Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

Qəddafinin ətrafından gizli məlumatlar belə əldə olunurdu


Liviya diktatoru Qəddafinin qəddar rejiminin tam çökməsi onun hakimiyyəti daxilindəki bir çox şəxslərin gizli şəkildə üsyançılara işləməsi nəticəsində mümkün olub.

“Röyters” agentliyinin müxbirlərinin apardığı araşdırmanın nəticəsi əsasında hazırlanan məqalədə deyilir ki, belə şəxslər arasında Məcid Mleqtanın rolu daha böyük olub.

Mleqta Qəddafi hökumətinin, o cümlədən Daxili İşlər Nazirliyinin ərzaq təchizatçısı olub. Qəddafiyə qarşı üsyanın ilk aylarından

Mleqta gizli şəkildə üsyançılara işləməyə başlayıb

O, üsyançılara simpatiyası olan məmurları öz ətrafında toplamağa nail olub.

İlkin mərhələdə belə məmurların sayı 14 nəfər imiş, amma sonradan onların sayı 72-yə çatıb.

Onların arasında daxili işlər, milli təhlükəsizlik, müdafiə nazirliklərinin də rəsmiləri olub.

Bu qrup Qəddafi rejiminin zəif nöqtələri, Liviya ordusunun Tripolidəki 7 əsas məntəqəsi haqqında məlumatları üsyançılara ötürüb.

Bunlar - Qəddafinin elitar qüvvələrinin, hərbi kəşfiyyatın və könüllülərdən ibarət yaraqlı dəstələrinin qərargahları, orada işləyən şəxslər, onların avtomobillərinin nömrələri və həmin məntəqələrin hər birinin mərkəzi komandanlıqla - Qəddafinin oğlu Saif əl-İslam və kəşfiyyat rəhbəri Abdulla əl-Senussi ilə necə əlaqə yaratması haqqında məlumatlar olub.

Mleqta bu məlumatların olduğu yaddaş kartlarını həm də NATO-ya ötürüb.

Məhz həmin məlumatlar əsasında NATO və Liviya üsyançıları Tripolini ələ keçirmək planı hazırlayıblar.

Plana görə, paytaxtdakı üsyançılar gizli şəkildə silahlandırılmalı və lazım olan anda küçələrə çıxmalı idilər.

Üsyançılar yaxşı silahlanıb...

Bundan başqa həmin məlumatlar NATO-ya paytaxtdakı mühüm strateji hədəfləri - hərbi obyektləri, polis məntəqələrini, zirehli texnikanı, rabitə qurğuları, radarları v s. obyektləri dəqiq bombalamağa kömək edəcəkdi.

Tripoliyə hücumun hazırlanmasında xarici qüvvələr də aktiv olub

Məsələn, Britaniya casusları paytaxtdakı vacib obyektlərə radio avadanlıqlar quraşdırıblar. Bu ondan ötrü edilib ki, NATO təyyarələri həmin obyektləri dinc əhali arasında itkiyə səbəb olmadan dağıda bilsinlər.

Fransa və Qatar isə üsyançılara silah-sursat, pul ötürüb. Bundan başqa üsyançılara Liviyadan kənardakı NATO obyektlərində hərbi təlim keçirilib.

Avqustun 20-də, yəni Tripoliyə hücum ərəfəsində artıq Qəddafi ordusunun bəzi komandirləri üsyançılara işləyirdi. Sadəcə, üsyançılar onlardan bunu büruzə verməyib öz mövqelərində qalmağı istəmişdilər.

Belələrindən biri də Qəddafi qvardiyasının Tripoli yaxınlığında yerləşən hərbi hissəsinin komandiri Əl-Barani Aşkal idi.

Paytaxtdaki üsyançılara gizli şəkildə silah çatdırılırdı.

Amma “Röyters” yazır ki, silahı Qəddafiyə sadiq əsgərlərdən almaq daha asan və daha az riskli idi.

Qəddafinin sonunun yaxınlaşdığı qənaətində olan və pul qazanmaq istəyən bəzi hərbçilərdən, məsələn,

“Kalaşnikov” avtomatını 5 min dollara almaq olardı

NATO Tripolidəki strateji obyektləri bombalayır... 7 iyun 2011

Bundan başqa Tripoliyə hücum ərəfəsində üsyançılar artıq Qəddafi rejiminin rabitə sisteminin də “qıfılını qırmışdılar”.

Qəddafiyə sadiq məmurlar arasında telefon danışıqlarının məzmunu üsyançılar üçün vacib kəşfiyyat məlumatları idi.

Onlar hətta Qəddafinin oğlu Saif əl-İslamın 2 telefon danışığını dinləyə bilmişdilər.

Tripoliyə hücumun uğurlu alınmasının səbəblərindən biri də Britaniya, Fransa, İtaliyadan olan hərbi təlimçilərin üsyançıların sıralarında nizam-intizam yaratması idi.

Bütün bu səbəblər Tripolinin asanlıqla və az müqavimətlə ələ keçirilməsinə aparıb çıxardı.
XS
SM
MD
LG