Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53
Prezident seçkisinə iki ilə yaxın vaxt qalsa da, indidən iqtidar və müxalifətin namizəd seçimi müzakirə obyektinə çevrilib.

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov mətbuata bildirib ki, xalqın 2013-cü ildə bir seçimi var, o da prezident İlham Əliyevdir.

«MÜXALİFƏT YENƏ MƏĞLUBİYYƏTƏ UĞRAYACAQ»

Hakimiyyət yönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da AzadlıqRadiosuna müsahibəsində deyir ki, hakimiyyətin yeganə namizədi İlham Əliyev olmalıdır.

O hesab eləyir ki, 1998-ci ildən bəri seçkiləri uduza-uduza gələn müxalifət artıq cəmiyyətin inamını itirib və ona səs verəsi sosial baza qalmayıb:

«Müxalifətin radikal qanadı, dünyada gedən proseslərə əsası olmaya-olmaya söykənərək inqilablardan danışmaqla, «dəyişikliklər zəruridir», «biz gəlirik», «inqilab olacaq» kimi çağırışlar etməklə ciddi obraz yaratmırlar. Onların seçkidə iştirakından müsbət nəticə gözləmirəm və hesab edirəm ki, yenə məğlubiyyətə uğrayacaqlar».

Fəzail Ağamalı Azərbaycanı hazırda böyük siyasi dəyişikliklər yaşayan ərəb ölkələri ilə də müqayisə etməyi düzgün saymır:

Fəzail Ağamalı
«Azərbaycan Avropa dəyərlərinə söykənib, Avropanın getdiyi yola uyğun idarəçilik üsul-idarəsi seçib, bu idarəçiliyə uyğun da islahatlar aparıb və islahatlara da davam edir».

Hakim düşərgədən 2013-cü il seçkisinə yenə vahid namizədlə qatılacaqları ilə bağlı mesajlar eşidilir.

MÜXALİFƏT NECƏ, SEÇKİLƏRƏ VAHİD NAMİZƏDLƏ GETMƏYİ DÜŞÜNÜRMÜ?

AXCP sədri Əli Kərimli namizəd barədə indidən müzakirə açmağı lüzumsuz sayır. Onun fikrincə, belə bir müzakirələr müxalifət düşərgəsində ikitirəliyə yol aça bilər:

«Mənim və müxalifət tərəfdarlarının marağı yoxdur ki, gündəm iki ildən də çox vaxt qalan bir məsələnin müzakirəsi ilə dəyişsin. Azərbaycanın gündəmi başqa məsələdir. Ölkədə seçki islahatına, siyasi məhbusların azadlığına nail olmadan, indi müxalifət dairəsində yeni fikir ayrılığı yaratmağa hesablanmış müzakirələri aparmaqla nə əldə edə bilərik?! Bu bizim marağımızda deyil».

«HƏLƏLİK ÖLKƏDƏ NORMAL SEÇKİ MÜHİTİ YARANMALIDIR»

Müsavat başqanı İsa Qəmbər isə deyir ki, o, bu günlərdə mətbuatın sualları cavablandırarkən səmimi olmağa çalışıb və özünün 2013-cü il seçkilərinə qatılacağı barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, bundan sonra mediada növbəti seçki ətrafında müzakirələrə start verilib:

Əli Kərimli və İsa Qəmbər
«Görünür, 2013-cü il seçkisi cəmiyyət, müəyyən siyasi qüvvələr üçün ciddi məsələdir ki, belə bir geniş müzakirələr başladı. Ancaq hesab edirəm ki, hələlik ölkədə normal seçki mühiti yaranmalıdır. Əgər demokratik seçki mühiti olmayacaqsa, onda bu seçkiyə qatılmağın, vahid namizəd irəli sürməyin və ya namizədlər blokunun yaradılmasının heç bir mənası qalmayacaq».

«Hakimiyyət dəyişikliyi baş verərsə, ənənəvi müxalifət liderləri – Əli Kərimli və ya İsa Qəmbərin aparıcı funksiyalarda çıxış etməsi çox az ağlabatandır». Bunu siyasi şərhçi Azər Rəşidoğlu deyir. Onun sözlərinə görə, Azərbaycanda həqiqətən demokratik islahatların baş tutması istənilirsə, bir qədər kənardan namizəd axtarılmalıdır:

«AZƏRBAYCANDA HEÇ KİMİN TANIMADIĞI İNSANLAR VAR Kİ...»

«Azərbaycanda heç kimin tanımadığı insanlar var ki, onlar hansısa bir N anında meydana çıxa və qısa bir zamanda - müqayisə qüsurlu olsa da - Saakaşvili missiyasını üzərinə götürə bilər… Azərbaycan siyasətində kifayət qədər insanlar var ki, onların potensialından istifadə edilə bilər».

Azər Rəşidoğlu hesab edir ki, 2013-cü ildə müxalifəti barışdırıcı - birləşdirici funksiyanın öhdəsindən gələ bilən namizəd təmsil etməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG