Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:19

Antisanitariya şəraitində hərbi hospital...


Gəncə şəhər hərbi hospitalı
Gəncə şəhər hərbi hospitalı
Gəncə şəhər hərbi hospitalı 3 aydır ki, Sadıllı qəsəbəsindəki N saylı hərbi hissənin içərisinə köçürülüb. Ancaq deyəsən, hospitalda çalışanların bir çoxu heç də bundan məmnun deyil. Hərbi hissənin yaxınlığındakı dayanacaqda marşrut gözləyən hospital işçiləri mikrofon görən kimi bu narazılıqlarını dilə gətirməkdən də çəkinmirlər. Ancaq adlarının çəkilməsini də istəmirlər. Söhbətləşdiyim bir tibb bacısı yol boyunca axan açıq kanalizasiya xəttini göstərib deyir ki, hər tərəf antisanitariyadır. Üstəlik, çalışdıqları binanın sağlamlıq ocağına uyğun şəraiti yoxdur:

«KANALİZASİYA AXAN YERDƏ SAĞLAMLIQ MƏRKƏZİ OLAR?»

«Kanalizasiya daşır, zibilin içindən işə gedirik. 500 nəfərlik heyəti gətirib dar yerə salıblar. Şöbələrin əksəriyyəti qalıb orada. İnfeksiya şöbəsi, stomatologiya, ginekologiya şöbəsi əvvəlki yerdə qalıb. Sadıllının kanalizasiyası hospital yerləşdirilən binanın yanından axır. Antisanitariyadır. Kanalizasiya axan yerdə sağlamlıq mərkəzi olar? Hansı əsgərin sağlamlığından danışmaq olar? Rəsmilər deyirlər ki, 4-5 il gözləyin, hospital tikiləcək».

Hospitalın işçilərinin dediyinə görə, 3 aydır ki, işə əlisilahlı əsgərlərin içindən keçib getməli olurlar:

«KİM BİZİM TƏHLÜKƏSİZLİYİMİZƏ TƏMİNAT VERİR?»

«Əlisilahlıların içindən 2 kilometr yol gedirik. Kim təminat verə bilər ki, həmin əsgərin biri bizi güllələməyəcək.
Azərbaycan ordusu. Foto: Arxiv
Biz köçməmişdən 20 gün qabaq bir əsgər birini öldürdü. Nə bilək oradakı psixoloji durum necədir, kim bizim təhlükəsizliyimizə təminat verir? Hərəmiz bir ailə başçısıyıq. Yuxarılardan da kimə deyirik eşidən yoxdur. Aldığımız maaş da uzaq yerdir, marşrutlara gedir».

«HAMI DA ÇÖRƏK PULUNA GÖRƏ SUSUR»

«2 marşrut dəyişirəm, 2 uşaqla çətindir bu uzaq yolu gəlmək. Deyirlər iş şəraiti qane etmirsə, işləməyin, ərizə verin çıxın. Hamı da çörək puluna görə, susur».

«KİMƏ DEYİRSƏN AĞZIMIZDAN VURURLAR. İŞDƏN ÇIXMAQLA HƏDƏLƏYİRLƏR»

Gəncə şəhər hərbi hospitalın baş komandiri Şahrəddin Balacanov isə köçürülmənin səbəbləri barədə məlumat vermək istəmir. Deyir ki, Müdafiə Nazirliyindən məlumat alaq. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə deyir ki, hospital hərbi hissə ərazisinə köçürülsə də, hərbi hissəyə aidiyyəti yoxdur:

«BURDA NƏ VAR Kİ, MÜHARİBƏ GEDİR ORDA?»

«Onun hərbi hissəyə heç bir aidiyyəti yoxdur. Burda nə var ki, müharibə gedir ki, orda? Nə var ki?».

Üzeyir Cəfərli
Hərbi ekspert Üzeyir Cəfərli isə deyir ki, Gəncədəki hərbi hospitalın hansısa hərbi hissənin ərazisinə köçürülməsi düzgün deyil. Onun fikrincə, Müdafiə Nazirliyi bununla bağlı sərt reaksiya verməlidir:

«MƏNCƏ, ORA HANSISA İŞBAZIN GÖZÜ DÜŞÜB»

«Niyə məhz qapalı hərbi hissəyə və ya hərbi şəhərciyə köçürülür. Hansı ehtiyacdan yaranır? O, əvvəlki yerində qalmalıdır və bir az modernləşdirilməsinə, təmirinə çalışmaq lazımdır. Uzun illərdir fəaliyyət göstərir, təmir olunmalıdır. Məncə, ora hansısa işbazın gözü düşüb. Şəxsi məqsədləri üçün istifadə etmək istəyir, nəsə tikdirmək niyyəti var».

Üzeyir Cəfərli deyir ki, hərbi hissə şəhərdən uzaqlaşdırılarsa, bu, hospitaldan yararlanan digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnəcək:

«Çünki o hospital təkcə Gəncənin yox, regionaldır. Şəmkir-Gəncə hərbi birləşməsinin tabeliyində olan əsgərlərin, hərbi qulluqçuların ailə üzvlərinə xidmət etmək üçündür».

Şəhərdə hərbi hospitalın keçmiş binasının söküləcəyi söhbətləri var. Lakin Müdafiə Nazirliyinin əməkdaşı da, şəhərin baş memarı da bu barədə məlumatsız olduqlarını deyirlər. Hərbi hospitalın keçmiş binası Gəncənin mərkəzi «Atatürk» prospektində yerləşir.
XS
SM
MD
LG