Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

Cənub rayonlarının məktəbləri nədən geridə qalır?


Zahir Əmənov
Orta məktəblərin buraxılış imtahanlarında adətən cənub rayonları ən aşağı nəticə göstərirlər. Ötən il respublika üzrə Masallı, bu il isə Astara rayonu sonuncu yerdə qərar tutub.

MASALLI RAYONUNUN GÖSTƏRİCİLƏRİ...

Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov bu il 1243 nəfərin attestat aldığını deyir. Onlardan 238 nəfəri ali məktəblərə daxil olub. Bunların da 39 nəfəri 500-dən, 11 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Masallıda çıxan «Cənub xəbərləri» qəzetinin redaktoru Zahir Əmənov isə hesab edir ki, buraxılış imtahanlarının nəticələri şərtidir:

«BİR ÇOX MƏKTƏBLƏRDƏ SAXTAKARLIQ EDƏ BİLMƏDİLƏR»

«Bu il attestat alanların bir çoxları 100 baldan yuxarı keçə bilmədi. Bu attestatların verilməsi də dəqiq deyil. Harada ki nəzarətçilərlə dil tapa bilirlər, orda nəticəni yüksəldə bilirlər. Harada bu alınmır, orda aşağı olur. Ötən il ölkə mətbuatında çıxış etdik ki, attestatlar üçün pul yığılır. Bundan sonra Təhsil Nazirliyi bunu nəzarətə götürdü. Bir çox məktəblərdə saxtakarlıq edə bilmədilər. Nəticədə Masallı attestat alanların sayına görə sonuncu yeri tutdu. Həmin nəzarət respublikanın hər hansı bir rayonunda olsaydı, yəqin ki, orda da buna oxşar nəticə olardı».

Zahir Əmənov deyir ki, nə qədər ki, imtahanlara nəzarət ədalətli deyil hər şey ola bilər:

«Təəccüblü odur ki, son illərdə gerilik cənuba düşür. Masallı, bu dəfə Astara. Məleykə Abbaszadə Lənkərana gələndə biabırçı vəziyyəti tənqid etdi. Yardımlıda təhsil şöbəsinin müdiri dəyişdirildi...».

ASTARA RAYONUNUN GÖSTƏRİCİLƏRİ...

Astara təhsil şöbəsində də belə hesab edirlər ki, buraxılış imtahanları heç də təhsilin aşağı olduğunu göstərmir.
Həbib Həbibov
Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova deyir ki, bu ilki qəbul imtahanları onlar üçün uğurlu keçib. Bu il 1124 nəfər orta məktəbi bitirib. Onlardan 143 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olub. Ali məktəbə daxil olanlardan 4 nəfəri 600 baldan, 23 nəfəri 500 baldan yuxarı toplayıb. Ötən il bunların sayı 11 nəfər olub.

Astara rayon Şiyəkəran kənd 2 saylı orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının üzvü Həbib Həbibov isə bu göstəricilərin təhsilin aşağı olduğunu sübut edən faktorlar sayır:

KEÇƏN İL «TƏRƏQQİ» MEDALI, BU İL SONUNCU YER...

«Keçən il Astara təhsil şöbəsinin müdirini «Tərəqqi» medalı ilə təltif edən Misir Mərdanov bu il deyir ki, Astara təhsili ən axırıncı yerdə gedir. Kimdir günahkar? Son dövrlər bir sinfi idarə edə bilməyən, təhsildən başı çıxmayan adamlar vəzifəyə gətirilirlər. Verdiklərini geri almaq xatirinə dəridən-qabıqdan çıxırlar. Müəllim əməyinə, müəllim adına ləkə gətirirlər».

DƏMİR İNTİZAM ARZUSU...

Həbib Həbibov hesab edir ki, vəziyyətin müsbətə doğru dəyişməsi üçün birinci növbədə dəmir intizam lazımdır:

«Güclü nəzarət lazımdır. Kadr siyasətini düzgün qurmaq lazımdır. Bir zamanlar valideynlər iclası çağırılardı. Son zamanlar bunlar əhəmiyyətini itirib. Bizim rayonda təhsil iki yerə bölünüb. Bir var 5 günlük iş həftəsi, bir var 6 günlük iş həftəsi. Nə 6-cı saat, nə də 7-ci saat keçirilir».

Rahim Nuriyev
Həbib Həbibovun dediyinə görə, heç bunun üçün şərait də yoxdur. Siniflər qızdırılmır. Bufetlər işləmir:

«ASTARADA TƏHSİL UÇURUMA GEDİR»

«Təhsili idarə edənlər onun səmtini başqa yerə aparırlar. Təhsil müvazinətini itirir. Astarada təhsil uçuruma gedir».

Lənkəran Müəllimlər Cəmiyyətinin sədri Rahim Nuriyev də mərkəzə nisbətən bölgələrdə təhsilin ildən ilə gerilədiyini söyləyir:

«İDARƏETMƏ SAHƏSİNDƏ HEÇ BİR İSLAHAT APARILMIR»

«Respublikada təhsillə bağlı islahatlar aparılır. Çox təəssüf ki, islahatlar birtərəfli aparılır. Bu gün islahat aparılır, proqramlar sahəsində, dərslik sahəsində. Amma idarəetmə sahəsində heç bir islahat aparılmır»”

Rahim Nuriyev deyir ki, bütün mövcud problemlər təhsildə idarəetmənin düzgün təşkil olunmadığından irəli gəlir:

«NAİLİYYƏTİ OLMAYAN ADAM ƏMƏKDAR MÜƏLLİM ADINI ALIR»

«Təhsil sahəsində nailiyyəti olmayan, uğuru olmayan adam əməkdar müəllim adını alır. Zəhmət çəkən, gecə-gündüz işləyən adamlara qiymət verilmir. Məktəblərin qızdırılması, vəsaitlərlə təmin olunması məsələlərində də problemlər var. Nazir özü də deyir ki, məktəblər kompyuterləşdirilib. Bir kompyuter otağı ilə məsələni həll etmək mümkün deyil. Bu gün nəticələr göstərilir, səbəb yox. Birincisi, direktor yerində deyil, ikincisi, müəllimlər lazımi səviyyədə deyil, üçüncü isə müəllimlərin işinə nəzarət yoxdur. Ən nəhayət, onların təminatı yoxdur».

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Naxçıvanda fermerlərə kreditlər hansı şərtlərlə verilir?

Lənkəran: Heydər Əliyev prospektində qəzalı binanın didərgin sakinləri...
XS
SM
MD
LG