Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:30
XARİCİ QÜVVƏLƏR VƏ «YOL XƏRİTƏSİ»

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsini dərc edib:

- Məlumata görə, «Yol xəritəsi» ABŞ diplomatları ilə müzakirə edilib. Sizcə, bu, xarici qüvvələrin alət kimi istifadə etdikləri radikal müxalifətə yenidən maraq göstərməsi deyilmi?

- Qeyd edim ki, bəzi xarici dövlətlər Azərbaycanın güclü, imkanlı, inkişaf etmiş dövlət olmasını istəmir. Ətrafımıza nəzər salsaq, istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərqdə, o cümlədən, postsovet məkanına daxil olan ölkələr arasında, Şərqi Avropada elə bir sistem yaratmağa çalışırlar ki, orda güclü dövlət olmasın və o dövlət orda yaşayan xalqın maraqlarını əks etdirməsin. Bu və ya digər şəkildə özlərinin maraqlarını həyata keçirsin və həmin dövlətlər də o ölkənin istər təbii sərvətlərindən, istərsə də digər resurslarından istədikləri şəkildə istifadə etsinlər. Keçmişdə belə bir üsul mövcud idi ki, ölkələrin daxilinə nüfuz etmək üçün oradakı müəyyən qüvvələri hərəkətə gətirirdilər. İndi bu qüvvələrdən ancaq pərdə kimi istifadə edirlər. Hal-hazırda istər Liviya, istər Misir və ya Suriyada baş verən hadisələrə baxdıqda görürük ki, orda xalq anlayışı yoxdur. Onların təqdim etdikləri «üsyançı xalq» anlayışı «əl-Qaidə» döyüşçülərindən ibarətdir. Buna hər hansı bir demokratik don geyindirməkdən ötrü, o insanların ətrafına bir neçə siyasi partiyalar, bir neçə qeyri-hökumət təşkilatı, qurumlar cəlb edərək xalqın tələbi kimi qələmə verirlər. Bu baxımdan İctimai Palatanın da müzakirə üçün təqdim etdiyi «layihə» heç bir gerçəkliyi əks etdirmir, məntiqə sığmır. Azərbaycan Avropa Şurasının üzvüdür, Azərbaycanda qəbul olunan qanunlar və həyata keçirilən islahatlar Avropa qurumları ilə məsləhətləşmələrdən sonra aparılır, onların tövsiyəsi nəzərə alınır. Bütün bunlar olduğu tərzdə Azərbaycanda demokratiyanın olmadığı haqda danışmaq qeyri-ciddilikdən xəbər verir. Azərbaycanda söz və mətbuat azadlığının boğulması və digər halların mövcud olması cəfəngiyatdan başqa bir şey deyil. Bu gün müxalifət xalqla deyil, muzdla işlədikləri ağaları ilə birlikdədir. Azərbaycanda insanların öz yolu var və hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilər yolu ilə hakimiyyətini formalaşdırır. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Bu adamlar bir çox mühüm, əhəmiyyətli məsələləri əhaliyə düzgün formada çatdırmaq əvəzinə, başqa formada təqdim edirlər. Bununla da ölkənin mövqeyinə, nüfuzuna ləkə salmağa çalışırlar.

VAŞİNQTON «WIKILEAKS»LƏ XƏBƏRDARLIQ EDİR

«Azadlıq» qəzeti isə siyasi ekspert Zəfər Quliyevdən «WikiLeaks»in yeni teleqramlarının nəyə xidmət etməsini soruşub:

Zəfər Quliyev
- Mən ilk gündən hesab edirəm ki, «WikiLeaks»in arxasında ciddi siyasi qüvvələr dayanır və onlar lazım gələndə müxtəlif ölkələrə qarşı bu saytdan istifadə edirlər. O zaman sual yaranır ki, nəyə görə Azərbaycanla bağlı növbəti silsilə sənədlər çap olunub. Çünki bu sənədlərin bəzisində dövlət başçısının imicinə zərbə gətirən məlumatlar da var. Bir məqama diqqət çəkmək istərdim. Biz görürdük ki, dövri olaraq Azərbaycan-ABŞ münasibətlərində gərginlik müşahidə olunurdu. Vaşinqton Azərbaycanın daxili və xarici siyasətini qəbul etmirdi.

- Belə olan halda, bu sənədlər Vaşinqtonun rəsmi Bakıya bir xəbərdarlığı ola bilərmi?

- Bəli, bu sənədlərdən elə nəticəyə gəlmək olar ki, sanki Vaşinqton Azərbaycan hakimiyyətinə növbəti dəfə xəbərdarlıq edir. Bəyan olunur ki, bizdə kifayət qədər sənəd var. Özü də nəzərə almaq lazımdır ki, çap olunan sənədlərin əksəriyyəti «məxfi» qrifli sənədlər deyil. Ona görə güman etmək olar ki, daha məxfi sənədlər var ki, onlar da meydana çıxa bilər. Bu cür düşünməyə bəzi hakimiyyət yetkililərinin «WikiLeaks»in sənədlərinə çox sərt reaksiya verməkləri də əsas verir. Dərhal həm Əli Həsənov, həm Novruz Məmmədov bu sənədlər çap olunan kimi onların yalan və böhtan olduğunu bəyan etməyə başladılar. Maraqlıdır ki, hər iki məmur «WikiLeaks» fenomeninin ikinci versiyasının üzərində dayanaraq, Qərbdəki qüvvələrin bəzi ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməkdə maraqlı olduqlarını bəyan edirlər. Hesab edirəm ki, bu baxımdan sənədlər öz məqsədlərinə çatıblar. Çünki rəsmi Bakı onlara çox əsəbi və sərt cavab verdi.

SABAH BAKI KÜÇƏLƏRİNDƏ FƏLAKƏT YAŞANACAQ

«Yeni Müsavat» qəzeti: Yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi xüsusən məktəblərə yaxın ərazilərdə gücləndirilmiş tədbirlər həyata keçirir. Bu tədbirlərin nədən ibarət olması barədə konkret söz deyilməsə də, statistikanın son durumu qorxuya səbəb olur. Ölkədə 1 milyon 15 min avtomobil var və onların 613 mindən çoxu Bakıda qeydiyyatdan keçib. Eləcə də hər gün Bakıya ölkənin rayonlarından 50 mindən artıq minik vasitəsi daxil olur.

15 sentyabra cəmi 1 gün qalsa da, şəhərdəki bir çox yollarda işıqforların işləməməsi vəziyyəti qəlizləşdirib. Paytaxtın Tbilisi prospektində 3, İnşaatçılar prospektində isə bir işıqfor işləmir. Bundan başqa, mərkəzdəki bəzi küçələrdə təmir getdiyi, tikinti işləri aparıldığı üçün yollar ya tamamən hərəkətə bağlanıb, ya da məhdudiyyətlər qoyulub.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov isə «Yeni Müsavat»a açıqlamasında deyib ki, tıxac bəlası arxada qalıb. Yol qovşaqları, tunellər çoxalıb, bunlar problemin həllinə kömək edir. Bu il tıxac problemi ilin sonunda nəqliyyatda tətbiq olunacaq saat mexanizminə görə azalacaq. Belə ki, artıq avtobuslar dayanacaqdan dayanacağa işləyəcək. Vahid dispetçer sistemi isə problemi minimuma endirəcək:

«İlin sonundan başlanacaq tədbirlər tıxac problemini maksimum azaldacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG