Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:39

Prezident seçkisində müxalifətin vahid namizədi ola bilərmi?


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«İşdən sonra» proqramında siyasi şərhçilər Zərdüşt Əlizadə, Hüseynbala Səlimov və Azər Rəşidoğlu bu mövzuda fikirlərini bölüşürlər.

Zərdüşt Əlizadə:

«Ləyaqətli insanlar çoxdur. Lakin onların siyasətə gəlişi çətindir. Siyasətdə fəaliyyət göstərməsi çətindir. Siyasət mütləq resurs tələb edir. Yalnız insanın fərdi cəsarəti, ağlı, fədakarlığı kifayət etmir. Mütləq pul olmalıdır. Fəaliyyət göstərdiyi məkanda hansı oyun qaydalarına riayət edilməsi şərt olmalıdır. Bizim HAKİMİYYƏT GÖRƏNDƏ Kİ, UDUZUR, ŞAHMAT TAXTASINI VURUR RƏQİBİNİN BAŞINA. Polisi tökür, KQB-ni tökür, ikinci turu ləğv edir. Bu da olur guya ki, bizim Azərbaycan sayağı seçki. Mən bir vətəndaş kimi Azərbaycanın başında duracaq hansısa bir prezidenti görürəm, tanıyıram və istəyirəm ki, o, olsun. Bilirəm ki, o, olsa, Azərbaycana böyük fayda gətirə bilər. Savadı ilə, əxlaqı ilə başımızı uca edə bilər. Amma mən bilirəm ki, o cür adamı bizim indiki cəmiyyətimiz qəbul etməz. Buna hazır deyil. Bir şeyi xatırladım. İdeal prezident olmasa da, hər halda milli barışığa, koalision hökumətə çağıran prezident Ayaz Mütəllibov olub. Onu devirəndən, istefasına nail olandan sonra Rəhim Qazıyev Ali Sovetdə dedi ki, sizin kimi prezident yalnız İsveçrədə ola bilər. Həqiqətən də o, İsveçrədə ola bilərdi. Gəlir, neft, torpaq uğrunda amansız mübarizənin hökm sürdüyü Azərbaycan kimi ölkədə mülayim, liberal, yumşaq, qanunlara hörmət edən prezidentin olması çox çətindir...».

Azər Rəşidoğlu:

«Hakimiyyət dəyişikliyi baş verərsə, ənənəvi müxalifət liderləri - ƏLİ KƏRİMLİNİN VƏ YA İSA QƏMBƏRİN APARICI FUNKSİYALARDA ÇIXIŞ ETMƏSİ ÇOX AZ AĞLABATANDIR. Azərbaycanda həqiqətən demokratik islahatların baş tutması istənilirsə, bir qədər kənardan namizəd axtarılmalıdır. Azərbaycanda heç kimin tanımadığı insanlar var ki, onlar hansısa bir N anında meydana çıxa və qısa bir zamanda - müqayisə qüsurlu olsa da -
Azər Rəşidoğlu
Saakaşvili missiyasını üzərinə götürə bilər… Azərbaycan siyasətində kifayət qədər insanlar var ki, onların potensialından istifadə edilə bilər. Zərdüşt Əlizadənin, Mehman Əliyevin, İlqar Məmmədovun potensialından istifadə oluna bilər. Barışdırıcı - birləşdirici fiqurlar var ki, onların ətrafında birləşmək olar. Rəsul Quliyev-İsa Qəmbər, Əli Kərimli - İsa Qəmbər, Etibar Məmmədov – İsa Qəmbər birləşməsi mümkün deyil. Bu, çox ağır savaşlara gətirib çıxarar. Belə olarsa, nəyə görə məhz Zərdüşt Əlizadənin, Mehman Əliyevin, İlqar Məmmədovun, Erkin Qədirlinin və ya Eldar Namazovun, İlyas İsmayılovun, Lalə Şövkətin və bu kimi birləşdirici fiqurların ətrafında birləşməyək?...».

Hüseynbala Səlimov:

«O ADAM ÖZÜ BİZİ AXTARMALIDIR. Elə bir adam çıxmalıdır ortalığa və özü bizi axtarmalıdır. Bizim bəxtimizə elə yazılıb ki, biz demokratik ölkələrdəki kimi siyasət qurmuruq. Bəlkə də demokratik ölkə olsaydıq, bir nəfər dinc yolla uğurlu siyasi kampaniya aparmaqla ortaya çıxa bilərdi. Amma Azərbaycanda bu şərait yoxdur, Azərbaycan avtoritar bir ölkədir. Bu situasiyanı dəyişmək iqtidarında olan, özünə inanan və başqalarını özünə inandırmaq iqtidarında olan adamlar meydana çıxmalıdır. O adam hazırdırmı ki, Nelson Mandela kimi 27 il həbsxana yatsın? Ancaq bu tip siyasətçilər Azərbaycandakı situasiyanı dəyişə bilərlər. Bu, hakimiyyət yalnız güclə hesablaşa bilər. Güclə hesablaşmaq üçün ortada güc olmaq lazımdır, gücə çevrilmək lazımdır. Mən konkret adların üstündə dayanmaq istəmirəm. Onların içərisində elə adamlar var ki, özləri dəfələrlə deyiblər ki, hər hansı siyasi mənsubiyyətləri yoxdur. Siyasətlə məşğul olmaq istəmirlər. Həmin adamları siyasi namizəd kimi təqdim etmək o qədər də düzgün deyil. Bir də ki, xalça üstündə siyasətə gəlmirlər...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG