Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25
Nəqliyyat şirkətlərindən birində çalışan Rafael işdən sonrakı saatlarını harda keçirəcəyini bilir. O, dostları ilə Bakıdakı çay evlərindən birinə gedir. Onunla paytaxtın Nizami metrosunun yanında yerləşən çay evlərindən birində tanış olduq. Deyir, işdən sonra nə yemək vaxtına düşür, nə də yatmaq vaxtıdır. Ona görə də boş saatlarını «öldürmək» üçün dostlarla oturub bir stəkan çay içmək az qala gündəlik məşğuliyyətə çevrilib:

- Oturub söhbət eləyirsən, dostlarla dərdləşirsən. Çay evində özünü daha sərbəst hiss edirsən, çay içirsən, qəlyan çəkirsən.

10 MANATA ÇAY DƏSTGAHI

Oturduğumuz çay evi ənənəvi kafelərdən yumşaq oturacaqlı kresloları ilə fərqlənir. Ala-qaranlıq zalı var, içəri elə bir dizaynda işlənib ki, elə bilirsən, bərkdən danışsan, burdakı abi-havaya xələl gələr. Elə ofisiantlar da çay dəstgahını stola düzərkən elə asta davranırlar ki, stəkan-nəlbəkinin səsini də eşitmirsən.

Çay dəstgahı demişkən, ofisiant bizə bir dəm çayniki çay, bir kiçik qab mürəbbə, elə o qədər kilosu 5-6 manat olan şokolad, limon dilimi, bir də 7-8 dənə meyvə qurusu gətirir. Sonrada öyrənirik ki, bu çay dəstgahının qiyməti 10 manatdır. Əgər dəstgaha bir mürəbbə və çərəz də əlavə edilsə, qiymət 15 manat olacaq.

MEYVƏLİ QƏLYANLAR

Həmsöhbətimiz Rafael deyir ki, onu çay evlərinə çəkən bir səbəb də burda sulu qəlyan verilməsidir. Düzdür, sulu qəlyan çəkməsi ona siqareti tərgitdirməyib, amma bəzən qəlyandan da imtina etmir. Qiyməti də ona baha görünmür.

Rəfael
- Meyvəsindən asılıdır. Almalı qəlyan bir az ucuzdur, qreyfurt bahadır.

Qəlyandan söz düşmüşkən, çay evinin qəlyançısının VİP kabinetdə oturan müştəriyə qəlyan hazırladığını görüb fürsəti fövtə verməyib ona yaxınlaşdıq. Yerdə 7-8 qəlyan var idi, 10-dan çox qaba isə tütün tökülmüşdü. Qəlyançı Camal dedi ki, bu tütünlərin hərəsi bir meyvədəndir. Onun sözlərinə görə, bu tütünlərin kilosu 12-13 manat olur, əsasən, Dubaydan, Misirdən gətirilir. Müştəri alma tütünündən qəlyan sifariş verdiyindən Camal da almanın içini oyub tökdü, yerinə tütün doldurdu, sonra da onun ağzına çəkdiyi kağızda bizlə çoxlu deşik açdı:

- Bunu ona görə deşirəm ki, hava çıxsın. Yoxsa çəkmək olmaz. Vəssalam, hazırdı, üstünə də kömürünü qoyub aparacam müştəriyə.

QƏLYANÇI İL YARIMA 10 KİLOQRAM ÇƏKİ ARTIRIB...

Kömür də gərək limon ağacından hazırlana. Camal qəlyanı «xodlamaq» üçün onu üfürür. Ətrafa xoş ətir yayılır. Üflədikcə ağzından-burnundan tüstü çıxan, alnını tər basan Camala baxıb soruşuram ki, bu, ona ziyan deyilmi? O deyir ki, qəlyançı kimi işə başlayandan bəri, il yarıma 10 kiloya yaxın çəkisini artırıb. Elə gün olur ki, o, 7-8, elə gün də olur ki, 20 qəlyan hazırlamalı olur.

Sulu qəlyan hazırdı, sifariş VİP kabinetdən gəldiyi üçün müştəriyə 15 manata başa gələcək, meyvəsindən asılı olaraq, qiymətlər 20-30 manata kimi yüksəlir.

SULU QƏLYANA TƏLƏBAT ARTIB...

Suluqəlyan hazırlayan Camal
Sulu qəlyanların satıldığı Bakıdakı İran mağazalarında isə deyirlər ki, son illər bu mala tələbat artıb. Onların fikrincə, tələbatı artıran səbəblərdən biri də çay evlərinin çoxalmasıdır.

KASIBLARIN ÇAY EVİ

Bakıda çay evlərinin sayı isə durmadan artır. Bəzən bir məkanda yan-yana düzülürlər. Elə metronun «Memar Əcəmi» stansiyasının yanında yanaşı 8 çay evi saydıq. Adları da fəqrli: «Turan», «Vüsal», «Bizim məkan Masallı», «Ahicka»... Amma onların heç də hamısında sulu qəlyan verilmir.

Qapısını açdığımız çay evi ilk baxışdan adi çayxananı xatırladır, plastik stol-stullarda oturan müştərilərin başı nərd, domino oyununa qarışıb.

Burda sadə çayı qəndlə cəmi 2 manata təklif edirlər. Əgər könlündən çox oturmaq keçərsə, hər saatdan bir stoluna 1 manata çay gələcək.

Çayxana
Metronun «Nizami» stansiyası yanındakı çay evlərinə axşam 6-dan sonra getsək də, orda bir-iki müştəri görmüşdük. Bura isə günün günorta çağında belə adamla doludu, üstəlik, şıdırğı oyun da gedir. İcarədar Vüsal Alıyev deyir ki, çay evləri də kasıblar, varlılar arasında bölünür. Onlara daha çox kasıb təbəqənin nümayəndələri gəlir. Onlarında ki, çoxu işsiz olur. Maddi imkanı olanlar isə komfort arxasınca qaçır. Amma Vüsal Aliyev narazı deyil, deyir, bu biznes onu dolandırır.

Reportajı çay evlərini gəzdiyimiz zaman orada rastlaşdığım bir tanışın sözü ilə bitirmək istərdim: «Milli-hərəkat dövründə çayxanalar demokratik düşüncəli insanların müzakirə yeri idi. İndi isə domino, nərd oynamaq, qəlyan çəkmək üçün məkan»...

Şərhləri göstər

XS
SM
MD
LG