Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Yuxuda yaranan məşhur əsərlər


 Stephenie Meyer
Stephenie Meyer
Bir gün bir yuxu gördüm və bütün həyatım dəyişdi...

Populyar Amerika yazarı, vampirlər haqda romanları yüz milyonlarla nüsxə satılmış Stephenie Meyer-in həyatındakı dəyişikliyi məhz bu cür ifadə etmək olar.

Stephenie Meyer 30 yaşına qədər, yəni 2003-cü ilə qədər ümumiyyətlə yazıçı olmaq haqqında düşünmürdü.

O, hüquqşünaslıq oxumaq istəyirdi.

2003-cü ilin iyun aynda Meyer hövlnak yuxudan oyanır...

O, yuxuda - çəmənlikdə uzanan iki gənc sevgili görmüşdü. Onlar bir-birinə olan məhəbbətlərinin niyə heç vaxt baş tutmayacağını müzakirə edirmişlər.

Meyer öz İnternet səhifəsində belə yazır: “Onlardan biri hər kəsin təsəvvür edəcəyi adi bir qız idi.

Digər şəxs isə fantastik dərəcədə yaraşıqlı, üzündən nur yağan bir vampir idi.


Shelley həmin gecə gözünü yuman kimi Frankensteinın bədheybət sifəti gözü qarşısında canlandı.

Bu, eksperiment yolu ilə süni insan yaratmaq istəyən həkim uğursuzluğu, bədheybət bir varlığın yaranması haqda hekayət idi.
Onlar düşdükləri vəziyyətin çətinliklərini müzakirə edirdilər: sən demə vampir qızın qanının iyindən cuşa gələrkən onda sevgi hissi baş qaldırıb və beləliklə qızı dərhal öldürmək istəyindən özünü zorla saxlayıb”.

Bu yuxu yazıçının ən məşhur əsəri olan “Alatoran” (Twilight) romanının əsasını təşkil etdi.

Bu günə qədər romanın 100 milyondan çox nüsxəsi satılıb, əsər 37 dilə çevrilib və 91 həftədən çox “New York Times Bestseller” siyahısında qalıb.

Amma Meyer yazacağı əsərin süjetini yuxuda görən yeganə yazar deyil...

Yuxu fenomeni

Çoxları bu fikirdədir ki, yuxularımız oyaq vaxtı yaşadığımız hadisələrin, fikir və duyğuların şüuraltı təzahüründən başqa bir şey deyil.

Amma yaradıcılıq sferasında “Yuxu incəsənəti” (Dream art) adlı alt-mədəniyyət də var. Söhbət yaradıcı insanların yuxularının sənət əsərinə çevirməsindən gedir.

Əvvəlcə ondan başlayaq ki, yaradıcılıqda yuxuya istinad elə yaradıcılığın özü qədər qədimdir – “Gilqamış”, “İliada”, “Bibliya”da da yuxu əhvalatlarına rast gəlmək olar.

Avropa ədəbiyyatında romantizm cərəyanı təmsilçiləri əsərin ərsəyə gəlməsində irrasional ünsürlərin olmasını xüsusi vurğulayırdılar – yuxu insanın yüksək yaradıcı potensialını üzə çıxarmaq üçün xam material ola bilər.

19-cu əsrin sonu 20-ci əsrin əvvəlində simvolizm və ekspressionizm yuxuları vizual sənət kimi təqdim edirdi.

Ziqmund Freydin əsərlərindən sonra yuxu mövzusu Qərb ictimaiyyətində populyar müzakirə predmetinə çevirdi. Freydin 20-ci əsr sürrealistlərinə bu baxımdan çox ciddi təsiri olub.

Yuxunu filmə, musiqiyə, romana, hekayəyə çevirən müxtəlif sənət adamları da var. Yuxarıda haqqında danışdığımız Stephenie Meyer-dən başqa daha kimləri buna nümunə gösərmək olar?..

“Misery”, Stephen King

Amerikalı Stephen King indi dünyada mistika, dəhşət, elmi fantastika janrlarında yazan ən populyar yazarlarından biridir.

King “Misery” əsərinin yaranması tarixçəsini belə anladır: O, təyyarədə uçarkən yuxu görür. Yuxu sevdiyi yazarı dustaq edən fanat qadın barədədir. Və yazıçı yuxudan ayılarkən əl-ayağa düşür.

Hava limanına enən kimi bir yerdə oturub romanın 40-50 səhifəsini birnəfəsə yazır.

“Misery” həm özü bestseller roman oldu, həm də uğurlu bir filmin yaranması üçün ilham mənbəyinə çevrildi. Film “Ən yaxşı aktrisa” nominasiyası üzrə (Kathy Bates) Oskar mükafatına da layiq görüldü.


King deyir: “Biz alnımızda olanı yalnız güzgüdə görə bilirik, saçımıza arxadan baxmaq üçün peysərimizə güzgü tuturuq, bax mən həmişə yuxularımdan məhz bu formada istifadə etmişəm”.

“Frankenstein”, Mary Shelley

1816-cı ilin yayını İsveçrədə Lord Byron-un malikanəsində sevgilisi Percy Shelley (sonradan evlənəcəkdilər) birlikdə keçirəndə Mary Shelley-nin 18 yaşı vardı.

Bir gecə onlar tonqalın ətrafında oturanda yarışmaq qərarına gəlirlər:

Ən qorxulu hekayəni kim yazacaq? O dövrün populyar mövzularından biri də elektrik cərəyanı vasitəsilə insan bədəninə impulslar vermək, hətta ölmüş bədəni diriltmək haqda nəzəriyyələr idi.

Shelley həmin gecə gözünü yuman kimi Frankensteinın bədheybət sifəti gözü qarşısında canlandı.

Bu, eksperiment yolu ilə süni insan yaratmaq istəyən həkim uğursuzluğu, bədheybət bir varlığın yaranması haqda hekayət idi.

Shelley yuxudan oyanan kimi gördükləri əsasında qısa hekayə yazmağa başlayır. Bir il sonra isə həyat yoldaşı yazıçını həmin hekayənin üzərində işləyərək onu böyük bir romana çevirməyə həvəsləndirir.

Shelley bu xahişlə razılaşır və 21 yaşı olarkən onun böyük bir bədii əsəri – “Frankenstein” çap olunur.

Tonqal ətrafındakılardan daha biri – Byron da “Vampir” adlı əsər yazar və həmin əsər vampir-insan sevgisi haqqında bütün romantik hekayətlərin sələfi hesab edilir.

“Strange Case of Dr Jekyll and Mr Hyde”, Robert Louis Stevenson

Londonda qəribə hadisələr baş verir. Bütün bu iyrəncliklər cənab Hide adlı birisinin əməlləridir.

Amma sən demə cənab Hide cəmiyyətdə böyük nüfuza malik həkimlərdən olan Dr. Jekyll ilə yaxın imiş, tez-tez onun evinə gedib-gəlirmiş. Və günlərin bir günü Dr.Jekyll otağının qapısının bağlayaraq özünə qəsd edir.

Mary Shelley

Məlum olur ki, cənab Hide elə doktorun özü imiş, yəni onun içində gizlənən “mənfi xasiyyətlərin məcmusu”...

Həkim sadəcə artıq Hide-ı idarə edə bilmədiyü üçün özünü öldürmək qərarına gəlir...

Görkəmli şotland nasiri və şairi Robert Louis Stevenson bu hekayəti gördüyü yuxu əsasında yazmışdı. Yaradıcı bir dəliliklə yuxudan oyanıb bu hekayəti qələmə alanda o artıq uğurlu bir yazıçı kimi tanınırdı. (Onun kokain aludəsi olduğu da deyilirdi)

Stevenson novellanın qaralamasını üçcə günə tamamladı. Adəti üzrə, yazıçı qaralamanı həyat yoldaşına verdi ki, o da nəzərdən keçirsin və təkliflərini versin. Bundan sonra o, əsəri redaktə edərək bölmələrə ayırdı.

Stevenson yuxunu gördüyü vaxtdan 10 gün sonra əlyazma üzərində işi bitirdi.

“Dr. Jekyll və Mr. Hydenin qəribə hekayəti” bu günə qədər onlarla teatrda, filmdə canlandırılıb.

“Jonathan Livingston Seagull”, Richard Bach

1959-cu ildə yazıçı Richard Bach (həm də təyyarəçi) “bədənsiz səs” adlandırdığı bir pıçıltı eşidir: səs onun qulağına yazacağı romanın adını deyirdi. O, ilhamı “qaçmadan” əsərinin bir neçə bölməsini yazmağa başlayır.

Amma iş yarımçıq qalır və rəfə qoyulan əlyazma əsasında o, 8 il sonra “Jonathan Livingston Seagull” adlanan dərin fəlsəfi romanını bitirməyə müvəffəq olur.

Əsər dəstədən qovulan qağayı haqqındadır. O, gündəlik qida qayğılarından bezib uçmaq sənətinə dərindən yiyələnmək, yeniliklər görmək, öyrənmək istəyilə alışıb yanır. Dəstə intizamına etinasızlıq onun yoldaşlarından ayrılması ilə nəticələnir. Amma bunun əvəzində onun üçün yeni həyatın qapıları açılır...

Bach-ın bu nağılı “Küləklə sovrulanlar”ın satış rekordunu da vurub keçərək gözlənilmədən bestseller olur.

Yazıçının sözügedən kitabı və onun yaranma üsulu ruhi fenomenlə güclü bağlılığa malik olsa da, Bach hesab edirdi ki, yaxşı yazmaq qabiliyyəti çalışqanlıqdan daha çox asılıdır, nəinki metafizik amillərdən.

O deyirdi: “İnsana yuxunu gerçəyə çevirmək üçün güc də lazımdır. Bunun üçün ciddi çalışmalısan”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG