Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53
Ramiz Rövşənin yeni kitabında hansı əsərləri yer alacaq?

"Gileylənmək kimi çıxmasın, ömrümüzün və gücümüzün çoxu məmurları inandırmağa gedir..."

"Bu gün Arif Hacılı ilə birgə icazəsiz mitinqlərlə bağlı həbsdə olan başqa şəxslər də var ki, məhkəmələri gedir. Şəxsən mənə bu məhkəmələrin gedişatı qeyri-ciddi təsir bağışlayır".

"Əgər ölkədə yubiley keçirmək ənənəsi varsa, onda Flora Kərimovanın yubileyi mütləq keçirilməli idi".


ANS PRESS-in bu dəfəki müsahibi sevilən şair, ssenarist Ramiz Rövşəndir. Onunla müsahibəmiz əsasən yeni kitabı ilə bağlı olmalı idi. Amma səmimi söhbətimiz bizi çox yerlərə apardı...

- Ramiz müəllim, telefonla danışığımızda kitabınız üzərində işlədiyinizi dediniz. Kitab üzərində iş nə yerdədir?

- Kitab hələ ki, yerdədir. (Gülür) Yəni stolun üstündədir. Yeni bir cild hazırlayıram. “Nəfəs” kitabı yadınızdadırsa, təxminən elə “Nəfəs” kitabı boyda. Bu cilddə şeir və tərcümələrim yer alacaq.

Bundan başqa kino üçün yazdığım povestlər də olacaq. Bir də ki, esselərim. İstərdim ki, bu ilin axırına kimi kitab işıq üzü görsün. Amma işlər elə çoxdur ki...

Əlimdə başqa yazılar da var. Özümüz də ağır işləyənik. Təəssüf ki, gördüyümüz işlər də çox ağır yol tapır ekrana...

- Belə çıxır ki, yaradıcılıq nümunələrinizi ekranda görmək üçün bir qədər gözləyəcəyik?

- Mənim yaradıcılığım, bir az gürultulu çıxmasın, ikixətlidir. Bunlardan biri ədəbiyyat, digəri isə kino ilə bağlıdır.

Mən Moskvada ali ssenari kurslarını bitirmişəm. Necə deyərlər, diplomlu, peşəkar ssenaristəm.


Kino həyatıma gəlincə, 30 ildən çoxdur Kinostudiyada bədii şuranın üzvüyəm. 1987-ci ildən 1992-ci ilə qədər Kinostudiyanın baş redaktoru olmuşam.

Kinostudiyanın baş redaktoru olduğum beş il ərzində, o vaxt ki, bütün işləri mən həll edirdim, özümün bir ssenarimi də qəbul etməmişəm.

Halbuki, ondan əvvəlki beş ildə mənim ssenarilərim əsasında dörd bədii film çəkilmişdi.

Bu mənada, baş redaktor kimi ən çox zülm elədiyim müəllif özüm olmuşam. (Gülür)

- Buna görə heyfslənirsiniz?

- Yox, heyfslənmirəm. Amma başqa bir məqam da var axı. O, sovet dövründəki düşüncəm idi.

Düşünürdüm ki, baş redaktor olduğum müddətdə bir ssenarist kimi Ramiz Rövşənə geniş meydan verməyim düz olmaz. Bu,, mahiyyət etibarilə bir az absurd fikirdir.

Çünki əsas məsələ ssenaristin kimliyində yox, ssenarinin necəliyindədir.

Onu deyə bilərəm ki, tək və ya həmmüəllif olaraq bu günəcən ekran üzü görən yeddi tammetrajlı bədii filmin ssenari müəllifiyəm.

Amma ekran üzü görməyən hələ dörd ssenarim də var. Onlardan ikisi bəlkə də indiyə qədər yazdığım ən yaxşı ssenarilərdir.

Amma o ssenarilərin ekran üzünə çıxması hələ də ləngiyir. Görünür, yenə problem o ssenarilərin keyfiyyətindən daha çox müəllifin kimliyindədir. Hər halda, hələ ki gözləyirik.

Gileylənmək kimi çıxmasın, ömrümüzün və gücümüzün çoxu məmurları inandırmağa gedir. Sovet dövründə də bu problem vardı, indi də var. Kimlərisə inandırmaq problemi.

- Razısınız ki, son zamanlar dəyərlər dəyişib?

- Bu gün bunu çox deyirlər və doğrudan da bu problem var. Təbii ki, ən böyük problemimiz Qarabağdır. Qarabağ bizim itirdiyimiz coğrafi ərazidir.

Torpaqlarımızın 20 faizini itirmişik. Amma bundan başqa mənəvi ərazimizin də xeyli hissəsini get-gedə itiririk.

Coğrafi ərazimizi orduyla, qoşunla geri almaq mümkündür. Amma mənəvi əraziləri geri qaytarmaq mümkünsüzdür.

İtirilən, gedən təzədən qayıtmır. Bəli, çoxları deyir ki, dəyərlər dəyişib.

Hansı dəyərlər dəyişib? Dəyərlərin hamısı yerindədir. Bu gün kim ekrana çıxıb deyər ki, “mən yaltağam, alçağam, əclafam, bişərəfəm”?

Heç kim bunu deməz. Dəyərlər dəyişməyib, dəyərlərə münasibət dəyişib.

- Mənəvi problemləri həll etmək üçün ən çox yük kimlərin üzərinə düşür?

- XX əsrdə bəşər tarixinin iki ən nəhəng kəşfi olub. Bunlardan biri bəşəriyyəti fiziki məhv etmək gücündə olan atom bombasıdır.

İkinci kəşf isə bəşəriyyəti mənəvi məhv etmək gücündədir. Bu da radio-televiziyadır. Məncə, mənəvi problemləri həll etmək üçün də əsas yük televiziyaların üzərinə düşür.

Mahiyyət etibarilə, televiziyanın təsir gücü çox olduğuna görə məsuliyyəti də çox olmalıdır.

Təəssüf ki, bu gün cəmiyyətdə də, televiziya ekranlarında da neqativ pozitivdən, pis yaxşıdan daha üzdədir. Hətta dünənəcən yaxşı saydıqlarımızın da zayı çıxır. Bu da insanlarda bir inamsızlıq və sinizm yaradır .

Yəni hamı pisdirsə, yaxşı olmağın xeyri yoxdursa, onda mən niyə yaxşı olmağa can atmalıyam?

Üstəlik bundan ötrü hansısa məhrumiyyətlərə dözməliyəm? Özüm də, ailəm də…

Və belə düşünən adam bütün naqis hərəkətləri üçün sanki əvvəlcədən özü-özünə bəraət qazandırmış olur.

Beləliklə də, bir çox adamlarda günah hissi və vicdan əzabı yerli-dibli yoxa çıxır.

Məncə, bu gün cəmiyyətin müsbət nümunələrə, rəmzlərə, simvollara ehtiyacı var. Amma biz get-gedə elə şeylərlə barışırıq ki, əvvəllər belə şeylərin üstə ölümə gedərdik.

Mən təxminən 20 il bundan əvvəl bir televiziya verilişində demişdim ki, iki cür əxlaq var, biri çölə, digəri isə içəri hesablanmış əxlaq. İçəri hesablanmış əxlaq odur ki, mən tutalım bir pis iş tutmuşam, bunu heç kəs görməsə də, vicdanım məni ağrıdır.

Çölə hesablanmış əxlaq isə budur ki, nəsə bir naqis iş tutasan və düşünəsən ki, görəsən bunu görən olmadı?!..

Və görən yoxdursa, deməli, fikir eləməyə dəyməz. Nə qədər kədərli və acı olsa da, zaman göstərdi ki, bizim əxlaqımızın çox hissəsi çölə hesablanıb. Göstərməyə, görüntüyə hesablanmış əxlaq.


Əgər görən yoxdursa, hər şey mümkündür. Amma görən var axı... Allah görür!

- Maddi ehtiyac şairin yaradıcılığına hansı formada təsir göstərir?

- Belə bir düşüncə var ki, guya şair korluq çəkəndə, ehtiyac içində yaşayanda daha gözəl əsərlər yazır.

Bu məntiqlə gərək Lev Tolstoyun romanları bir-birindən zay olaydı. Çünki ömrü boyu maddi ehtiyacın nə olduğunu bilməyib.

Qabriel Qarsia Markes demişkən, sənətkar haqqında bu cür düşünənlər alçaqlardır. Bütün maddi qayğılar heç şübhəsiz ki, sənətkarın yaradıcılığına mane olur.

- Ramiz müəllim, simvollardan danışdınız. Müasir poeziyamızın simvolu kimi hesab edirsiz?

- Mənim ümumiyyətlə yer üzündə pərəstiş etdiyim insan yoxdur. Allahla öz arama heç kəsi buraxmıram və buraxmaram da. Amma sevdiyim adamlar var. Cəlil Məmmədquluzadəni ideal sayıram.

Bu adamda bir damcı da olsun pis mənada şairanəlik, illüziya, özünüaldatma yoxdur.

Qeyd edim ki, biz illüziya ilə yaşayırıq. Dünya haqqında da, özümüz haqqında da müəyyən təsəvvürlərimiz var.

Çox vaxt da elə reallığın yox, təsəvvürlərimizin qurbanı oluruq. Nə Qərb, nə də Şərq haqqında illüziya ilə yaşamaq lazım deyil.

Hamısını oxumaq, öyrənmək və bilmək lazımdır. Başqa dəyərlərə hörmətlə yanaşaraq öz dəyərlərimizə sahib çıxmalıyıq. Bizim kulta çevrilmiş sənətkarlarımız var.

İnternetə baxdıqda görürük ki, Bəxtiyar Vahabzadənin pərəstişkarları nə qədərdir.

Bilirsiniz, internet nə qədər virtual aləm olsa da, eyni zamanda reallığı əks etdirir.

Bir az qeyri-təvazökarlıq çıxmasın, nə qədər insan mənim şeirlərimi oxuyub əzbərləyir. O şeirlər artıq mənsiz özü öz həyatını yaşayır. Söhbət təkcə simvol olmaqdan getmir.

Söhbət ondan gedir ki, sənin yazdıqların insanları öz ətrafına yığıb birləşdirən bir nöqtəyə çevrilir.

Cəmiyyətimizin ən böyük bəlası budur ki, bizi ayıran nöqtələri daha çox qurdalamaqla məşğuluq. Əslində cəmiyyəti, insanları birləşdirən nöqtələrin ən gözəli mənəvi dəyərlərdir. Ədəbiyyatdır, mədəniyyətdir. Bu dəyərləri itirmək olmaz.

Mən birbaşa dediyim həmin simvollardan birinin adını çəkim. Neçə ildir Anara qarşı çox idbar bir kampaniya gedir. Mənə elə gəlir ki, bu kampaniya yeni Azərbaycan tarixinin bizə ən çox töhmət gətirən səhifələrindən biridir.

- Sizcə bu kampaniya nə ilə bağlıdır?

- Mən rəhmətlik Bəxtiyar Vahabzadəyə qarşı da, elə özümə qarşı da çirkin kampaniyalara rast gəlmişəm.

Deyirlər, uman yerdən küsərlər. Amma uman yeri kəsməzlər ki. Əgər bu gün cəmiyyətimizdə hansısa qüsurlar varsa, bunun günahkarı və ya səbəbkarı şairlər, yazıçılar deyil.

Əgər şairin, yazıçının hansısa qüsurları varsa, hansı məqamdasa haqq sözü deməyə cəsarət etməyibsə, qorxubsa, bu da təkcə onun öz xislətindən yox, həm də cəmiyyətdəki ab-havadan gəlir.

Heç kəsə haqq qazandırmadan bir şeyi deməliyəm ki, istedadlı adam qəhrəman olmaya da bilər. Və bu gün “qəhrəmanlıq” iddiasında olan bəzi qələm sahibləri o qədər istedadsızdırlar ki, onların qəhrəmanlığı da bir qara qəpiyə dəyməz.

Sizə bir şeyi də deyim ki, iqtidarlı-müxalifətli bu gün üzdə olanların çoxu uğursuz şair və yazıçılardır. Buraya mətbuatı da daxil etmək olar.

Mən sizə bir vaxtlar mənə şeir gətirmiş adamların siyahısını versəm, heyrətə gələrsiz.

Onların çoxu indi məşhur adamlardı. Anarın sovet vaxtı bir yaxşı sözü vardı: “Yuxarıdan deyirlər ki, bu şairlərin, yazıçıların dırnağı çirklənib, kəsmək lazımdır. Amma bunlar adamın barmağını kəsirlər”. Bayaq söhbət uğursuz şairlərdən getdi. Həmin o barmaq kəsənlərin çoxu elə uğursuz şairlərdi.

Sovet vaxtında da, indi də. Bunlar hamısı qısqanclıqdandır. İmkanlı, varlı adamlar niyə şeir, mahnı yazırlar? Onlar bilirlər ki, hər şey müvəqqətidir. Ümidləri isə qalmağadır.

Bir mahnıyla, şeirlə qalmağa. Qısqanclıq da oradan irəli gəlir. Onlar düşünürlər ki, bizim bu qədər var-dövlətimiz, mülklərimiz, maşınlarımız var. Ancaq unudulub gedəcəyik.

Metro ilə təri dabanından axa-axa gedib gələn bir şəxs isə yaddaşlarda qalacaq.


Ümumiyyətlə, bu gün bizdə anti-ziyalı ovqatı çox güclüdür. Mən bunu görürəm və bu məni çox kədərləndirir. Düşünürəm ki, bu proses artıq cəmiyyəti də yorub.

Biz dəyərlərimizi vurduqca dəyərsizləşirik.

- Sizi televiziya ekranlarında çox az-az görürük? Bunun səbəbi nədir? Dəvət etmirlər, yoxsa özünüz belə istəyirsiniz?

- Yox, dəvət çoxdur, özüm belə istəyirəm. Mən əsasən ANS-də və İctimai televiziya ekranından sözlərimi deyərək şeirlərimi oxumuşam.

Bunu mənə irad tutanlar da olub. Doğrusu, mən “sev məni, sevim səni” prinsipi ilə yaşayan adam deyiləm. Amma o kanallardakı insanların mənə olan səmimi münasibətini bilirəm.

Onların səmimi münasibətinə cavabım da budur ki, çıxıram və sözümü deyirəm.

Mən o kanallara çıxanda ürəyimdən olmayan bircə söz də işlətməmişəm. ANS TV-nin efirində “Zərif Çərşənbə” və “Milli metr” verilişində oxuduğum şeirlərin təsir gücü daha çox oldu. Mən bunu internetdə də görürəm.

Bir şerin insanlara mənəvi-psixoloji təsir gücü ən radikal qəzetin beş illik nüsxəsindən də artıq ola bilər.

Çünki şeir insan yaddaşına hoparaq özünə yer tapır. Hətta unutmaq istəsən də, unudulmur.

- Sizə müraciət edən uğursuz şairlər çox olub? Sizin onlara cavabınız necə olub?

- Bildiyiniz kimi mənim öz prinsiplərim var. Mən şeir kitablarına ön söz yazmıram. Öz şeir kitabına ön söz yazdırmaq üçün mənə müraciət edən məndən cavan və yaşlı şairlərin uzun siyahısını tərtib etmək olar.

Ancaq mən heç kimin kitabına ön söz yazmamışam. Çünki bu çox məsuliyyətli işdir.

Baxmayaraq ki, mənim xoşuma gələn şairlər var. 60-cı illərin sonunda mənim yaradıcılığımın təxminən üç-dörd ili mahiyyət etibarı ilə eksperimentlər dövrü olub.

Elə bir cərəyan qalmayıb ki, ora baş vurmayım. Amma adam var ki, 30-40 ildir elə həmin eksperimentlərlə məşğuldur. İnsan gərək hər sahədə özünü tapa.

Fəlakət özünü tapmayanlarındır. Qrafomaniya böyük bəladır. Adını çəkmək istəmədiyim, tutalım ki, “Həsən” adlı bir şair qəzetdə yazmışdı ki, “bir vaxtlar mən də Ramiz Rövşəni yamsılayırdım. 46-cı Ramiz Rövşən idim”. Şeirlərinə baxdım, sonra dedim ona deyin ki, 46-cı Ramiz Rövşən olmaq birinci “Həsən” olmaqdan xeyli abırlı işdi. (Gülür)

- Həm sovet dövrü, həm də müstəqillik dövründə yazıb-yaradan şair kimi nə deyə bilərsiniz? Hansı dövrdə söz demək daha çətin idi?

- Özünüz bilirsiz ki, mən istər hakimiyyətə, istərsə də dövrə kifayət qədər tənqidi yanaşan adamam.

Sizə birmənalı deyirəm, sovet dövrü ilə indiki dövrü müqayisə etmək olmaz. İndi söz demək qat-qat asandır. Mən mətbuatdan bir qələm sahibinin də həbs olunmağının tərəfdarı deyiləm.

Mənim ünvanıma şər və böhtan deyənlər də daxil olmaqla. Elə şeylər var ki, onlara ictimai qınaq lazımdır. Azərbaycan cəmiyyətinin bir zəif cəhəti də ictimai qınağın olmamasıdır.

Mən adlar çəkmirəm, amma yaxın tariximizdə, gözümüzün qabağında şərəfini itirmiş çox adamlar var ki, onlar yenə də ağayana gəzirlər, qəhrəmancasına yekə-yekə danışırlar.

Halbuki ən azı onun bir vaxt əyləşdiyi post indi ona imkan vermir ki, belə davransın. Düzdür, indi çap olunmağın müəyyən maddi problemləri var.

Amma elə yazmaq lazımdır ki, bu problem də aradan qalxsın. Yəni, sənə ehtiyac olsun. Özünü tərifləmək kimi çıxmasın, amma bir çox nəşriyyatlar istəyirlər ki, mənim kitablarımı nəşr etsinlər.

Məndən xəbərsiz pirat kitabım çap olunub, neçə yerdə satılır. Qırmızı bir kitabdır, gündən-günə də qızarır... (Gülür)

- Sizə bu xoşdur, yoxsa…?


- Yox, mən buna çox pis baxıram. Özü də təkcə ona görə yox ki, mənim əqli mülkiyyətim hesabına başqa adamlar pul qazanır. Üstəlik həmin kitabda xeyli səhv var. Bu səhvlər həm şeirlərin təsir gücünü azaldır, həm də oxucunu çaşdırır.

- Şeirləri ərəb ölkələri və İranda çap olunan bir şəxs kimi bu günlərdə bu ölkələrdə baş verən prosesləri necə dəyərləndirirsiniz?

- İranda baş verən son proseslər heç şübhəsiz ki, Güney Azərbaycanda gedən böyük milli oyanışın göstəricisidir.

O ki qaldı ərəb ölkələrinə, siz fikir versəniz görərsiniz ki, inqilab baş verən ərəb ölkələri elə də maddi sıxıntısı olan dövlətlər deyil. Bunların əksəriyyəti neft ölkələridir.

Bu inqilablar ərəb dünyası içində Qərb və Avropa dəyərlərinə daha yaxın olan ölkələrdə baş verir. Çünki bu ölkələrdə seçim azadlığı yoxdur.

- Seçim azadlığı əldə etmək üçün mütləq küçələrə çıxaraq qan tökmək lazımdır? Yoxsa bunu əldə etməyin hər hansı alternativ yolu mövcuddur?

- Sizə səmimi deyim ki, mən ümumiyyətlə inqilab tərəfdarı deyiləm. Başda oktyabr inqilabı olmaqla bütün inqilabların tarixini bilən şəxs kimi deyə bilərəm ki, bütün inqilablar artıq yaşanan təcrübədir.

Mən belə deyərdim, inqilab nəticəsi məlum olmayan, gedişatı isə bilinən bir prosesdir.

İnqilabın gedişatında qan, ölüm olur. Seçim azadlığına qovuşmaq üçün ilk növbədə söhbətimizin əvvəlində qeyd etdiyim kimi barış nöqtələrinin tapılması vacibdir. Mən Azərbaycana inqilab arzulamıram.

Çox istərdim ki, Azərbaycanda inqilab yox, islahatlar həyata keçirilsin. Əgər iki adam arasında savaş gedirsə, onda ilk növbədə barışıq addımını güclü tərəf atmalıdır. Söhbət təbii ki, real gücdən gedir.

Əgər mövqeyi zəif, imkanları məhdud olan tərəf barışıq addımını atarsa, deyərlər ki, qorxdu. Güclü tərəf addım atanda isə deyərlər ki, böyüklük gəstərdi.

Eyni şey cəmiyyətə, iqtidar və müxalifət münasibətlərinə də aiddir. Mütləq bu cəmiyyətdə barış nöqtələri axtarılmalıdır.

Bizim söhbətimiz siyasi xarakterli olmasa da, bir məsələ ilə bağlı sözümü demək istəyirəm. Bu yaxınlarda mətbuatda köhnə dostum Arif Hacılının həbsxanadan yazdığı “Darıxıram” adlı bir şerini oxudum və çox təsirləndim.

Bu gün Arif Hacılı ilə birgə icazəsiz mitinqlərlə bağlı həbsdə olan başqa şəxslər də var ki, məhkəmələri gedir. Şəxsən mənə bu məhkəmələrin gedişatı qeyri-ciddi təsir bağışlayır.

Bu, tamamilə lazımsız bir prosesdir. Hakimiyyət üçün də, cəmiyyət üçün də.

Qarşıdan müstəqilliyimizin 20 illik yubileyi gəlir. Mən inanmaq istərdim ki, həmin adamlar bu münasibətlə azad olunacaqlar.

Bu, mənim dediyim həmin o barış nöqtəsinə sarı atılan ilk addım olardı. Yeri gəlmişkən, başqa bir məsələni də qeyd etmək istəyirəm.

Bu yaxınlarda Flora Kərimovanın 70 yaşı tamam oldu. Əgər ölkədə yubiley keçirmək ənənəsi varsa, onda Flora Kərimovanın yubileyi mütləq keçirilməli idi.

Biz söhbətimizin əvvəlində simvollardan danışdıq. Azərbaycan üçün xüsusi simvol sayılan müğənnilər, səslər var. Məsələn Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Qədir Rüstəmov, Alim Qasımov, Akif İslamzadə... Bu şəxslərin səsi həyatımızın, məişətimizin bir hissəsidir. Mən deyərdim ki, bu səslər bizim içimizə hopub.

Flora xanım belə sənətkarlar sırasına aiddir. Mən heç bir ada və yubileyə daxili ehtiyacı olmayan bir insanam. Flora xanımın isə ehtiyacı oldu-olmadı yubileyi qeyd edilməlidir.

- Yeri gəlmişkən son vaxtlar daha çox gileylənirlər ki, hər adama ad verilir...

- Əksinə, məncə bu çox yaxşıdır. Çünki fəxri adları ləğv etməyin iki yolu var. Ya gərək bu adların verilməsini qadağan edəsən, ya da hər yetənə ad verəsən ki, qiyməti qalmaya. Görünür, ikinci yol seçilib.

Bir vaxtlar Səməd Vurğun “Bizdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır” deyirdi. Şairə hörmət yaxşı şeydir, amma gərək ayrıseçkilik olmasın.

Məsələn, Məmməd Araz bizim böyük şairimizdir. Məmməd Araz ədəbiyyatda hansı dəyərlərin daşıyıcısı idisə, bu gün həmin dəyərlərin daşıyıcısı Məmməd İsmayıldır.

Məmməd Arazı sevib, Məmməd İsmayılı sevməmək artıq Məmməd Araza məhəbbəti də şübhə altına salır. Məsələn, Zəlimxan Yaqub xalq şairidir. Halal xoşu olsun. Ancaq Zəlimxan Yaqubdan əvvəl xalq şairi adı Musa Yaquba verilsəydi, mən bilən Zəlimxan da bundan qətiyyən inciməzdi.

Bu dediklərimlə söhbətimiz bir qədər fərdiləşdi, ancaq mənim sadaladıqlarım reallıqlardır.

- Bildiyiniz kimi bizim böyük aktyorlarımız olan Səməndər Rzayev və Hamlet Qurbanov əməkdar artist fəxri adları ilə dünyalarını dəyişiblər. İndi isə xalq artisti adının çoxlarına verilməsi siz necə təsir göstərir? Ümumiyyətlə, xalq şairi adını almağı arzulayırsınız?

- Mən 20 il bundan əvvəl müsahibələrimdən birində demişdim, arzum budur ki, 100 kitabım çıxsa da, yenə mənə xalq şairi adı verilməsin.

Vəsiyyətim də budur ki, 100 yaşında ölsəm də məni Fəxri Xiyabanda basdırmasınlar.

Sonralar bir jurnalist xanım məndən soruşdu ki, birdən sizə xalq şairi adı versələr, nə olacaq?

Mən də gülüb cavabında dedim ki, bu da olacaq mənim yerinə yetməyən arzularımdan biri. Zarafat öz yerində, amma düşünürəm ki, fəxri adın verilib-verilməməsi mahiyyətcə heç nəyi həll etmir.

Ona qalsa, Süleyman Abdullayev kimi gözəl xanəndəmizin heç bir fəxri adı yoxdur. Bu o demək deyil ki, Süleymanı sevənlər azdır.

Ümumiyyətlə, bu ad məsələsi ilə bağlı ehtiraslar, giley-güzarlar mənə gülməli gəlir.

O ki qaldı Səməndər Rzayevə... Mən deyərdim ki, Səməndər dahi aktyor idi. Mən onunla dost olmuşam. O, bənzərsiz, müqayisəsiz bir sənətkar idi.

Gürcülərin Səməndər kimi aktyoru olsaydı onun üçün xüsusi ssenarilər yazıb filmlər çəkərdilər.

Təxminən 20 il bundan əvvəl dövlət televiziyasında Səməndər Rzayev haqqında bir saatlıq veriliş hazırlayıb rəhbərliyə təqdim etmişdilər.

Rəhbərlik də həmin verilişi qəbul etməyib demişdi ki, əgər əməkdar artistə bir saatlıq veriliş həsr olunsa, onda gərək xalq artistinə iki saatlıq veriliş həsr oluna. Görün, nə qədər gülməli yanaşmadır.

Təəssüf ki, bu cür yanaşma indi də bir çoxlarında var. Halbuki, Səməndər heç əməkdar artist olmasaydı da yenə onun dahiliyindən heç nə azalmazdı.

Və elələri də var ki, beş qat xalq artisti və ya xalq şairi olsalar da, yenə vücudları beş qəpiyə dəyməz.

Azad Əliyev

P.S. Ramiz Rövşənlə Kinostudiyadakı söhbətim hələ çox uzanacaqdı, əgər otağa daxil olan katibə qadın şairə iclasın başladığını bildirərək vaxtı xatırlatmasaydı. Onu da qeyd edim ki, Ramiz Rövşənlə söhbətdən aldığım mənəvi zövq məni uzun müddət tərk etmədi. Düşünürəm ki, ömrümün axırınadək də tərk etməyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG