Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:00

Yanmış bazarın qovğası bitmir


Yanan bazardan görüntü
Yanan bazardan görüntü
HADİSƏDƏN 1 İL ÖTSƏ DƏ...

8-ci kilometr bazarının bir hissəsinin yanmasından 1 ilə yaxın vaxt ötsə də hadisənin qovğası hələ də bitməyib. Yanğın nəticəsində əmlakları külə dönmüş ticarətçilərin bir qismi onlara dəymiş maddi zərərin bazar rəhbərliyi tərəfindən ödənilməsi üçün hələ də məhkəmə qapılarındadırlar. Hadisədən sonra gah Prezident Administrasiyasının, gah da Nizami rayon İcra hakimiyyətinin qarşısına yığışanların sıraları vaxt ötdükcə seyrəlsə də, 15 ticarətçinin geri çəkilmək fikri yoxdur. Onlar əvvəlcə Nizami rayon Məhkəməsində iddia qaldırıblar ki, bazar rəhbərliyi və Əmlak Məsələləri Dövlət Komitəsi müştərək qaydada onlara yanmış əmlaklarının dəyərini və hər birinə mənəvi zərər olaraq 10 min manat ödəsinlər. Ticarətçilər iddialarını belə əsaslandırıblar ki, bazar rəhbərliyi onlardan mallarının mühafizəsinə görə hər ay pul yığsa da, işinə məsuliyyətsiz yanaşıb, əmlakları mühafizə olunmayıb.

MƏHKƏMƏ QAPILARINDA

Nizami rayon Məhkəməsinin bu ilin may ayında çıxardığı qətnamədə qeyd olunub ki, «Ticarət Mərkəzi-4 MMC»-yə məxsus bazarda baş vermiş yanğınla əlaqədar istintaq başa çatmayıb. İddiaçılara dəymiş maddi və mənəvi ziyana görə məsuliyyət daşımalı olan şəxslər müəyyən edilməyib. Zərərçəkmişlər bazar rəhbərliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin dəymiş zərərin əvəzinin ödənilməsinə dair hər hansı öhdəliklər daşıması barədə məhkəməyə sənəd-sübutlar təqdim edə bilməyiblər. Buna görə də iddia rədd edilib.

DƏYMİŞ ZƏRƏRİ HEÇ KƏS ÖDƏMƏK İSTƏMİR

Zərərçəkənlər isə qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət ediblər. Sentyabrın 20-də bu iş üzə keçirilən məhkəmə iclasında əvvəlcə zərərçəkmişlərin vəkili Anar Qasımlı vəsatət qaldırıb ki, yanğınla bağlı Daxili İşlər Nazirliyində aparılan istintaq bitənə qədər məhkəmə qərar qəbul etməsin. Ancaq hakim bunun qanunazidd olduğunu əsas gətirərək vəsatəti təmin etməyib.

Yanğın hadisəsi ilə əlaqədar aparılan istintaq zamanı hadisəsinin qəsdən törədildiyi müəyyən edilib. Faktla əlaqədar Daxili İşlər Nazirliyində bir müddət istintaq aparılsa da, yanğını törədənin kimliyi müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılıb.

Sonra söz bazarın nümayəndəsi Mehman Şahbazova verildi. Nümayəndə dedi ki, ticarətçilər bazarda şifahi razılaşma əsasında çalışıblar. Bazar rəhbərliyi onlarla müqavilə bağlamayıb. Hakim ondan nəyə görə müqavilə bağlanmadığını soruşdu. Nümayəndə bildirdi ki, həmin ticarətçilər bazarda müvəqqəti işlədiklərinə görə, müqavilə bağlanmayıb.

Anar Qasımlı
Vəkil Anar Qasımlı:

- Burda elə adamlar var ki, 2003-cü ildən bazarda işləyir, siz onları müvəqqəti hesab edirsiniz?

Mehman Şahbazov:

- Ola bilməz.

Vəkil:

- Necə ola bilməz, mən sizə sənəd göstərirəm. Bazarda nə qədər alverçi çalışırdı?

- 700-800.

Zərərçəkmişlərin digər nümayəndəsi:

- Siz o 700-800 adamdan bircəsinin müqaviləsini məhkəməyə təqdim edə bilərsiniz?

- Siz ancaq 15 nəfərlə bağlı sual verə bilərsiniz. Mən də dedim ki, onlarla şifahi razılaşma olub. Qalanları barədə sizə məlumat vermək borcum deyil.

«PULLARI CİBLƏRİNƏ QOYURDULAR, VERGİ DƏ ÖDƏMİRDİLƏR»

Zərərçəkmiş Ədalət Təhməzov:

- Nə 700-800? Bazarda 2000-ə yaxın alverçi vardı. Şəxsən mən dəfələrlə müqavilə bağlanmasını xahiş eləmişəm. Hətta buna görə şərikim VÖİN də almışdı. Ancaq nə VÖİN-ə baxdılar, nə də xahişlərimizə. Dedilər budur, ya bu şəkildə alverini elə, ya da çıx get. Ancaq hər ay məndən 1 kvadratmetr üçün 60 manat və mühafizə üçün 15 manat alırdılar. Aldıqları pulları ciblərinə qoyurdular, vergi də ödəmirdilər. Axırda mallarım yandı, 25 min manat zərərə düşdüm, yaxın da durmadılar. Dedilər bizimlə müqavilə bağlamamısan, qarşında öhdəliyimiz yoxdur.

Yanmış bazardan görüntü
Zərərçəkmiş Zamin Babayev də bazarda müqaviləsiz pal-paltar alveri ilə məşğul olduğunu və yanğın nəticəsində ona da 25 min manat məbləğində zərər dəydiyini deyib. Onun deməsinə görə, əgər mühafizəçilər ayıq-sayıq olsaydılar, zərərə düşməzdi.

Digər zərərçəkmişlər də bildirdilər ki, bazar rəhbərliyi onlarla müqavilə bağlamasa da, hər ay onlardan yanğın, mühafizə və sair xidmətlərə görə pul alınıb.

Hakim Xəqani Məmmədovun sədrliyi ilə keçirilən təqribən 30 dəqiqəlik məhkəmə prosesi şikayətlərin təmin olunmaması barədə qərarın çıxarılması ilə başa çatdı. Hakim Xəqani Məmmədov da qərarını eyni qaydada əsaslandırdı. O, ticarətçilərə şikayətlərini tam şəkildə əsaslandıra, sübutlar təqdim edə bilmədiklərini dedi:

«Yanğın faktı üzrə cinayət işinin icraatı dayandırılıb. Biz cinayət işinin başlanması ilə məşğul olacağıq. Bakı Apellyasiya Məhkəməsinin qərarından da kassasiya şikayəti verəcəyik».

Bunu AzadlıqRadiosuna zərərçəkmişlərin vəkili Anar Qasımlı deyib.

EKSPERT DEYİR Kİ...

Hüquqşünas Namizəd Səfərovunsa fikrincə, bazar rəhbərliyinin sahibkarlarla müqavilə bağlamadığı məhkəmədə də təsdiq olunubsa, indi sahibkarlar bazar rəhbərliyinə qarşı cinayət işi başlanmasına da nail ola bilərlər.

Namizəd Səfərov:

«Vergilərlə bazar sahibi, bazar sahibi ilə satıcılar arasında olan münasibətlərin demək olar ki, 5 faizi rəsmiləşdirilir, 95 faizi isə gizli yolla həyata keçirilir. Bir nəfərin ərizəsi sübut növü kimi qəbul olunmaya bilər, ancaq bazarda alverlə məşğul olan 10 nəfər ərizə yazıb versələr ki, bu, artıq böyük bir sübutdur, bu ərizə əsasında cinayət işi qaldırılmalıdır».

2010-cu il oktyabrın 25-də axşam saatlarında 8-ci kilometr bazarında yanğın baş verib. Nəticədə yüzdən çox ticarətçinin əmlakı yanıb. Bazar rəhbərliyi həmin ticarətçilərlə müqavilə olmadığını əsas gətirərək onlara kompensasiya ödəməkdən imtina edib. Eyni bazar həmin ilin aprel ayında da yanmışdı.
XS
SM
MD
LG