Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

«Qarabağı ayırmaq istəyənlər ya utopist, ya da...»


«Sultan bəy və Xosrov bəy qardaşları» kitabının müəllifi Ziyadxan Nəbibəyli

«Sultan bəy və Xosrov bəy qardaşları» kitabının müəllifi Ziyadxan Nəbibəyli

«Xosrov bəy Sultanovun Cümhuriyyət dövründə Qarabağın general qubernatoru kimi fəaliyyəti xüsusi dəyərləndirilməlidir»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Sultan bəy və Xosrov bəy qardaşları» kitabının müəllifi Ziyadxan Nəbibəyli söylədi.
Qardaşlarla qohumluq münasibətində olan müəllif əvvəlcə Xosrov bəy haqqında ayrıca kitab yazmaq istəyib: «Bu il Soltan bəyin anadan olmasının 140 illiyi olduğuna görə qardaşları ayırmamağa qərar verdim. Düşündüm ki, 1918-20-ci illərdə Qarabağda olan erməni-müsəlman savaşıında onları bir-birindən ayırmaq olmaz. Çünki qardaşlar ömür boyu bu yolda mücadilə edib».

SULTAN BƏY XALQ QƏHRƏMANI İDİ

Kitab müəllifinin dediyinə görə, Sultan bəyi Laçın əhalisi arasından çıxmış xalq qəhrəmanlarının davamçısı saymaq olar: «Hələ 1906-cı ilin iyulunda Şuşada erməni-müsəlman davası zamanı şəhərin ermənilər tərəfindən mühafizəsini birinci yaran xalq qəhrəmanı İbrahim bəydən sonra Sultan bəy Şuşaya girmişdi. İbrahim bəy bu döyüşdə şəhid olmuş, Gövhərağa məscidinin həyətində dəfn edilmişdi. Sultan bəy atası Paşa bəylə birlikdə İbrahim bəyin igidlərini öz dəstələrinə qataraq Şuşanı azad etmişdilər».

DƏNİZDƏN-DƏNİZƏ BÖYÜK ERMƏNİSTAN...

Ziyadxan Nəbibəyli tarixi faktlara söykənərək bildirib ki, 1918-ci ildə Andronikin qoşunları Azərbaycanda, Türkiyədə və Gürcüstanda faciələr törətdikdən sonra qoşunlarını Zəngəzurda cəmləmişdi. «Məqsədi Zəngəzurla Aran Qarabağı birləşdirmək və dənizdən-dənizə böyük Ermənistan yaratmaq idi. Andronik Rusiyada oxumuşdu, general-mayor rütbəsindəydi, dövrün hərb qaydalarını yaxşı bilirdi, türkü görməyə gözü yox idi... Müəllif o dövrdə Zəngəzurda və Laçında vəziyyətin çox ağır olduğunu deyir: «Sultan bəy Yuxarı Zəngəzurda Hacısamlı deyilən yerin bəyi idi. Daşnakların basqınları nəticəsində insanlar təsərrüfatla məşğul ola bilmirdilər, dağa çıxa bilmirdilər. Qarabağ qubernatorluğunun başı başqa bölgələrə qarışmışdı. Zəngəzura kömək iqtidarında deyildi. Sultan bəy bütün bu işlərin içində idi. Amma o bir tərəfi müdafiə edəndə, ikinci tərəfdə tam silahlanmış ordu kəndlərə hücum edir, insanları qətlə yetirirdilər».

«Sultan bəy və Xosrov bəy qardaşları»
SƏBR KASASINI NƏ DOLDURDU?

Verilişimizin qonağının dediyinə görə, səbr kasasını Laçının Daşbulaq kəndində 1918-ci ildə baş vermiş bir faciə daşırdı: «Silahlı daşnaklar bir həyətdə əli silahsız dörd kişini və bir qadını xüsusi amansızlıqla qətlə yetirmişdilə».

ANDRONİKİN TOPU DA VARMIŞ...

Bu hadisə bütün Zəngəzura yayılır və insanlar hiddətlənərək öz xoşluqları ilə Sultan bəyin başçılıq etdiyi Hacısamlı özünümüdafiə dəstələrinə qoşulurlar:

«Sultan bəyin yeganə dayağı Laçın və onun qeyrətli əhalisi idi. Cümhuriyyətdən heç bir silah-sursat və əsgəri qüvvə ala bilmirdi. Daşnak Andronikin isə güclü silahları, hətta topu var idi... Əhali Sultan bəyin dəstəsinə maddi kömək etməyə başlayır və bu yardım sayəsində o hətta bir ədəd top ala bilir».

SULTAN BƏY SEPARATÇILARI MƏĞLUB EDİR

Ziyadxan Nəbibəylinin danışdığına görə, uzun sürən danışıqlardan, hazırlıqlardan sonra Laçının Zabux dərəsində çox ciddi döyüşlər gedir: «Daşnaklar geri çəkilməyə məcbur olurlar. Laçınlı Sultan bəyin Andronik üzərində qələbəsi hərb tariximizin çox şərəfli səhifələrindəndir. Andronik əli hər yerdən çıxdıqdan sonra bolşevik Rusiyası ilə danışıqlar aparır, yeni silahlı dəstə yaratmaqla Azərbaycan torpaqlarını tutmaq istəyir. Ancaq istəyi Sultan bəy və Xosrov bəy qardaşlarının səyi ilə heçə endirilir».

XOSROV BƏY-QARABAĞIN GENERAL-QUBERNATORU

Verilişimizin bələdçisi kiçik qardaş Xosrov bəyin 1879-cu il martın 10-da Hacısamlıda doğulduğunu (Sultan bəy ondan 8 yaş böyükmüş) deyir: ««İttihad» partiyasının üzvü olub. Odessa Tibb Universitetini bitirib. Cümhuriyyətin ilk müdafiə naziri-general, ikinci kabinetdə əkinçilik naziri, 1919-cu ilin 15 yanvarından 1920-ci il aprelin son günlərinədək Şuşada Qarabağın general qubernatoru olub. Qubernatorluq yaradılarkən Xosrov bəyin Zəngəzurdan olması, bölgələri yaxşı tanıması, bir də Sultan bəyin qardaşı olması əsas götürülüb. Xosrov bəyin Zəngəzurun, xüsusən də Qarabağın separatçılardan müdafiə edilməsində zəhməti heç də qardaşından az olmayıb».

«QARABAĞI AYIRMAQ İSTƏYƏNLƏR YA UTOPİST, YA DA... »

Bu sözlər Xosrov bəyin Cümhuriyyətin orqanı olan «Azərbaycan» qəzetinə verdiyi müsahibədəndir. Xosrov bəy belələrini ya utopist, ya da öz xalqının düşməni adlandırır: «İqtisadi baxımdan bölünməz bir vahid olan Qarabağ, siyasi baxımdan da bölünə bilməz. Bütün Qarabağ bölünməz bir vahiddir, bədəni başdan, başı da bədəndən ayırmaq və bütün vücudun sağ-salamat qalmasını arzulamaq olmaz... Gələcək rifahın dinc yanaşı yaşamaq prinsipinə əsaslanacağı bir təqdirdə hərbi xarakterli tədbirlərin görülməsi cinayətkarlıqdır və buna yol verilə bilməz».

TARİXİ FÜRSƏTİ TARİX ÖZÜ BOĞDU

Müəllifin fikrincə, hər iki qardaş müqəddəs mübarizələrini mərd-mərdanə aparmaqda israrlı idi: «Cümhuriyyət dövründə Xosrov bəy Gorusa girmək, Zəngəzuru daşnaklardan təmizləmək üçün icazə istəmişdi, ancaq ona lazım olan icazə verilməmiş və yardım göstərilməmişdi. Bütün bunlara baxmayaraq, 1920-ci ilin martında Xosrov bəy Novruz bayramı ərəfəsi ermənilərin Şuşada qaldırdığı qiyamı dəf edə bildi. Qarabağdakı daşnak qüvvələri zərərsizləşdirdi, sadə ermənilərlə vətəndaş sülhü yaratdı. Qardaşı Sultan bəylə Zəngəzurun azad edilməsi yolunu işləyib hazırladı. Lakin bu tarixi fürsəti tarixin özü ona imkan vermədi. Milli hökumət çökdü, bütün işlər alt-üst oldu».

Sultan bəy və Xosrov bəy
CÜMHURİYYƏTİN SÜQUTU

Bolşevik işğalından sonra Xosrov bəy heç yerə getməyib: «İki həftə Qarabağın general qubernatoru vəzifəsində qalıb. Çünki onun üçün əsas Vətənin sərhədlərinin qalması məsələsi idi. Onu Cümhuriyyətin seçilən bir şəxsiyyəti kimi həbs edib Bakıya gətiriblər. Xosrov bəyi tələbə dostu N.Nərimanov və Çingiz İldırım xilas edib. Bayıl türməsindən qaçmağa yardımçı olub».

MÜHACİRƏTDƏ...

Ziyadxan Nəbibəyli uzun məşəqqətlərdən sonra hər iki qardaşın Vətəndən mühacirət etməyə məcbur qaldıqlarını deyir: «Sultan bəy Qarsda məskunlaşıb, Zəngəzurdakı kimi şəxsi təsərrüfatla məşğul olub. Bir qədər passiv yaşayıb. Xosrov bəy isə əvvəlcə Türkiyədə, İranda, sonra Fransa, Almaniya və Polşada yaşayıb, Tibb Universitetində professor kimi çalışıb. Sonda yenə Türkiyəyə-Trabzona qayıdıb. Türkiyədə «İttihad» partiyasının sədri olub, M. Ə. Rəsulzadə ilə sıx təmasda olub. Türkiyədə və Avropada etdiyi fəaliyyətlərdə Azərbaycanın müqəddəratını bir an belə unutmayıb».

70 İLLİK SÜKUT...

Ziyadxan Nəbibəyli Azərbaycanda və mühacirətdə olarkən həyatını xalqının azadlığına həsr edən bu görkəmli sərkərdənin, ictimai-siyasi xadimin məşəqqətli, mürəkkəb, ancaq şərəfli həyatının hərtərəfli öyrənilməməsi qənaətindədir: «70 il xalqın bu böyük oğlunun və digərlərinin adının çəkilməsinə imkan verilməyib. Barı bundan sonra bu səhvi düzəltməyə çalışaq».

«İz»i bu səhifədən dinləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG