Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:15

Xodorkovski həbsxanadan yazır


Mixail Xodorovski məhkəmə zalında
Mixail Xodorovski məhkəmə zalında
Rusiyada dəmir barmaqlıqlar arasında təxminən 850 min qadın və kişi yaşayır. Böyük əksəriyyəti həbsxanadan kənardakı dünyayla çox az əlaqə saxlayaraq öz sakit həyatını sürür.

SÜKUT POZULUB

Amma Rusiyanın ən məşhur dustağı bu sükutu pozmağa çalışır. «Yukos» neft şirkətinin keçmiş sahibi Mixail Xodorovski müntəzəm köşə yazılarını dərc etdirməyə başlayıb. Bu yazılar onun şəxsi yaşantıları və başına gələnlərlə bağlı deyil, sıravi məhbusların həyatı haqqındadır.

Xodorkovskinin ilk köşəsi keçən həftə Rusiyanın müstəqil «New Times» jurnalında çıxıb. İlk yazı müəllifin Kolya adlandırdığı, qarnındakı yarası təzəcə tikilmiş bir kamera yoldaşının tükürpədən portreti ilə başlayıb.

«Nə baş verib?» sualına Kolyanın cavabı budur ki, ona qarşı irəli sürülən ittiham saxtadır və bu məhkəmə qərarına etiraz olaraq öz qarnını bıçaqla kəsib və bağırsaqlarından qopardıb həbsxana gözətçisinə atıb.

«Məhbəsdə keçirdiyim bu illərdən sonra mən rastlaşdığım insanları ideallaşdırmaq fikrindən çox uzağam», deyə Xodorkovski yazır. «Amma bu məhkumların çoxunun elə prinsipləri var ki, onlar uğrunda hər cür əzaba qatlanmağa hazırdırlar».

SSRİ DÖVRÜNÜN VƏ İNDİNİN HƏBSXANA YAZILARI

Rusiyada və SSRİ-də həbsxana yazılarının uzun bir tarixi var. Dostoyevski, Yevgeniya Ginzburq, Soljenitsin kimi yazıçılar Rusiyanın cəzaçəkmə müəssisələrində və QULAQ həbsxana düşərgələrində keçirdikləri zamanı beləcə sənədləşdiriblər. Onların yazıları azadlığa çıxandan sonra tez-tez dərc edilirdi. Xodorkovskinin köşələri isə əksinə, həbsi boyunca davamlı olaraq dərgi səhifələrində verilib. Vəkilləri onun çap olunmaq haqqını müdafiə ediblər və BBC də daxil olmaqla Qərb xəbər mediası adını açıqlamayan bir həbsxana rəsmisinə istinadən yayıblar ki, Xodorkovskinin müntəzəm köşə yazıları hər hansı qanuna zidd deyil.

«New Times» jurnalının redaktor müavini İlya Barabanov
Amma keçmiş neft maqnatının vəkilləri onu da etiraf ediblər ki, müdafiə etdikləri şəxsin ilk yazıları həbsxana rəhbərliyi tərəfindən mənfi qarşılanıb, hətta onu cəza olaraq karserə də salıbmışlar.

«New Times» jurnalının redaktor müavini İlya Barabanov Xodorvskinin məktublarının redaksiyaya necə ötürülməsi barədə danışmaqdan imtina edib.

Amma o deyir ki, hər 2-3 həftədən bir dərc olunması gözlənilən məqalələr ictimaiyyət üçün hədsiz maraqlı olacaq.

Xodorkovskinin yazıları Rusiyada həbsxana sisteminin acınacaqlı vəziyyətinə gözqamaşdırıcı bir işıq tuta bilər.

«CƏZALAR MƏQALƏ İLƏ ƏLAQƏDAR DEYİL»

Penitensiar xidmətin əməkdaşları Xodorkovskinin ilk yazısı dərc olunandan sonra 2 dəfə həbsxana qaydalarını pozmaqda günahlandırılaraq cəza aldığını bildiriblər. Cəzalardan heç biri dərc olunan məqalələrlə əlaqədar deyil, amma onun vaxtından əvvəl azadlığa buraxılma şansını itirməsinə səbəb ola və öz hisslərini yazılarında aşkar əks etdirməsinə təzyiq kimi istifadə edilə bilər.

Xodorkovskinin vəkili Yuri Şmidt öz müştərisinin həbsxanada ədalətsiz rəftar və yüksək təzyiqlərlə üzləşmədiyi barədə bir qədər ehtiyatla danışır. Onun dediyinə görə, köşə yazıları ilə bağlı bütün məsələlər rəsmi olaraq həll edilir, heç kim koloniyadan gizli məlumat ötürmür. O əlavə edir ki, Xodorkovskinin yazılarını dərc etdirməsi qanunsuz hərəkət deyil.

2003-cü ildə vergidən yayınmaq, çirkli pulların yuyulması ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Xodorkovski 2010-cu ilin dekabr ayında 13 il yarımlıq həbs cəzası alıb.
XS
SM
MD
LG