Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:39

Moskva Məscidi yerlə-yeksan edildi


Moskva Mərkəzi Məscdinin sökülməsi, 11 sentyabr 2011
Moskva Mərkəzi Məscdinin sökülməsi, 11 sentyabr 2011

Rüstəm Raxmatullin: “Namaza gələnlər çoxdursa, buna görə məscidi sökmək lazım deyildi”

Rusiya paytaxtında bir əsrdən çoxdur fəaliyyət göstərən Mərkəzi Məscid sentyabrın 11-də dağıdılıb.

AzadlıqRadiosunun məlumatına görə, Vıpolzovıy küçəsində yerləşən bu bina 1904-cü ildə tatar biznesmeni Salih Yerzinin maddi dəstəyi ilə tikilib.

Məscidin kommunikasiya departamentinin rəhbəri Ruşan Abbasov radioya müsahibəsində deyib ki, binanın yerində daha böyük bir məbəd tikiləcək. Onun sözlərinə görə, Moskvada müsəlmanların sayı artdığından, burada əvvəlkinə nisbətən böyük məscidə ehtiyac var imiş.

Rusiya Müftilər Şurası sədri Ravil Qainutdinin qərargahı da Mərkəzi Məsciddə yerləşirdi. Məscidin imamı vəzifəsini yerinə yetirən Qainutdin ofissiz qalsa da, məscidin sökülməsinin, yerində daha iri İslam mərkəzinin tikilməsinin tərəfdarıdır.

Məscid sökülməsi - vandallıq aktıdır

Sökülən binanın yerinə tikiləcək məscidin layihəsi
Lakin Moskva müftisi Albir Krqanov bu tarixi binanın yerlə yeksan edilməsini vandallıq aktı kimi qiymətləndirib. Onun fikrincə, bu cür addımlar son nəticədə Moskva müsəlman icmasının de-tatarlaşmasına gətirib çıxaracaq.

Moskvanın tarixi irsi uğrunda mübarizə aparan dindar Rüstəm Raxmatullin də Moskva Məscidinin dağıdılmasını pisləyib:

”Düzdür, köhnə binaya namaza gələn müsəlmanların hamısını ora yerləşdirmək olmurdu. Amma bu, o demək deyil ki, məscidi sökmək lazım idi”.

Moskvada yeni məscidlərin tikilməsinə razılıq verilməyib

Son illər Moskvanın bir sıra rayonlarında məscid tikilməsi təşəbbüsü irəli sürülüb. Lakin bu cür təşəbbüslər yerli əhali arasında üstünlük təşkil edən pravoslavlar tərəfindən kəskin reaksiya ilə üzləşib.

Mərkəzi Məscid 2004-cü ildə - 100 yaşında Tatarıstanın bilavasitə köməyilə köklü surətdə təmir olunub. 2007-ci ildə Moskva hökuməti Məscidin ətrafında yeni dəmir-beton konstruksiyalar tikilməsinə icazə verib. 2008-ci ildə Moskva Tarixi İrsi Komissiyası məscid binasını “qorunan mədəni irsi obyekt” elan etsə də, bir il sonra öz qərarını dəyişdirib. Nəticədə Moskva hökuməti məscidi sökmək haqda göstəriş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG