Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:29
QƏNİMƏT ZAHİD VƏ AİLƏSİ PARİSƏ YERLƏŞİB

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ailəsi ilə birgə Fransanın paytaxtı Paris şəhərində yerləşib. Hazırda övladlarının məktəb probleminin həllinə çalışdığını deyən baş redaktor texniki məsələləri yoluna qoyandan sonra Azərbaycana qayıdacağını bildirib. Q.Zahid deyib ki, ölkəyə qayıtması bir aydan uzun çəkməyəcək.

Qeyd edək ki, Q.Zahid bu addımı övladlarının təhlükəsizliyi baxımından atıb. Baş redaktor uşaqlarına qarşı təxribat hazırlandığı xəbərini alandan sonra onları Azərbaycandan kənarlaşdırıb. Q.Zahidin övladları ictimai-siyasi tədbirlərdə, aksiyalarda yaxından iştirak edir, sosial şəbəkələrdə fəallıq edirdilər. Hətta bu səbəbdən onlar bir müddət əvvəl naməlum şəxslər tərəfindən hədələnmişdilər.

NEFTÇİLƏR ARASINDA ÖLÜM HALLARI ARTIR

«Yeni Müsavat» qəzeti: 2011-ci ilin 8 ayı ərzində Azərbaycanın neft sektorunda 20 ölüm hadisəsi olub. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, bu, Dövlət Əmək Müfəttişliyinin açıqladığı rəqəmdir:

«Bizim statistikaya görə, 15 nəfər həyatını itirmişdi. Onlardan 13 nəfəri Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışanlardır. Bu barədə bir neçə gün əvvəl Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərova məlumat verdim. Xəsarət alanların da sayı onlarladır. Təkcə bizə müraciət edən 19 nəfər iş zamanı xəsarət aldıqlarını, ancaq qeydiyyata götürülmədiklərini bildiriblər».

M.Qəhrəmanlının fikrincə, işdə ölüm halları idarə və müəssisələrdə insanlara normal iş şəraitinin yaradılmaması, Əmək Müfəttişliyi tərəfindən vəziyyətə ciddi nəzarətin olmamasından, həmkarlar təşkilatının müstəqil olmaması səbəbindən baş verir.

İlham Əliyev
İL YARIMA 10 MİLYON AĞAC

«Azərbaycan» qəzeti: Sentyabrın 12-də Bakıda, «Gülüstan» sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası başlayıb.

Prezident İlham Əliyev sessiyanın açılış mərasimində çıxış edib. O, qeyd edib ki, son illər Azərbaycanda 400-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Prezident deyib ki, dövlət səhiyyə müəssisələrində bütün xidmətlər pulsuzdur».

Prezident Əliyev ötən il Azərbaycanda «Ekologiya ili» elan edildiyini, il yarım ərzində ölkədə 10 milyondan artıq ağac əkildiyini bildirib:

«İqtisadiyyat son 7 il ərzində dünya miqyasında ən yüksək templərlə inkişaf edib. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır… Bununla bərabər, ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də aradan qaldırılır. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Bu da hesab edirəm ki, dünya praktikasında ən sürətli inkişafdır».

Prezident ağır vəziyyətdə yaşayan 125 min ailənin dövlətdən ünvanlı sosial yardım aldığını da vurğulayıb:

«Hesab edirik ki, məhz pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində artırılması çox ciddi sosial məsələnin həllidir. Eyni zamanda, birbaşa insanların sağlamlığına verilən dəstəkdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG