Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57













Qızılgül kolları

qızılgül kollarına
ilişdi ətəklərim hər zaman
məni yolumdan əylədi kollar
onlar kimi fani və gözəl olduğumu
qulağıma pıçıldadılar

palçıq gölməçələrində
buraxdığım ayaqqabılar
heç bir şahzadəni gətirmədi qapıma
gözlərimdən axan damlaları
saymaqla keçirtdim illərimi

əllərimə əlcək geydim
yayın qızmarında da
yalın barmaqlarım girməsin gözə
yalnızlığımı oxumasınlar
yalnızlığından utanacaq qədər
kövrəkdim həyata qarşı

qoca bir qarıyam indi
güzgülərə baxmaqdan qorxan
bir şəkil belə yox
köksümə sıxıb ağlamağa
ağlamağı yadırğamışam

həmin o gül kolları
buraxmır ətəyimi hələ də
məni yolumdan əyləyir kollar
onlar kimi fani və solmuş olduğumu
qulağıma pıçıldayırlar


Doğum günü

doğum günlərində
yandırılan şamları
o şamları üfürməyi sevmirəm
mənə ölümü xatırladır şam

mən də sənin kimi
dəyişik keçirmişəm ayağıma çəkələklərimi
tərs geyinmişəm paltarımı
güzgünün qabağında oynamışam səhər-axşam
böyüməyə çalışmışam
balacam...

məni təkrar etməyin
hüznlü mahnılara kövrəlməyin
qorxulu nağılları sevməyin
gəlmir xoşuma
mənə bənzəməyin gəlmir xoşuma
sənə çətin olacaq, balacam...

bayramlarda yandırılan şamları sevmirəm
“kimin şamı gec sönəcək” sınamasını sevmirəm
sevmirəm şam qoxusunu, sevmirəm...

sənə ad günü keçirməyəcəm
yaşını bilmədən yaşayasan
bax bu ağaclar kimi
uçan quşlar kimi
balıqlar kimi
yoxsa bu nədir, nə
hər il qalan həyatının
hesabını aparasan
uşaq çöplərlə hesabı öyrənən kimi
şamlarla sayasan
yanıb keçən illərini
incimə, quzum
şama verdiyim pula
bir cüt sancaq alaram
taxarsan saçlarına...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG