Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Separatçıların domino çempionatı...


Domino
Domino
Gürcüstanın separatçı Abxaziya respublikası müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün 20 il əbəs yerə çalışdıqdan sonra özünə qeyri-adi bir müttəfiq tapıb.

Hətta Rusiyanın onu 2008-ci ilin avqustunda müstəqil dövlət kimi tanımasından xeyli əvvəl Beynəlxalq Domino Federasiyası (BDF) Abxaziyanı tam hüquqlu üzv kimi öz sıralarına qəbul etmişdi. Artıq oktyabrda Abxaziyanın paytaxtı Suxumi domino üzrə dünya çempionatına ev sahibliyi edəcək. Çempionatın burada keçirilməsinə Federasiyanın 25 üzv-dövləti ötən il Las-Veqasda keçirilən toplantıda yekdilliklə qərar verib.

Rusiyanın ardınca indiyədək yalnız 4 dövlət Abxaziyanın müstəqilliyini tanıyıb. Bunlardan da 2-si Sakit okeanın xırda ada dövlətidir.

«DÜNYA BİZİ TANIYACAQ»

Domino dama və şahmat kimi stolüstü oyunlar qədər beynəlmiləl olmasa da, hər halda oktyabrın 17-dən 21-dək dünyanın domino ictimaiyyətinin diqqəti Suxumidə olacaq.

«Bu, bizim üçün çox əhəmiyyətlidir, özü də təkcə idman yarışı nöqteyi-nəzərindən yox». Abxaziyalı jurnalist və domino həvəskarı Ruslan Tarba belə deyir. «İnsanlar bura gələrək, bizim palma ağaclarında tullanan əlisilahlı şəxslər olmadığımızı görəcək. Ən əsası isə Abxaziyanın açıq və dost ölkə olduğuna əmin olacaqlar».

Abxaziyanın domino komandası 2009-cu ildə Panamada və 2010-cu ildə Dominikan Respublikasında keçirilən dünya çempionatlarında 10-cu yer tutub. Komandanın budəfəki hədəfi ilk üçlüyə düşməkdir.
Abxazlar müstəqilliklərinin 3-cü ildönümünü qeyd edirlər, 26 avqust 2011

«ONLAR ÇOX GÜCLÜDÜRLƏR»

ABŞ-ın Milli Domino Federasiyasının prezidenti Manuel Oquendo bu fikirdədir. O, Abxaziyada domino oyunun inkişafından mütəəssir olub:

«Domino oyunu əsasən Latın Amerikasında yayıldığından, Qara dəniz sahilində domino oynayan insanları görəndə yaxşı mənada təəccübləndim».

Domino bekar adamların oyunu kimi tanınır. Bu baxımdan Abxaziyada bu oyun üçün yaxşı zəmin var. Uzun illər siyasi və iqtisadi izolyasiya ölkədə işsizliyi yüksək həddə çatdırıb. Domino üzrə ikiqat abxaziya çempionu Armen Mkrtçyan deyir ki, «Abxaziyada demək olar hamı domino oynayır».

100 MİN DOLLARLIQ MÜKAFAT FONDU

Abxaziyanı öz ərazisinin bir hissəsi sayan Gürcüstan çempionatın Suxumidə keçirilməsindən narahatdır. BDF rəsmiləri deyirlər ki, Gürcüstan nümayəndələri bir neçə dəfə onlara yaxınlaşaraq çempionatı başqa ölkədə keçirməyin zəruriliyini bildiriblər. Gürcüstan özü Federasiyanın üzvü deyil.

Yarışın təşkilatçıları deyirlər ki, çempionata ABŞ da daxil olmaqla 20 ölkədən 200-dən artıq oyunçu qatılacaq. Maliyyə cəhətdən də Rusiyadan xeyli asılı olan abxaz hökuməti dünya çempionu üçün 100 min dollarlıq mükafat fondu ayırıb. Çempionat tarixində bu, ən yüksək rəqəmdir. Oktyabrdakı çempionatdan sonra BDF dominonun olimpiya idman növünə aid edilməsi üçün kampaniya başlatmaq niyyətindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG