Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Sel cənub rayonlarını altına aldı...


Əkin sahələri su altındadır
Leysan yağışları Astaranın Ərçivan, Rino, Lənkəranın isə Təngivan, Veravul kəndlərində dağıntılar törədib. Evlər su altında qalıb. Aramsız yağan yağışda yolumuz həmin kəndlərədir. Bakı-Astara yolunun sağ və solunda qazılan kanallardan su daşır. Əkin sahələrini də su basıb. Çaylar kükrəyir. Ərçivan kəndində, yolun kənarında duran bir neçə sakinə yaxınlaşırıq. Onlara jurnalist olduğumuzu deyirik. Kənd Sakini Habil Həmidov suyun altında qalan evini göstərib deyir:

«KÖRPƏ UŞAĞIM EVDƏ QALIB, ONU ÇÖLƏ ÇIXARDA BİLMİRƏM»

«Mən boğuluram. Mənim körpə uşağım evdə qalıb, onu çölə çıxarda bilmirəm. Toyuqdur, cücələrdir hamısı boğulub qalıb suyun içində. Sement qalıb orda. Ev tikməliyəm, əmlakım batıb. Nə icra hakimiyyəti var, nə bələdiyyə. Bunu görən yoxdur. Meyvə ağacları var, sement var. Mal-qaranı çıxartmışam çölə. Bununla ikinci dəfədir su məni tutur. Bələdiyyə məhəl qoymur. Kanallar təmizlənmir. Bələdiyyənin mənimlə nə düşmənçiliyi var ki, kanalı qazmır?».

Sonradan eşitdik ki, xoşbəxtlikdən Habil Həmidovun ailəsində ölüm-itim olmayıb.

480 EV İŞIQSIZ QALIB

Yolumuz Lənkəran rayonun Tüləkivan kəndinədir. Tüləkivan kəndi dağ ətəyində, çökək yerdə, çayın kənarında, Lerik-Lənkəran yolunun üstündə yerləşir. Ora çatana qədər bir neçə kəndin ərazisindən keçdik. Hər yerdə selin fəsadlarını gördük. Tüləkivan kəndində bizə dedilər ki, təhlükə aradan qalxıb. Su çəkilib. Həyətlərdən su boşalıb. Sel Lerik-Lənkəran yolunu dağıtdığından yarım gün bağlı qalıb. Bizə bildirdilər ki, çay kənarında yerləşən evlərin sahibləri evə qayıtmağa ehtiyat edirlər. Çayda suyun səviyyəsinin enməsini gözləyirlər. Dağ ərazisində yerləşən Güləhinə kəndinin yolu dağılıb, elektrik xətinə böyük ziyan dəyib. Bu kənddə yerləşən 480-dən çox ev işıqsız qalıb. Kəndə getmək mümkün olmadı. Bu ərazidə olan 10-dan çox irili-xırdalı körpünü su aparıb.

Dağdan geri qayıdırıq, Lənkəran rayonun Veravul kəndinə tələsirik. Bu kənd düzən yerdə yerləşdiyində ərazini su tez basır. Kəndin girəcəyində selin dağıtdığı hasar diqqətimizi cəlb etdi.

Kənd sakini, sahibkar Zakir Həsənov deyir ki, sel gecə saatlarında gəlib:

«SU SOĞANI, KARTOFU APARDI»

Selin dağıtdığı ev
«Saat 10 olardı, kanal daşdı, asfaltın üstündən keçdi. Hasarı dağıtdı, unumuz qaldı suyun altında. Yağıntı olmayıb. Çay daşdı, bu hadisə baş verdi».

Evin sahibəsi deyir:

«Evin altına su girdi. Birdən gördük. Onda gördük ki, su soğanı, kartofu, mərcini aparır. Müsəlmanıq, ruzi yığmışıq özümüzə. Heç cürə imkan olmadı. İstədik ki, körpələri götürək, imkan edib körpələri küçəyə çıxarda bilmədik. Kiçik gəlinimin atası köməyə gəldi, su onu yıxdı, qıçı sındı. İndi evdə yatır».

Evin xanımı deyir ki, uşaqları sel zamanı eşiyə çıxara bilməsələr də, uşaqlar ikinci mərtəbədə olduqlarından xoşbəxtlikdən sel onları aparmayıb.

Sel Veravul kəndin içi ilə hərəkət edib. Qarşısına çıxan gücü çatdığı nə varsa yıxıb, dağıdıb. Ağaclara, dəmir çəpərli hasarlara ilişib qalan ev əşyaları, kənd təsərrüfatı məhsulları gözə dəyir.

Mirzərza Mənsurov deyir ki, selin kəndin üstünə gəlməsinin əsas səbəbi su kanallarının vaxtında təmizlənməməsidir.

«KANALLAR TƏMİZLƏNMİR»

«Kanallar qazılmalıdır. Kanalları təmizləyən yoxdur, illərlə qalıb. Kol-kos basıb, su çəkmir. Sovet İttifaqı dövründə kanallar təmizlənərdi, vaxtlı vaxtında, indi baxan yoxdur».

Kəndin ortasından axan çayın səviyyəsi qalxıb. Həyətlərə axır. Kənd sakini Allahverdi Hüseynov deyir ki, həyətdə 60-70 santimetr su var idi. Çökək yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub:

«3-4 dəqiqəyə su 70-80 santimetr qalxdı. Həyət su içində idi. İndi bir qədər çəkilib. Dağda yağış çox yağıb. Əvvəllər olub, lakin belə
Allahverdi Hüseynov
olmayıb».

Kəndin digər sakini Rafiq Babayev deyir:

«TAXILIMIZ QALDI SU ALTINDA»

«Ziyandır da, görürsünüz. Ot tayalarıdır, tövlələrdir. Ev çiy kərpicdəndir, uçulmaq təhlükəsi yaranıb, partlayıb hamısı. Ora da ziyan vurub. Hamısı ziyandır da. Özümüz qalmışıq belə. Oturmuşduq, gözlənilmədən dedilər çay daşır. Çıxdıq gördük asfaltı su basıb. Sürətlə su başladı qalxmağa. Haradasa 1 metrə, 1 metr 20 santimetrə qalxandan sonra məcbur olub ev-eşiyimizi tərk elədik. Getdik çıxdıq yola. Yolda xeyli qalandan sonra, gəldik mal-qaramızı çıxartdıq, toyuğumuzu-cücəmizi sel apardı. Nə qədər taxılımız var idi, qaldı su altında».

Rafiq Babayevin qonşusu isə heç vaxt belə fəlakət görmədiyini deyir:

«Su aparırdı adamı. Güc bəla ilə evimizi tərk edib getmişik. Ağacları sındırıb, dağıdıb. Bu gecə belə hadisə olub, heç kim indiyə kimi soruşmayıb. Hələ ki, heç kim maraqlanmayıb. Gəlib soruşan olmayıb ki, bala nə olub? Sel nəyə ziyan vurub? Kanallara baxan yoxdur. Təbii ki, onların da təsiri çoxdur».

«UŞAQLARI ÇIXARTDIQ»

Şəhid atası Ramiz Məhərrəmov həyətdə qəza vəziyyətindəki binanı göstərərək, onun oğluna məxsus olduğunu bildirir. Deyir ki, sel gələndə, uşaqlarını, mal-qaranı həyətdən çətinliklə çıxardıb:

Şəhid atası Ramiz Məhərrəmov
«Qalan bütün şeylər qaldı burda, məhv oldu. İndi uşaqları öz evimdə birtəhər yerləşdirmək istəyirəm. Mənim evimdə 3 ailə var. Malların da yerləri yoxdur. Mənim özümün də həyətdə nəyim var idi, su aparıb. Taxtaları aparıb, sementi məhv edib».

Həyətdə mişar daşından yeni bir evin bünövrəsi hörülüb. Onun yanına yığılan sement su içindədir. Ev sahibinin dediyinə görə, taxta materiallarını su aparıb. O evin divarında yeri qalmış suyun hündürlüyünü göstərir. Kənd sakinlərinin gözlərində hələ də qorxu vardı, sel qorxusu...

«SU ÇƏKİLİB GEDƏCƏK»

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynov əraziyə normadan çox yağıntının düşdüyünü deyir. O qeyd edir ki, leysan yağışı kəsiləndən sonra su çəkilib gedəcək.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev isə dağ ərazisində olduğunu və orada selin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər görüldüyünü bildirdi. Bu səbəbdən də suallarımıza cavab vermədi.
XS
SM
MD
LG