Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:27

Hərbi xidmətdən sonra mənzilsiz qalan hərbçi


Foto: Arxiv
Foto: Arxiv
«Məni gecə saat 11-də çağıraraq mənzili boşaltmaq əmri verildi. Dedilər ki, «boşaltmasan, güc tətbiq ediləcək». Səbəbini demədilər. Mənzili könüllü boşaltmağıma baxmayaraq, məni digər mənzillə təmin etmədilər. Bundan 6 ay sonra aidiyyəti orqanlara müraciət etməyə başlamışam. Prezidentə, Ali Məclisin sədri Vasif Talıbova, Milli Məclisə, hərbi prokurora müraciətlər etmişəm. Naxçıvan şəhər məhkəməsinə 3 dəfə iddia ərizəsi ilə müraciət etsəm də, hər birində bir bəhanə ilə iddia ərizələrim geri qaytarıldı».

KEÇMİŞ HƏRBÇİ ATA HİMAYƏSİNDƏ QEYDİYYATDA

İsa Rəhimov müharibə veteranıdır. Naxçıvan şəhərində N saylı hərbi hissədə gizir kimi xidmət edib. Xidmət müddətində Naxçıvan şəhər 1 saylı hərbi şəhərcikdə xidməti mənzillə təmin olunub. 2001-ci ildə isə yaşına görə təqaüdə çıxıb. 2005-ci ilə kimi xidməti mənzilində yaşayıb. Deməsinə görə, elə həmin ilin mayında ailəsi ilə bərabər yaşadığı evdən zorla çıxarılıb. Digər evlə təmin olunmadığından həmin gündən kirayədə yaşayırlar. Keçmiş gizir bildirir ki, xidməti mənzildən çıxarıldıqdan sonra bir müddət qeydiyyata düşməyə yer tapmayıblar:

«2005-ci ildən 2007-ci ilə kimi qeydiyyatsız qaldım. Lazım olan sənədləri, arayışları ala bilmirdim. Məcbur olub ata himayəsində qeydiyyata durdum. Hərbi hissənin komandiri tərəfindən qərar var ki, bizlərə arayış verilməsin.
Azərbaycan ordusu
Ancaq mənim və ailə üzvlərimin adı hələ də hərbi hissənin seçici siyahısında var. Mən orada yaşamıramsa, məni necə siyahıya salırlar?».

İsa Rəhimov deyir ki, Müdafiə Nazirliyinə də dəfələrlə məktubla müraciət etməsinə baxmayaraq, müsbət cavab ala bilməyib. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi isə İsa Rəhimova 22 fevral 2002-ci il tarixdə cavab məktubu ünvanlayıb. Məktubda bildirilir:

QANUNDAN ÇIXARIŞ

«Şikayət ərizənizə cavab olaraq bildiririk ki, bağlı hərbi şəhərciklərdə yaşayan hərbi qulluqçular tərxis olunduqda, yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi ilə təmin edilməlidirlər. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzili verməyə borcludurlar».

Lakin bu cavab keçmiş giziri qane etmir:

«Müdafiə Nazirliyi sadəcə cavab verdi ki, belə qanun var. Bu cavab mənə yox, Naxçıvan şəhərindəki N saylı hərbi hissənin komandanlığına göndərilməliydi ki, bu şəxs digər evlə təmin edilməyincə xidməti mənzilini təhvil verməyə borclu deyil».

Müdafiə Nazirliyində mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə İsa Rəhimovun şikayətindən məlumatsız olduqlarını bildirir. O, AzadlıqRadiosuna deyib ki, İsa Rəhimov
Üzeyir Cəfərli
nazirliyə bir daha müraciət etsə, məsələni araşdıracaqlar.

«25 İL XİDMƏT ELƏMİSƏN...»

Hərbi ekspert Üzeyir Cəfərli isə bildirir ki, qanuna əsasən, hərbi qulluqçular həm xidmət dövründə, həm tərxis olunduqdan sonra yaşayış sahəsi ilə təmin olunmalıdırlar:

«Hərbçi tərxis olunduqda, hansı rayonda qeydiyyatda durursa, həmin rayonun icra strukturları tərəfindən yaşayış sahəsi ilə 6 ay müddətinə təmin olunmalıdırlar. Təəssüflər olsun ki, Azərbaycanda qanunlar insanların xeyrinə işləmir. İndiyə kimi belə bir faktla rastlaşmamışıq ki, kimsə tərxis olunduqdan sonra mənzillə təmin olunub. Naxçıvan isə xüsusilə bu sahədə fərqlənir. İstər yerli komandanlıq olsun, istərsə də icra strukturları özlərinin qanunlarını tətbiq edirlər. Onlar özlərini ağa hesab eləyirlər və insanların hüquqlarını pozmağa davam edirlər. Ona görə də Naxçıvanda xidmət keçənlər üçün bu məsələ xüsusi ilə problemlidir».

İsa Rəhimov deyir ki, könüllü olaraq Naxçıvan şəhərini yaşayış yeri seçib, buradan da özünə mənzil tələb edir:

«İndi nəvəm məndən soruşur ki, 25 il xidmət eləmisən, nə evin var, nə də eşiyin. Mən deyə bilmirəm ki, dövlət adamları vəzifəsindən sui-istifadə eləyib, məni evimdən çıxarıblar. Sabah mənim nəvəm hansı əhval-ruhiyyə ilə vətənə xidmət edəcək?».
XS
SM
MD
LG