Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:31

İrana səfər edən dostum Sadiqə mesaj...



Nərmin Hüseynzadə

(Şeirlər)



İrana səfər edən dostum Sadiqə mesaj...

Ordakı yalançı şeyxlərin üzünə tüpür, dostum,
tüpür üzlərinə mənim əvəzimə
vur onları...
sənin qaldığın yerdəki qadınların
niqabı qədər rəngliyəm indi
elə onlar qədər qarayam
qaradı qanım
oralar ölümə daha yaxın
nə deyirlər, nə danışırlar axirətdən,
gəlibmi, yetişibmi zamanı?
yoxsa hələ...
Sən bilərsən
kədərlidimi Arazın o tayından baxmaq
ya boşuna yazılıb bunca şeir?
toxuna bildinmi tikanlı məftillərə
qanatdımı əllərini
yoxsa o da yalan?...
keçmışə qayıtmaqdan qorxmadan
necə getdin,
mənə uzaqlardan məktub yazan adam?!
indi ordakı təqvimdə 1390
bizdə ötmüş iki mini
eheeeey, keçmişin keçmişi,
tüpür ordakı silahlara
sarıl çocuqlara
bir də ki
Sən de o niqablı qadınlara,
de ki...


* * *


Bircə Sən, Əsmər...
Sevdiklərim nə zamansa
kitaba dönəcəklər rəfimdə
cəmi bir kitab qədər iz qoyacaqlar həyatımda
elə dostlarım da.
bircə Sən, Əsmər, bircə Sən...
biraz danış, Əsmər,
susma
darıxıram.
çək qara bəbəklərini kitab rəfindəki tozdan
şikayətlənmə otağımın tör-töküntüsündən
qaldırma yerdən paltarları
hoppanma da üstündən
ayaqla, keç.
susma
Sən susanda darıxıram
“biz Ahmet Kaya cocuqlarıyız” deyib
üsyan edən dostumdan
hüzünlü məktub aldım
gecədən bir az keçmiş
köhnə şəkillərə baxaraq üzüldüyünü yazıb
mənə..
xəstə və yorğun halda
siqaretə söykəmişəm çənəmi
Sənsə susqunluğunla
qorxudursan məni
evimizdəki sükut
evimizdəki
anasızlıq, atasızlıq
bəzən yorur məni...
dostlarım məni atıb, Əsmər,
darıxıram
heç olmasa Sən danış...
danış lütfən
susdur bu əclaf səssizliyi...
bilirəm,
sevdiklərim nə zamansa
kitaba dönəcəklər rəfimdə
cəmi bir kitab qədər iz qoyacaqlar həyatımda
elə dostlarım da
bircə Sən, Əsmər, bircə Sən...


* * *


Getdin, soyudu havalar
yağışlar yağdı...
getdin, öldü qonşumun kiçik qızı
dəm qazından boğuldu.
mən də hər gecə boğuluram, Adilə,
hər gecə...
hardasan?
dəyişməyib buralarda heç nə
mən yenə gecəylə gündüzü qarışdırıram
həmişəki kimi yuxusuz və yorğunam
həmişəki qədər
günahkaram, Adilə!
dəyişməyib heç nə
anam xəstədi yenə...
sən gedən gün bəyaz güllər qoymuşdum
güldanıma
bu gün baxdım, qocalıblar...
yetmiş yaşa gəliblər, Adilə,
qırış-qırışdı üzləri
solğundular
dəftərindəki uzun saçlı qız rəsmini
xatırlayıram tez-tez
üzülürəm, Adilə...
hardasan?
sən getdin dəyişmədi heç nə
buralarda
həmişəki qədər yuxusuz və yorğunam
həmişəki qədər günahkaram, Adilə...


***


Yenə dünyanın sonu haqda xəbərlər dolaşır
daşqınlar, sellər, zəlzələlər...
yenə səhərlər açılır
anamın telefon zəngiylə
yorğun səsiylə
“səhər açıldı, günəş çıxdı, dur” müjdəsiylə
yenə qırmızı sabundan
ağ köpüklər çıxır…
bir qurtum qaynar çay
dəyişir bir andaca əhvalımı
yandıra-yandıra, cıza-cıza,
ağrıda-ağrıda canımı.
Nitsşenin şəklini asmışam otağımda
mənə bir hadisəni xatırladır bığları
gülməlidi…
bəlkə də elə bundadı
filosof ola bilmənin sirri
nədənsə, tanıdığım bütün filosoflar
bığlı kişilərdi.
mən çox şey bilirəm.
əminəm ki, bığlı olsaydım,
həm də kişi olsaydım
mütləq filosof olacaqdım
amma nəyimə lazım?
nə necə yarandı, yoxdan var olan nə,
vardan yox olan kim?
bu deyil əsas məsələ
əsas olan qırmızı sabundan ağ köpüklərin
çıxması da deyil
bilmirəm nədi əsas olan…
bütün “bilmirəmlər”isə, bütün heçlərisə
bütün var olmayanlarısa
yenə o bığlı kişilər bilər, mənə nə?!...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG