Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52
Feyziyyə Hacıyeva


“Soruşan gərək: Niyə insanlar tərsliklərindən əl çəkməyərək romançıların siyasi müzakirələrə xüsusi bir töhfə verəcəyinə inanmaqda davam edirlər?”

Bunu Almaniyanın nüfuzlu dərgilərindən olan “Spiegel”də dərc edilən şərhində tanınmış jurnalist Jan Fleischhauer soruşur.

O, Nobel mükafatlı yazıçı Günter Grass-ın siyasi mövzuda son fikirlərini şərh edərkən bu sualı verir.

G.Grass avqustun 26-da İsrailin “Haaretz” qəzetinə verdiyi müsahibədə iki fərqli fenomen - nasistlərin Avropa yəhudilərinə qarşı soyqırımı, 6 milyon yəhudinin qətlə yetirilməsi ilə alman əsgərlərin sovet düşərgələrində ölümü haqda eyni kontekstdə danışır.

Sovet düşərgələrində 1 milyon alman əsgəri öldüyü halda Grass 6 milyon rəqəmini səsləndirir.

Qeyd edək ki, Grass Holokostu inkar etməsə də, onun apardığı müqayisə həm də yəhudilərə qarşı soyqırımın baş vermədiyini, onların başqa müharibə qurbanlarından seçilmədiyi iddia edənlərin əsas arqumentlərindəndir.

Jurnalist öz şərhində qeyd edir ki, əgər siyasətçi belə bir müqayisə aparsaydı, yəqin ki, siyasi karyerası bitmiş olardı. Amma bu yanlış “Holokost hesablaması”na görə Nobel mükafatlı yazıçıya gözün üstə qaşın var deyən yoxdur.

Grass müsahibəni özünün “Soğan soymaq” adlı avtobioqrafik əsərinin İsraildə çapı ərəfəsində verib.

Bu həmin kitabdır ki, 5 il əvvəl Almaniyada çap ediləndə qalmaqala səbəb olmuşdu.

Grass kitabda SS-in hərbi birləşmələrində (Hitlerin nasist partiyasına birbaşa tabe olan və 2-ci Dünya Savaşında xüsusi qəddarlığı ilə seçilmiş hərbi birləşmələr) xidmət etdiyini açıqlamışdı.

Məqalədə deyilir ki, necə olubsa məşhur yazıçılara həm də görkəmli siyasətşünaslartək yanaşılması kimi yanlış ənənə yaranıb.

Yazıçılar iqlim dəyişmələrindən tutmuş siyasi proseslər, Yaxın Şərq münaqişəsi, qloballaşmanın qaranlıq tərəflərinə qədər müxtəlif məsələlər haqda fikir yürüdürlər.

“Halbuki heç kimin ağlına gəlməz ki, ağırlıqqaldırandan Yunanıstandakı iqtisadi böhran haqda soruşsun. Və bunu yalnız ona görə etsin ki, həmin atlet nə vaxtsa

Yunanıstanda ştanq qaldırıb”.

Məqalə müəllifi deyir ki, belə bir sualın cavabı sadəlövh, ən yaxşı halda isə məzəli olardı.

Jan Fleischhauer təəssüflə qeyd edir ki, Günter Grass illər uzunu siyasi proseslərə qiymət verərkən absurd fikirlər söylədiyi halda jurnalistlər yenə də həvəslə ona kansler Angela Merkelin Avropa Birliyi ilə bağlı siyasəti, eləcə də digər məsələlər haqda düşüncələrini bölüşməyə şərait yaradırlar.

Məqalə müəllifi yazıçının hələ Qərbi Almaniyada Sosial Demokrat Partiyasının tərəfdarı olduğu vaxtlarda səsləndirdiyi “absurd” fikirlərdən də sitat gətirir.

Vaxtilə Berlin divarı çəkiləndə Grass bəyan edibmiş ki, Avropanın bütün qaraçılarını Berlinə toplamaq lazımdır. Çünki qaraçılar hər cür sərhədi aşmaq qabiliyyətləri ilə seçilirlər...

Günün bütün mövzuları

XS
SM
MD
LG