Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26
«MÜSAVATDIR DEYƏ...»

Bakının Balaxanı qəsəbəsində «Müsavat» küçəsində yaşayanlar gileylənirlər ki, küçələrinin adı qarşısında elə bil pişik asqırıb. Yəni Müsavat adına görə onlara biganə münasibət var.

Fəxrəddin Kərimbəyli:

- Ay ərzində 1 dəfə 8 saat su buraxılır. Onu da Azərsu bələdiyyənin öhdəsinə verib. Küçə çox olduğu üçün 1 xətti bələdiyyə paylaşdırır. Elə küçə var 4 gün buraxılır, bizim küçəyə gələndə, Müsavatdır deyə, ümumiyyətlə, su buraxmırlar.

«ELÇİBƏY HAKİMİYYƏTƏ GƏLƏNDƏ...»

Balaxanıdakı bu küçəyə ad 90-cı illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə verilib. Fəxrəddin Kərimbəyli deyir ki, bu, məhəllədə müsavatçılar çox idi:

«Elçibəy hakimiyyətə gələndə qoyulub bu ad. Atam Elçibəyin tələbəsi olub, onun təşəbbüsü ilə bu küçəyə ad qoyulmuşdu. Bu küçədə çox Müsavatçı vardı. Mənim atamın babası da müsavatçı olub. Sovet hakimiyyəti qurulanda güllələnmişdi. Atam da elə o ideologiya ilə azadlıq hərəkatına qoşulmuşdu».

Su və kanalizasiya problemi «Müsavat» küçəsinin sakinlərinin ən çox danışdığı mövzudur.

Səadət Əliyeva deyir ki, kanalizasiya üçün qazdıqları quyu artıq dolub daşmaqdadır:

«Balaxanının nefti ilə yaşayırlar, ancaq Balaxanıya baxan yoxdur. Kanalizasiya nədir axı? Yoxdur. Yuyuruq paltarı, qabı-qaşığı, atırıq bayıra».

QAZ – QAZ - QAZ

Müsavat küçəsi
Yanacağın qucağında yaşayan balaxanılılar «qaz» deyib dad çəkirlər. Səbəb köhnə borclardır. Sakinlərdən Akif Əzimov təəccüblənir ki, əgər prezident sərəncam imzalayıb köhnə borcları silibsə, 1600 manat borcu necə meydana çıxıb:

- Bax, budur çəkiblər, hər şey hazırdır. Bax, hamısı bağlıdır. Hamısının borcu var. Prezident silmişdi axı onların borcunu.

Digər qonşu söhbətə qoşulur:

- Biz gedək o ölüləri necə dirildək ki... Dədə-babadan qalan borclardır. Biz gedək o ölüləri necə dirildək ki, ay ölülər gəlin borcu qaytarın?

- Nə qədər mən taxta qoyum sobaya? Odun da bu gün var, səhər yoxdur. Köhnə başmaqdan-zaddan nə tapırıq, atırıq sobaya. Tək mən yox ee, hamı belədir.

- Biz özümüz neft içində yaşayırıq, qaz içində yaşayırıq. Ancaq nə qaz var, nə bir şey...

Kəndin sakinləri cavanların iş tapa bilməməyindən də ürək dolusu danışırlar. Elə hər kəs deyirdi ki, cavanlar təqaüd alan valideynlərinin hesabına yaşayırlar.

Akif Əzimov:

Müsavat küçəsindən görüntü
- Cavanlar hamısı avaradırlar. Əvvəl Balaxanı zibilxanasında işləyib çörək pulu qazanırdılar. İndi bağlıdır, işə götürmürlər uşaqları, 5-6 zavod var, şəxsidir, kənd uşaqlarını götürmürlər.

«CAVANLARIMIZ İŞLƏMİR, İŞ YOXDU CAVANLAR ÜÇÜN»

-Axı prezident də deyir ki, 900 min iş yeri açılıb...

- Hanı açılıb, hanı açılıb? Düzdü, açılıb, Mərdəkandı, Buzovnadı, o tərəflərdə açılıb. Ancaq neft burdan gedir, buranın camaatına baxan yoxdur...

İCRA NÜMAYƏNDƏSİ HAMIYA BİR GÖZLƏ BAXIR?

Müsavat küçəsi sakinlərinin bu giley-güzarından Balaxanı icra nümayəndəliyinin də xəbəri var. İcra nümayəndəsi Fərhad Qəribov deyir ki, hansısa küçəyə yuxarıdan aşağı baxmaq söhbəti yoxdur:

- Bütün küçələrdə qrafiklə 10 gündən, 12 gündən, 1 həftədən bir su gəlir. Çünki qəsəbə böyükdür, suyu çatdırmaq olmur. Kanalizasiya məsələsi isə dövlət proqramındadır, inşallah 2013-cü ildə hazır olacaq. Dövlət onun üçün vəsait də buraxıb, indi ilkin işlər gedir.

Müsavat küçəsi
O ki qaldı sakinlərin qazsız qalmağına, Fərhad Qəribov deyir ki, bu, vətəndaşların öz günahıdır:

- Köhnə borc ola bilməz axı. Hörmətli prezident qaz borclarını bağışladı. 2 ayın, 3 ayın pulunu vermirlər, qazı istədikləri kimi işlədirlər, yığılır borc, vermirlər, sonra da belə olur.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair sonuncu dəfə Dövlət Proqramı bu ilin may ayında təsdiqlənib. Bu proqramda Bakı şəhərinin və onun qəsəbələrinin elektrik enerjisi, qaz, su, kanalizasiya, vəziyyətin yaxşılaşdırılmasından bəhs edilir. Bundan başqa proqramda yolların və digər infrastruktur obyektlərinin inşası, sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması vəd edilir.

Şərhləri göstər

XS
SM
MD
LG