Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39
Biz – 21 nəfərdən ibarət jurnalist və hüquq müdafiəçiləri Naxçıvan hava limanına çatanda, səhər saat 10 olardı. Hava limanından mərkəzə yol xeyli olmasa da, biz bir qədər yubandıq. Demə bizim gələcəyimizdən bir çoxlarının, həm də taksi sürücülərinin xəbəri var imiş. Elə ona görə də kimliyimizi bilib bizi maşınlarına oturtmağa çoxları ehtiyat edirdi. Bu barədə bir qədər sonra…

GÖZ OXŞAYAN NAXÇIVAN

Yolboyu getdikcə bütün gördüklərin göz oxşayır. Fasadları yenilənmiş və müasir üslubda tikilmiş binalar, təmir olunmuş yollar. Daxili İşlər Nazirliyindən tutmuş ta Dövlət Energetika Agentliyinədək bütün dövlət strukturlarının nəzarəti altında olan yaşıllıq zolaqları, müasir işıqforlar, işıq dirəkləri, fantanlar… Biz sözlə, yerli sakinlərin öz dili ilə desək, burada hər şey gözəldir, bircə yaşamağın özündən başqa.

«ŞİKAYƏT ETMƏYİN!»

«İki gün əvvəl görünməyən nömrədən zəng ediblər. Deyirlər şikayət eləməyin, biz probleminizi həll edəcəyik».

Naxçıvan sakini Safay Əlisoy və söhbət etdiyimiz digər sakinlərin dediyinə görə, onlara artıq bir neçə gün əvvəl xəbərdarlıq edilib ki, Bakıdan gələnlərə ürəklərini açmasınlar, şikayət etməsinlər. Əslində Naxçıvanda dərdini bölüşənə heç də hər addım başı rast gəlinmir. Çoxları danışmağa meylli deyil. Demələrinə görə, istəmirlər ki, sonradan başları ağrısın. Hətta bəziləri açıq-aydın dövlət qurumlarından qorxduğunu etiraf edir.

RƏHBƏRLİYİN BARDAĞINI DAŞIRAN SON DAMLA

Naxçıvan sakinlərinin dediyinə görə, hansısa dövlət qurumundan, məmurdan şikayətçisənsə, gərək xoş olmayan sürprizlərə də hər an hazır olasan. Elə camaatın şikayətlərini işıqlandıran jurnalist Həkimeldostu Mehtiyev kimi. Bizim Naxçıvanda olduğumuz gün Həkimeldostu Mehdiyevin məhkəməsi idi. Yenə də görünüşü ilə göz oxşayan müasir üslublu Şərur rayon Məhkəməsində. Jurnalist elektrik enerjisindən qanunsuz istifadədə ittiham olunur.

NAXÇIVAN MƏHKƏMƏSİNDƏ AYAĞINI BİR-BİRİNİN ÜSTÜNƏ AŞIRIB OTURMAQ OLMAZ…

Onu dövlətə 1050 manat 18 qəpik ziyan vurmaqda ittiham edirlər. Bizi isə üst-başımızı yoxlayandan, çantamız, mobil telefonumuz daxil bütün əşyalarımızı əlimizdən alandan sonra məhkəmə zalına buraxırlar. Hakim isə vəkil Əshabəli Mustafayevin bununla bağlı etirazını araya salıb üstündən keçdi. Əvəzində Bakıdan gələn jurnalistlərdən birinə ayağını bir-birinin üstünə aşırıb oturmağını irad tutur. Budəfəki məhkəmə prosesində iş üzrə 18 şahiddən bir neçəsi dindirilir. Həkimeldostu Mehdiyev iddia edir ki, güc strukturları şahidləri də məhkəməyə hədə-qorxu ilə cəlb edir.
Yaşar Bağırsoy
Onun dediyinə görə, əslində ittiham əsassızdır, onu jurnalist fəaliyyətinə görə cəzalandırırlar. Daim neqativ hallarla bağlı yazılar yazan jurnalist bir müddət əvvəl Almaniyadan gələn jurnalist Mixael Lüdviqi Naxçıvanda müşayiət edib və bütün problemləri ona da çatdırıb. Özünün dediyinə görə, onun bu hərəkəti rəhbərliyin bardağını daşıran sonuncu damla olub:

«MƏN ONLARA RƏDD CAVABI VERƏNDƏN SONRA BELƏ EDİBLƏR»

«Elektrik enerjisindən qanuni istifadə etmişəm, bütün ödəmələrimi də etmişəm. Mənim məhkəməyə çəkilməyim jurnalist fəaliyyətimlə bağlıdır. Mənə təklif ediblər ki, Naxçıvandan yazma-pozma işlərini dayandır, ürəyin istədiyi kimi yaşa. Mən onlara rədd cavabı verəndən sonra belə ediblər».

Naxçıvan sakinlərinin dediyinə görə, burada siyasi fəaliyyətlə də məşğul olmaq müşkül məsələdir. Bir müddət əvvəl həbs olunan və daha sonra zaminə buraxılan AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırzadə ilə görüşdük. Yaşar Bağırsoy deyir ki, təzyiqlər hələ də davam edir:

«BİZ MÜXALİFƏT OLARAQ ONLARA DÜŞMƏN KİMİ BAXMIRIQ, AMMA...»

«Naxçıvanda siyasi fəaliyyətə görə hakimiyyət camaata hədsiz basqılar, təzyiqlər edir. AXCP Naxçıvan təşkilatının sədr əvəzi kimi 8 aydır fəaliyyət göstərirəm. Son vaxtlar ictimai siyasi şərait hədsiz dərəcədə ağırlaşıb. Siyasi fəaliyyətimə görə hakimiyyətin tapşırığı ilə fərdi təsərrüfatla məşğul olduğum sahələrə su verilmir. Bütün dostlarımı, qohumlarımı açıq şəkildə təhqir edirlər ki, mən istefa verim. Biz müxalifət olaraq onlara düşmən kimi baxmırıq, amma onlar bizə elə baxırlar».

SU İLƏ CƏZALANDIRILANLAR

Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırzadə döyülərək həbs olunduqları gün Nehrəm kəndində su problemi ilə bağlı keçirilən aksiyada iştirak etmişdilər. Nehrəmdə olduq. Orada eşitdi ki, ötən ilin noyabr seçkilərindən sonra kənddəki bəzi sakinlərin təsərrüfat sahələrinə su verilməsi dayandırılıb. İyul aksiyasından sonra vəziyyət bir qədər dəyişsə - ara-sıra su verilsə də, təsərrüfatın vaxtlı-vaxtında suvarılmaması ucbatından bəzi kənd sakinlərinin əlləri yeganə qazanc yerlərindən də kəsilib:

«MƏNİ TUTARDILAR, ÖLDÜRƏRDİLƏR, AMMA...»

«Noyabrın 24-dən iyulun 12-ə kimi bu təsərrüfatda su olmayıb. Taxıl, hər şey məhv olub gedib. Ağaclarım bu günə düşüb. Zəhmətimə balta vurublar, soyqırımı ediblər. Məni tutardılar, öldürərdilər, amma bunu etməzdilər. Son 2 il idi ki, məhsul - 25-30 min manatlıq xeyr götürürdüm. Bu alma ağaclarını Tehrandan gətirib sortlaşdırmışam, 12 il əziyyət çəkmişəm. Niyə camaatı belə incidirlər».

Zeynal Bağırzadə 6 hektar ərazisində taxıl əkirmiş, alma yetişdirirmiş. Bu il isə suyun olmaması ucbatından özünün dediyinə görə,
«Suyu kimə istəyirlər verirlər, kimə də yox»
75 min manat ziyandadır. Dövlət strukturlarına şikayət etsə də, nəticə yoxdur, əraziyə su verilməsinə cavabdeh olan su assosiasiyasını isə məhkəməyə verib:

«Bütün qurumlara müraciət etmişəm. 9 struktura yazmışam. Ölkə başçısına 3 məktub göndərmişəm. Məhəl qoyulmayıb. Məhkəməyə vermişəm. Su assosiasiyasından 75 min manat təzminat istəmişəm. Neçə iclas olub, heç bir nəticə yoxdur, deyirlər, gedin barışın».

Susuzluqdan təkcə Zeynal Bağırzadə əziyyət çəkmir. Kənd sakini Əsgər Mahmudov deyir ki, təsərrüfatını suvarmaq istəyirsənsə, gərək haqqını verəsən. Şikayətə də baxan yoxdur:

«BACARANA CAN QURBAN»

«7 hektara yaxın pay torpağım var. İldə iki dəfə oranı suvara bilmirəm. Nə vaxt gedirəm su ala bilmirəm, dəfələrlə şikayətə getmişəm. İcra Hakimiyyətinin köməkçisinin qəbulunda olmuşam, deyirəm kömək edin bir nasosum olsun, kənddə çoxunun var, mənim yoxdur. Deyirlər bacarana can qurban. Suyu kimə istəyirlər verirlər, kimə də yox. Xalqı özlərinə qarşı qaldırmaq istəyirlər. Taxılın hər hektarına görə 40 manat haqq alırlar. Kim verdi suvarır, kim vermir suvara bilmirlər. Bostanın da hektarına 20 manatdan istəyirlər. Nehrəmdə vəziyyət çox acınacaqlıdır».

«MƏDƏNİYYƏTSİZCƏSİNƏ GƏLMİSİZ»

Nehrəmlilərin su probleminin səbəbini öyrənmək üçün üz tutduq rayon icra hakimiyyətinə. İş saatı olsa da, qapılar bağlı idi. Su verilməsinə məsul olan su assosiasiyasının əməkdaşı Mikayıl Sadıqovla isə telefonla danışdıq. Dedi ki, hazırda İrandadır, məsələ ilə bağlı açıqlama verə bilməz.

Elə üz tutduğumuz digər rəsmi qurumlarda da bizə «xoş gəldiniz» deyən olmadı. Bir müddət əvvəl müəmmalı şəkildə ölən Turac Zeynalovla bağlı məlumatlara aydınlıq gətirmək üçün Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə getdikdə isə, daha sərt sözlər eşitdik:

«Gəlibsiniz, amma çox mədəniyyətsizcəsinə gəlibsiz. Kimsiz siz ki, Naxçıvan Ali Məclis sədrindən hesab sorursuz. Normal formada material verə bilmirsizsə, sizə heç bir açıqlama verilməyəcək. Gedin sizi kim dəvət edibsə, onunla da danışın. Heç bir açıqlama olmayacaq. Nazirliyin qarşısından uzaqlaşın».

«NAXÇIVANI TƏRK EDİN»

Naxçıvanın Ombudsman aparatında da eyni münasibətlə üzləşdik. Özünü təqdim etməyən əməkdaş ombudsmanla görüşümüzün mümkün olmadığını bildirdi. Baxmayaraq ki, biz MTN-də hüquqlarımızın pozulmasından da şikayətçi olduğumuzu, bunun üçün ombudsman Ülkər Bayramova ilə görüşmək istədiyimizi bildirdik. Amma çox keçmədən məlum oldu ki, Ombudsman Aparatı bizim özümüzdən şikayət edib – Naxçıvanın Daxili İşlər Nazirliyinə. Qrup şəklində Böyük Bağ deyilən parkda oturduğumuz vaxt polis əməkdaşı yaxınlaşıb Daxili İşlər Nazirliyinin idarə rəisinin bizimlə görüşmək istədiyini bildirdi.
Naxçıvanın Ombudsman Aparatı
Elə parkın ətrafındaca bizi gözləyən idarə rəisinin istəyi isə bu oldu ki, Naxçıvanı tərk edin. Rəisin dediyinə görə, Ombudsman Aparatından onlara şikayət olunub ki, biz orda ictimai qaydanı pozmuşuq.

Bir neçə saat sonra – gecə saatlarında biz Muxtar Respublikanı tərk etdik. Amma ona görə yox ki, bunu bizdən tələb etdilər, elə əvvəlcədən səfərimiz bir günlük nəzərdə tutulmuşdu. Gecə saatlarında geriyə - Bakıya biletimiz alınmışdı.

SƏFƏR TƏƏSSÜRATLARI

Və sonda... Bizi hava limanına gətirən avtobusda səfər təəssüratlarımızı bölüşürük.

Jurnalist Şahvələd Çobanoğlu:

«Çalışırlar ki, şəhərin bəzəyi ilə insanların azadlıqlarının əllərindən alınmasını gizlətsinlər. Bu isə mümkün deyil».

Hüquq müdafiə təşkilatının rəhbəri Anar Məmmədli:

«İnsanların fəal olmasına ehtiyac var. Bunun üçünsə adamları motivə etmək lazımdır. Biz bura onları həvəsləndirməyə gəlmişdik, məncə davam etməliyik».

Jurnalist Cəsur Sümərinli:

«Vəziyyət gərgindir. Sən demə, ən pis vəziyyət burdaymış, rüşvətxorluq, korrupsiya baş alıb gedir».

Vəkil Əshabəli Mustafayev:

«Naxçıvanda yaşamağın özü fədakarlıqdır, yaşayıb işləmək isə ondan da fədakarlıq tələb edir. Bu fədakarlığa dəstək vermək lazımdır».

Jurnalist Mehman Əliyev:

«Səfərimiz uğurlu, planlaşdırdığımızdan da yaxşı keçdi. Nəticə də var. Naxçıvanın özündə də, beynəlxalq aləmdə və bütövlükdə ölkənin özündə bu səfərə maraq yaratmağa nail olduq».

Şərhləri göstər

XS
SM
MD
LG