Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:06

Kredit götürən naxçıvanlı sahibkarların «şapka» buxovu...


«Şərq Qapısı» qəzeti

«Şərq Qapısı» qəzeti

Naxçıvanda kənd təsərrüfatının inkişafına ayrılan kreditlərin getdikcə artırıldığı bildirilir. Hər halda Muxtar Respublika Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan «Şərq Qapısı» qəzetinin 25 avqust tarixli sayında belə yazılıb. Həmin yazıda qeyd olunur ki, muxtar respublika üzrə 5222 nəfərə 5 milyon 296 manat güzəştli kredit verilib. Məlumatda daha sonra vurğulanır ki, suya olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinə müasir texnikaların verilməsi nəticəsində kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsinə çevrilib.

Bəzi naxçıvanlı fermerlər isə deyilənlərlə razılaşmırlar. Şahbuz rayonundan olan fermer Nofəl Qasımov bildirir ki, kreditlər fermerlərə güzəştlə yox, təxminən 30 faiz «şapka» ilə verilir:

«TÜRKİYƏDƏ İŞLƏYİR, GƏTİRİB KREDİTİNİ QAYTARIR»

«Düzdür, kredit verirlər, amma yarısını camaatın əlindən alırlar. Kim vermirsə, ona kredit verilmir. Naəlac adamlar götürür krediti. Neyləsin? Adam var, məcbur olub götürür, fikirləşir ki, 1-2 mal-heyvan alıb dolanar. Sonra ödəmək vaxtı gələndə çətinlik çəkir. Camaat əkdiyini ilboyu cəmi bir dəfə suvarır. O da yazda. Adam var, heç əkdiyi toxumu götürməyib. Sonra da pulu qaytarmaq vaxtı gələndə, gedib Türkiyədə işləyir, gətirib kreditini qaytarır. 1000 manat götürürsənsə, 300 manat artıq qaytarmalısan. Su olmayacaqsa, mən əkini neynirəm? Kim nə deyirsə, hamısını yalan deyir».

«Şərq Qapısı» qəzetində isə qeyd olunur ki, torpaq mülkiyyətçiləri və fermerlərlə qarşılıqlı fəaliyyətin nəticəsində kreditlərin 99.5 faizi geri qaytarılıb.

İqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, «sahibkarlara güzəştli kredit» adı altında yüksək faizli kredit verilməsi korrupsiya
Məhəmməd Talıblı
faktıdır :

«BU, KORRUPSİYANIN ÇİÇƏKLƏNMƏSİDİR»

«Verilən kreditlərdə «şapka» məsələsi sahibkarların xərclərini artıran amildir. Belə olduqda hansısa sahibkarın ciddi bir uğurundan da danışmaq olmaz. Həmin sahibkardan alınan «şapka» sahibkarın xərclərinə daxil olur. Banklardakı «şapka» əməliyyatı vəziyyəti ağır olan naxçıvanlı sahibkarların vəziyyətinin daha da ağırlaşdırır. Bu, qeyri-qanuni haldır, korrupsiyanın çiçəklənməsidir. Bu da həmin vəsaitlərin faydalı olmadığını və səmərəli xərclənmədiyini göstərir. Bununla bağlı hüquqi ölçü götürülməlidir. Bu hal Naxçıvanda yaşayan əhalinin maddi vəziyyətini daha da ağırlaşdırır. Nəticədə Naxçıvanda miqrasiyanın səviyyəsi daha da artır».

İqtisadçı qeyd edir ki, güzəştli kreditlər əslində 4-6 faizlə verilir. Onun fikrincə, Naxçıvanda sahibkarlara sənədləşdirmədə güzəştli kreditlər verirlər. Reallıqda isə söhbət böyük faizlərdən gedir.

«KORRUPSİYADAN DANIŞMAQ TAM ABSURDDUR»

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə kreditlərin verilməsi zamanı rüşvət alınması barədə deyilənləri təkzib edir:

«Güzəştli kreditlərin verilməsi tam şəffaf həyata keçirilir. Bu kreditlər sahibkarlara, fermerlərə əsasən KİV-in iştirakı ilə təqdim olunur. Bu sahədə ümumiyyətlə şəffaflıq tam təmin edilib. Bundan başqa, beynəlxalq audit tərəfindən də yoxlamalar aparılır və bu barədə mətbuata məlumat verilir. Ümumiyyətlə, güzəştli kreditlərin verilməsində korrupsiyadan danışmaq tam absurddur».

Şərhləri göstər

XS
SM
MD
LG