YOXSA RAFIQ TAĞI?..

Tanınmış yazarımız Rafiq Tağının Mirzə Ələkbər Sabir haqqında sərt açıqlamaları böyük səs-küyə, müzakirələrə səbəb oldu.

Rafiq bəy Sabirin böyük şair olduğunu danmasa da, onu milləti təhqir etməkdə günahlandırdı.

Bir çoxları Rafiq bəyə cavab verib onun yanlış yolda olduğunu, Sabiri təhqir etdiyini söylədilər.

Hətta “Oxu zalı”nın facebook səhifəsində də bu mövzuyla bağlı müzakirə keçirildi.

Bütün bunları izləyəndən, analiz edəndən sonra mən də bu haqda öz fikirlərimi yazmağı düşündüm.

Həm də belə müzakirələrdə ani verilən cavablar, qərarlar çox vaxt bəsit, savadsız, diletant olur.


Sabir nə qədər böyük olur-olsun, Rafiq Tağı nə qədər ondan “aşağıda” dayanır-dayansın, bütün hallarda Rafiq Tağı haqlıdı. Çünki bir gün özündən sonrakı nəsillər də Rafiq bəyə bu cür qarşı çıxacaqlar. Zatən Rafiq bəyin bundan nəinki qorxmadığını, hətta bunu olmalı bir şey kimi gözlədiyini də düşünürəm.
Keçək əsas məsələyə.

Bu cavablardan, müzakirələrdən sonra məni düşündürən ilk məsələ bu oldu – ilahi, bu ölkədə nə qədər sabirşünas var imiş... – Alxan Bayramoğlunun gözündən uzaq, görsə, deyəcək, mənim sahəmə giriblər – nə qədər Sabir təəssübkeşi var imiş...

Hərə bildi, ya bilmədi kompyuterin klaviaturasını qoyur qabağına – Allah haqqı, mən bu yazını qələmlə yazıram – döşəyir hey.

Ola bilsin, mən bu məsələdə Rafiq bəylə tam razılaşmayım – zatən belə də olmalıdı – ama ona verilən cavablarla heç razı olmadığımı da qətiyyətlə deməliyəm.

Birinci, heç kəsi, hətta dahiləri də, peyğəmbərləri də bütləşdirmək olmaz. Zatən onlar büt olmaqçün yox, canlı olmaqçün vardılar və belə də olmalıdılar.

Üstəlik bu adamların da sağlığında bütləri dağıtmağa yönəlik hərəkət etdiyini düşünsək, məsələ daha da aydın olar.

İkinci, hər hansi dəyərə, ya da şəxsiyyətə qarşı çıxmaq əslində onu, Rafiq bəyin diliylə desək, həmişə canlı saxlamaq, onun da hardasa əvəzolunan olduğunu göstərməkdi.

Üçüncü, hər hansı dəyərə, ya da şəxsiyyətə qarşı çıxmaq həm də yeni düşüncənin ortaya qoyulması, çıxmasıdı.

Məsələn, Axundov qətiyyətlə Füzuliyə qarşı çıxırdı. Niyə qarşı çıxdığı da hamıya məlumdu. Onda gərək biz Axundovu birdəfəlik silək ictimai-mədəni tariximizdən.

Burda Axundovla Rafiq Tağını müqayisə etmək fikrində də deyiləm. Amma hər dövrün özünün axundovları olduğunu da unutmayaq.

Bu mənada Rafiq bəy də bizim dəyərli yazarımız, gözəl insanımız, maraqlı fikir adamımızdı.

Dördüncü, hər hansı dəyərə, ya da şəxsiyyətə qarşı çıxarkən yeni düşüncə sisteminin ortaya çıxmasından ötəri yeri gəlsə, ona kəskin, birmənalı qarşı çıxmaq gərəkdi. Yoxsa əks təqdirdə hər şey elə köhnəlikdə, gerilikdə qalacaq.

Məsələn, xristianlıq aşırı dərəcədə həddini aşıb, inanc sistemi olmaqdan çıxıb insanları cəhalətə sürükləyəndə Qərb maarifçiləri ona qarşı çıxmağa, onu hətta silməyə başladılar.

Zatən onlar bilirdilər nə qədər qarşı çıxsalar da, silsələr də, xristianlıq öz əsl
Rafiq Tağı

mahiyyətini saxlayacaq, üstəlik yeni düşüncə tərziylə insanlara daha yaxşı şeylər aşılayacaq. Onların istədiyi də, zatən, bu deyildimi?..

Ya da yuxarıda misal çəkdiyim Axundov məsələsini götürək. Guya Axundov Füzulinin böyüklüyünü bilmirdimi?.. Əksinə hər kəsdən daha yaxşı bilirdi. Həm də bilirdi ki, bir Füzuli varsa, başqa füzulilərə ehtiyac yoxdu.

İndi də bu Sabir-Rafiq Tağı məsələsi. Burda həm də Rafiq bəyin Sabir haqqında fikirlərindən çox, onun özünü çəkəməzlik dayanır. Yəni Rafiq bəyə qarşı antipatiya duyanlar ağız güdürlər, görsünlər o, nə deyəcək, düşək üstünə. Belə cındır məntiqlə yaşayanlar var bu ölkədə.

Üstəlik ömrü boyu Sabiri oxumayan, ya da oxuyub da bir şey anlamaynlar durub sabirşünaslıq edirlər. Əli Əkbər, Qan Turalı, Aqşin və başqaları öz yazılarında elə mövqe sərgiləyirlər, elə bil indicə o dünyadan – Sabirin yanından gəliblər. Guya kimlərinsə onların Sabir haqqında, ümumiyyətlə, ədəbiyyat haqqındakı düşüncəsindən xəbəri yoxdu...

Onların əsas arqumenti ondan ibarətdi ki, Sabir bütdü, Sabir toxunulmazdı, Sabir, nə bilim, ümummilli sərvətimizdi-nədi. Əslindəsə Sabir nə bütdü, nə toxunulmazdı, nə də ümummilli sərvətimizdi. Sabir elə Sabirdi!

Ən gülməlisi o oldu ki, verilən cavablar və müzakirələrdə Sabiri hətta Füzulinin davamçısı kimi, Əliağa Vahidi də Sabirin davamçısı kimi qeyd elədilər. Bunu düşünməkçün adam həddindən artıq savadsız, diletant, dünyadan xəbərsiz olmalıdı.
Birinci, Sabir heç bir halda Füzulinin davamçısı ola bilməz. Burda düşüncə, inanc, savad fərqi yerlə göy qədər fərqlidi. Sabir satirik idisə, Füzuli böyük irfan, təsəvvüf şairidi.

İkinci, Füzulinin davamçısı Sabir yox, Hüzeyn Caviddi. Cavid əfəndi bütün hallarda Füzuli yolunun davamçısıdı, Sabir yox. İstər düşüncə, istər inanc, istərsə də savad baxımından.

Üçüncü, Əliağa Vahidin ciddi ədəbiyyata dəxli olmaya-olmaya Füzulinin, ya da Sabirin davamçısı kimi götürülməsi kökündən yanlışdı. Bir az ayıq düşüncəli adam

bunun fərqinə yaxşı vara bilir.

Bütün bu deyilənlərdən sonra Rafiq bəyin nə qədər haqlı olduğunu söyləməyə, məncə, ehtiyac yoxdu.

Düzdü, ola bilsin, Rafiq bəy bütün bunları öz yazısında kifayət qədər əsaslandıra bilməyib, amma ən azından o, maraqlı bir fikir toqquşmasına, ziddiyyətlərin olduğu yerdə həqiqətin üzə çıxmasına və ədəbi-ictimai mühitdə canlanmaya səbəb oldu.

İndi bundan ötrü haqlı ola-ola Rafiq bəyi qınamağın nə qədər uğursuz bir şey olduğunu anlamaq çətin deyil.

Sabir nə qədər böyük olur-olsun, Rafiq Tağı nə qədər ondan “aşağıda” dayanır-dayansın, bütün hallarda Rafiq Tağı haqlıdı. Çünki bir gün özündən sonrakı nəsillər də Rafiq bəyə bu cür qarşı çıxacaqlar.

Zatən Rafiq bəyin bundan nəinki qorxmadığını, hətta bunu olmalı bir şey kimi gözlədiyini də düşünürəm.

Məncə, Sabir də belə olub...

Merkez.az

Həmçinin oxu
Qan Turalı. Rafiq Tağının Sabirə münasibəti diletant, vəziyyəti gülüncdür

Günün bütün mövzuları

XS
SM
MD
LG