Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07
«Arif Hacılı adamları aksiyaya cəlb edirdi. Ətrafdakı insanlar onlara qoşulurdular. Yoldan keçənlər aksiyaya dəstək verirdilər. Hətta maşınlardan yumruqlarını çıxardıb «biz sizinləyik» deyənlər də olurdu»

Bunu Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin mayoru İbrahim İsmayılov İctimai Palatanın 2 aprel aksiyasına görə, tutulanların məhkəməsində şahid qismində ifadə verərkən deyib.

Sentyabrın 14-də Səbail rayon məhkəməsində təqsirləndirilənlər - Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın şöbə müdiri Məmməd Məcidlinin işi üzrə proses şahid polislərin ifadə verməsi ilə davam edib.

Polis əməkdaşı Azər Məmmədov isə vəkillərin suallarını cavablandırarkən Arif Hacılını xəbərdarlıq etmədən tutduqlarını bildirib. Deyib ki, qollarını burduq, heç bir müqavimət göstərmədi. Polislərdən də xəsarət alan olmadı.

«GÖRÜN SİZƏ NƏ QƏDƏR ADAM QOŞULACAQ?»

Şahid həmin vaxt Arif Hacılının ətrafında 50-dək aksiya iştirakçısı olduğunu bildirib. Hətta balaca uşaqların da onun çağırışına qoşulduğunu deyib. Arif Hacılı ona ətrafında 15 adam olduğunu təsdiqləyən fotoşəkil təqdim edəndə isə Azər Məmmədov onunla razılaşmayaraq deyib : «Gəlin sizinlə gedək Mərkəzi Univermağın yanına. Oradan «istefa» qışqıra- qışqara həbs olunduğunuz küçəyə qədər addımlayaq, görün sizə nə qədər adam qoşulacaq?»

Polisin belə inamla danışması salondakıların gülüşünə səbəb olub.

Məhəmməd Məcidli
POLİSİN 3 DƏQİQƏ 34 SANİYƏLİK MÜŞAHİDƏSİ

Digər bir polis əməkdaşı Zöhrab İsmayılov istintaqa ifadəsində bildirib ki, təqsirləndirilən Məhəmməd Məcidli aksiya zamanı avtobusun pəncərəsindən ətrafdakıların polisə tabe olmaması barədə 3 dəqiqə 34 saniyə çıxış edib.

Məhəmməd Məcidli həmin polisdən 3 dəqiqə 34 saniyə konkret olaraq nə müşahidə etdiyini soruşanda isə o belə bir cavab verib: «İstehfa», «Azadlıq» qışqırmısınız.

Sonra vəkillər polis əməkdaşı Zöhrab İsmayılovun 2 aprel aksiyasına görə saxlanınlan digər 6 nəfərin məhkəməsində yalan ifadə verdiyini və əleyhinə ifadə verdiyi adamın bəraət aldığını əsas gətirərək onun şahidlikdən kənarlaşdırılmasını istəyiblər. Amma bu vəsatət təmin olunmayıb.

HAKİM TƏRƏF TUTUR?

Təqsirləndirilənlər bütün bunlardan sonra hakim Famil Nəsibovun prosesdə tərəf saxlamaqda ittiham ediblər.

Çevik Polis Alayının baş serjantı İlqar Rüstəmov isə aksiya günü Məhəmməd Məcidlinin olduğu avtobusun bölməyə aparılmasını müşayiət edən 4 polisdən biri olduğunu deyib. O, Məhəmməd Məcidlini avtobusda pəncərəni açıb «Azadlıq», «İstefa» şüarları dediyinə görə yadda saxladığını bildirib. Şahid polis bununla belə Məcidli və digər təqsirləndirilənlərin istər onlara, istərsə də texnikaya xəsarət yetirmədiklərini deyib.

Şahid polislərin birindən isə niyə Məhəmməd Məcidlini lider adlandırırsınız deyə soruşanda o belə cavab verib: «Məcidli canfəşanlıq edirdi. Liderlik isə canfəşanlıqdır».

Proses zamanı hakim Famil Nəsibov Tural Abbaslının verdiyi vəsatəti isə təmin edib. Həmin vəsatətə görə «Demokrat» qəzetindən onun aksiyada saxlanması ilə bağlı fotolar istənilərək işə əlavə ediləcək. T. Abbaslı düşünür ki, həmin fotolar onun müdafiəsinin təşkili üçün vacibdir.
XS
SM
MD
LG