Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46
Məşhur fransız yazıçısı və filosofu Jan Pol Sartrın bu günlərdə Azərbaycan dilində çapdan çıxan "Ürəkbulanma" romanından bir parça


Bir bax, incəsənətdə rahatlıq axtaran axmaqlar da var. Xalam Bijua kimi: “Dayın öləndə Şopenin prelyudiyası məni çox rahatlatmışdı”.

Və konsert zalları alçaldılmış və təhqir olunmuşlarla dolur, onlar gözlərini yumub, solğun üzlərini səstutan antennalara çevirməyə çalışırlar.

Elə təsəvvür edirlər ki, tutduqları səslər şirin, dolğun halda içlərinə axır və əzabları gənc Verterin iztirabları kimi musiqiyə çevrilir.

Elə bilirlər gözəllik onları cəlb edir. Giclər.

Hə, görüm bu musiqinin əzab boğan olduğunu deyə bilərlər. Hələ bu yaxınlarda xoşbəxtlikdən çox uzaq idim.

Üzdə qeyri-şüuri hesablamalar aparırdım. Əslində isə durğun suda gecə gündüz mənə dinclik verməyən, formalaşmamış suallar, lal təəccüb forması alan pis fikirlər çürüyürdü.

Anni, uğursuz həyatım haqqında fikirlər. Ən dərinlikdə isə dan yeri kimi qorxaq Ürəkbulanma.

Amma həmin anda musiqi yox idi, mən qaşqabaqlı və sakit idim. Ətrafdakı bütün əşyalar mənimlə eyni materiyadan- iyrənc əzab kimi bir şeydən düzəldilmişdi.

Mənim ətrafımdakı dünya o qədər eybəcər idi ki, stolların üstündəki çirkli stəkanlar, güzgüdəki və Madlenanin önlüyündəki qəhvəyi ləkə, sahibənin məşuqunun şəhvətli fizionomiyası, dünyanın mövcudluğunun özü o qədər eybəcər idi ki, özümü ailəmdəki kimi rahat hiss edirdim.

Amma bax, saksafonun səsi. İndi utanıram. Kiçik, qürurlu əzab doğuldu, əzab nümunəsi.

Saksafonun dörd notu. Onlar yenidən və yenidən təkrarlanırlar, sanki deyirlər:

“Bizim kimi edin, bizim kimi əzab çəkin”. Hə! Əlbəttə, mən məhz belə, onlara uyğun, mərhəmətsiz, özümə yazığım gəlmədən, quru çılpaqlıqla əzab çəkmək istərdim. Amma axı mənim günahım nədir ki, stəkanımın dibindəki pivə istidir, güzgüdə qəhvəyi ləkə var, artığam, hətta ən səmimi əzabım da qurudur, ağırdır, sürünür, dəniz fili kimi dərisi sallanır, əti yağlıdır, gözləri isə nəmlidir, kədərlidir amma həm də iyrəncdir?

Yox, buna mərhəmətli demək olmaz, məni kor edən valın üzərində fırlanan almaz parçasının zərafətidir.

Hətta ironik də deyil, şən halda özü ilə məşğuldur, fırlanır: dünyanın ədəbsiz açıq-saçıqlığını dəryaz kimi biçib, fırlanır bəs biz hamımız: Madlena, kök kişi, ləkəli güzgü, pivə stəkanları, özünü mövcudluğa təslim etmiş hamımız- axı biz özümüzkülərin arasında idik, ancaq özümüzdən olanların,- o bizim hamımızın adi, nizamsız çirkinliyimizi yaxaladı, indi özümə görə, onun qarşısında mövcud olan hər şeyə görə utanıram.

O mövcud deyil. Hətta can sıxıcıdır: birdən qalxıb, valı patefondan çıxarıb sındırsam da ona çata bilmərəm.

O həmişə son həddədir, nəyinsə son həddində, ya səsin, ya skripka səsinin son həddindədir.

O çox incə varlıqların arasından çıxır, incə və möhkəmdir, amma onu tutmaq istəyəndə xeyli varlıqlarla rastlaşırsan, mənasını itirmiş varlıqlara ilişirsən. O haradasa başqa tərəfdədir.

Mən heç onu eşitmirəm, mən onu çıxaran səsləri, hava titrəyişlərini eşidirəm. O mövcud deyil, onda artıq heç nə yoxdur, qalan hər şeyin ona münasibətində artıq heç nə yoxdur. O var. Mən də olmaq istərdim.

Əslində başqa heç nə istəmirdim, budur həyatımın tapmacası: xaotik görünən bütün başlanğıclarımın içində bircə dəyişməyən məqsədi görürəm: özümdən mövcudluğu qovmaq, hər saniyəni yağlı şirələrdən azad etmək, sıxmaq, qurutmaq, özümü təmizlədib, möhkəmlənmək ki, nəhayət dəqiq və incə saksafon notlarının səsini çıxarım.

Hətta bu hekayəni belə ifadə etmək olar: dünyada bir zavallı yaşayırdı, səhvən düşmək istədiyi yox başqa dünyaya düşmüşdü.

O başqa insanlar kimi şəhər parkları, ticarət şəhərləri dünyasında mövcud idi, amma özünü inandırmaq istəyirdi ki, guya Tintoretto dojları və Florensiyali Qoççoli igidlərinin təsvir olunduğu incəsənət əsərlərinin, Fabriçio del Donqo və Jyulyen Sorelli kitab səhifələrinin, cazın uzun, quru şikayətinin digər üzündə yaşayır.

O çox uzun illər belə yaşadı, bütün axmaqlıqları ilə amma birdən gözləri açıldı, gördü ki, sadəcə səhv olub- və o bunu pivəxanada qarşısında bir stəkan pivə ilə oturduğu vaxt başa düşdü.

O stulunda əyilib, fikirləşdi: mən necə də axmağam. Və həmin bu anda mövcudluğun digər üzündə, uzaqdan gördüyün amma yaxınlaşa bilmədiyin digər dünyada qısa melodiya titrəyib, oxumağa başladı: “Mənim kimi olun, mənimlə bir əzab çəkin”.

Some of these days,
You’ll miss me honey, –
Səs oxuyur.

Valın bu yerində yəqin ki, cızıq var, çünki qəribə səs çıxır. Ürəyim sıxılır, axı iynənin valın üstündəki bu yüngül öskürəyi melodiyaya heç cür toxunmur.

O hər şeydən çox, çox uzaqdadır. Və bunu mən də başa düşürəm: cızıq val, səs silinir, müğənni bəlkə də ölüb, mən indi çıxacam və qatara minəcəm.

Amma hər gün bir başqa formaya düşən, keçmişi, gələcəyi olmayan varlıqlardan kənarda, hər gün pozulan, sınan, ölümə can atan səslərdən kənarda melodiya həmişə olduğu kimi, amansız şahid kimi gənc və möhkəm qalır.

Səs kəsildi. Val bir neçə saniyə fırlanıb, dayandı. Zəhlətökən görüntü qaldı, kafe vızıldayır, mövcudluğundan razılığını yaşayır.

Sahibə qızarıb, məşuqunun şişkin, ağ yanaqlarını şappıldadır, amma onları qızartmaq mümkün olmur. Yanaqlar ölü kimidir. Mən isə donub qalmışam, az qala mürgüləyirəm.

On beş dəqiqə sonra qatarda olacam, amma bu haqda düşünmürəm. Mən amerikan göydələninin iyirmi birinci mərtəbəsində istidən təngnəfəs olmuş qalın, qara qaşlı, üzü qırxıq amerikalını düşünürəm.

Nyu York üzərindəki səma yanır, mavi səma alovlar içindədir, alovun nəhəng, sarı dilləri Nyu-York damlarını yalayır; bruklin uşaqları tumançaq suvarıcı şlanqların altına girirlər. İyirmi birinci mərtəbədəki alaqaranlıq otaq istidən yanır. Qaraqaşlı amerikalı təngnəfəsdir, ləhləyir, yanaqlarından tər axır.

Pencəksiz, bir köynəkdə pianino arxasında oturub; ağzında tüstü dadı var, başında isə dumanlı “Some of these days” melodiyasının xəyalı.

Bir azdan Tom yanında flyaqa ilə gələcək. Hər ikisi özlərini dəri kresloya atıb, araq içəcəklər, ilahi alov boğazlarını yandıracaq, üstlərinə sonsuz, isti yuxu çökəcək. Amma əvvəlcə melodiyanı yazmaq lazımdır. “Some of these days”. Tərli əl pianinonun üstündəki karandaşı götürür. “Some of these days, you’ll miss me honey”.

Bax bu belə baş verib. Bəlkə başqa cür- əslində nə fərqi var. O dünyaya belə gəlib.

Doğulmaq üçün o bu əzgin, kömür qaşlı yəhudini seçib. Ərinə-ərinə karandaşı götürüb, tər damcısı parıldayan üzüklü barmağından kağıza süzülüb. Axı niyə o mən olmamışam?

Axı niyə möcüzənin olması üçün bu çirkli pivə və araqla yuyulmuş bu kök, tənbəl seçilib?

-Madlena, xahiş edirəm, valı yenidən qoyun. Getməmişdən bircə dəfə də.
Madlena gülür. İynəni çevirir və hər şey yenidən başlayır.

Amma indi daha özüm haqqında düşünmürəm. Mən iyul günlərindən birində, otağının isti alaqaranlığında bu melodiyanı bəstələmiş adam haqqında düşünürəm.

Melodiyanın, saksafonun ağ, təmiz səsləri içində onun haqqında düşünməyə çalışıram.

O melodiyanı yaradıb. Onun işləri yaxşı getmirmiş: ödənilməmiş hesablar, yəqin ona istədiyi münasibəti göstərməyən qadın, sonra bu dəhşətli, insanları ərimiş yağ gölməçəsinə döndərən dəhşətli istilər. Gözəl, yaxşı heç nə yox imiş.

Amma bu mahnını dinləyəndə düşünürəm ki, onu bu adam bəstələyib, onun əzabları, onun təri məni kədərləndirir… Bəxti gətirib. Məncə o heç bunu başa düşməyib.

Yəqin fikirləşirmiş: “Alınas bu əsərə görə əlli dollar filan verərlər!” Bax belə, uzun illərdən sonra məni kimsə kədərləndirdi. Bu adam haqqında nəsə bilmək istərdim.

Maraqlıdır, onun nə kimi problemləri olub, arvadı olub, yoxsa tək yaşayıb. Bunlar məni heç də insanlıq nöqtəsindən maraqlandırmır.

Tamamilə əksinə. Ancaq ona görə ki, bu melodiyanı bəstələyib. Onunla tanış olmaq istəməzdim, həm bəlkə də artıq ölüb. Yaxşı olardı ki, arabir valı dinləyəndə düşünmək üçün onun haqqında araşdırma edim.

Yəqin o bilsəydi ki, Fransanın böyüklüyünə görə yeddinci şəhərində, vağzalın yaxınlığında kimsə onun haqqında düşünür, nə istini nə də soyuğu hiss edərdi.

Amma onun yerində olsaydım xoşbəxt olardım, ona paxıllıq edirəm. Ayağa qalxıram, amma bir anlıq qərarsızlıqla dayanıram.

Zənci qadının səsini eşitmək istəyirəm. Son dəfə.
O oxuyur.

Budur iki nəfər artıq xilas edilib- yəhudi və zənci qadın. Xilas ediliblər. Bəlkə də onlar özlərini ümidsizcə mövcudluqda itkin düşmüş, batmış hesab edirlərmiş. Yenə də heç kim mənim haqqımda mən onların haqqında düşündüyüm qədər incə düşünə bilməz.

Hətta Anni də. Onlar mənə bir az ölüləri, bir az roman qəhrəmanlarını xatırladırlar, onlar mövcudluğun günahlarından təmizləniblər. Təmiz yox, əlbəttə, amma insanın bacara biləcəyi qədər. Bu fikir birdən beynimi qarışdırır, axı mən artıq ona ümid etmirdim.

Hiss edirəm ki, nəsə qorxa-qorxa mənə toxunur, tərpənmək istəmirəm ki, qorxmasın. Elə bir şey ki, çoxdan mənə yaddır, sevincə oxşar bir şey.

Zənci qadın oxuyur. Yəni onun mövcudluğunu təsdiqləmək olar? Heç olmasa bir az? Dəhşətlə qorxdum.

Ona görə yox ki, çox güclü ümid edirəm. Amma mən uzun müddət qarda gəzib, sırsıraya dönüb, sonra birdən isti otağa düşmüş adama oxşayıram.

O yəqin ki, keyləşmiş vəziyyətdə qapıda durardı və titrəmə bütün bədənini əsdirərdi.

Bəlkə yoxlayım?… Əlbəttə məsələ melodiyada deyil… mən ki başqa sahədə də sınaya bilərəm?

Bu kitab ola bilər, mən başqa heç nə bacarmıram. Amma tarixi iş yox, tarix artıq mövcud olmuşlar barədə danışır, amma heç bir varlıq digərinin mövcudluğunu təsdiq edə bilməz. Mənim səhvim məhz onda idi ki, markiz de Rolbonu diriltməyə çalışırdım.

Yox, kitab başqa cür olmalıdır. Necə olacağını dəqiq bilmirəm, amma hər yazılan sözdə, hər səhifəsində mövcud olmayan, mövcudluğun üzərində olan bir kitab olmalıdır.

Deyək ki, baş verə bilməyəcək tarix, məsələn nağıl. O polad kimi möhkəm və gözəl olmalıdır, insanlar varlıqlarından utanmalıdırlar.

Gedirəm, tərəddüd içindəyəm.

Qərar qəbul etməyə cəsarət etmirəm. İstedadıma əmin ola bilsəydim…

Amma mən axı heç vaxt, heç vaxt belə bir şey yazmamışam. Tarixi mövzularda məqalələr başqa şeydir…

Kitab, roman ola bilər. Adamlar onu oxuyub deyəcəklər: “Onu kürən, bir kafedən digərinə veyllənən Antuan Rokanten yazıb” və mənim haqqımda düşünəcəklər, necə ki mən də zənci qadının həyatı haqqında qiymətli, əfsanəvi bir şey kimi düşünürəm.

Kitab. Əlbəttə, işin əvvəli darıxdırıcı, yorucu olacaq, o məni nə mövcudluqdan nə də mövcud olmağım barədə fikirlərdən xilas edəcək.

Amma bir vaxt kitab artıq yazılmış olanda ümid edirəm keçmişim bir az işıqlanacaq.

Ola bilər bu işığın içində həyatımı iyrənmədən xatırlaya biləcəm. Bəlkə də bir gün bu saatı, bu qaranlıq, belimi büküb uzaqdakı qatarı gözlədiyim saatı xatırlayıb deyəcəm: “ Həmin gün, həmin saat hər şey başladı”- qəlbim tez-tez vuracaq. Və keçmişdə, ancaq keçmişdə özümlə barışa biləcəm.

Hava qaranlıqlaşır. “Prentaniya” otelinin ikinci mərtəbəsində iki pəncərədə işıq yanır. Yeni Vağzalın tikinti meydançasından möhkəm nəm ağac iyi gəlir: sabah Buvildə yağış yağacaq.

1938

Tərcümə: Gülər Qasımova

Günün bütün mövzuları

XS
SM
MD
LG