Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:48

Ən çox satılan kukla - Məşədi İbad...


Təranə Əliyevanın hazırladığı «Məşədi İbad»
Təranə Əliyevanın hazırladığı «Məşədi İbad»
XX əsrin əvvəlində sevgili sarıdan bəxti gətirməyən Məşədi İbad XXI əsrdə əməlli-başlı məhəbbət bumu yaşayır.

«MƏŞƏDİ İBADIN TİPAJI ÇOX MARAQLI GƏLİR »

Dekorativ sənətlə məşğul olan Təranə Əliyeva deyir ki, kukla tikmək üçün ona verilən sifarişlər arasında ilk yeri bu obraz tutur, o, indiyədək tikdiyi «Məşədi İbad»ların sayını belə dəqiq xatırlamır:

«Əsasən Məşədi İbadı istəyirlər. «O olmasın, bu olsun»dakı Məşədi İbadın tipajı çox maraqlı gəlir. Hər dəfə də o obrazı yenidən yığıram, qəlibdən istifadə eləmirəm.

-Alınır obrazın eynisini yaratmaq?

-Alınmır. Eyni kuklanı hər dəfə eyni hazırlamaq alınmır. Ancaq çalışıram ki, alınsın. Hər dəfə hansısa heykəli düzəldən kimi hər birinin üzərində işləyirəm.

Təranə Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. İxtisasca xalçaçı olsa da, indi kukla tikməklə məşğul olur. Bu sənətə 2 il olar ki girişib:

TƏLƏBAT VAR

«Bir dənə kuklanı hazırlamaq 2-3 həftə çəkir. Elə olur ki, 3 günə də birini düzəldirəm. Elə olur, otururam və onu düzəldib qurtarana qədər durmuram. Hər gün işləyirəm. Və bu, satılır. Buna tələbat var. Tələbat olmasa, insan onu eləyə bilməz maraq yoxdur deyə...»

Təranə Əliyeva
Təranə Əliyevanın emalatxanası evindəki bir stolun üstündən ibarətdir. O deyir ki, ev işləri və emalatxana işləri bir-birinə qarışdığı üçün çox çətinlik çəkir:

«5 dəqiqə də vaxt tapan kimi gedib oturub orda işləyirəm. Yəni məni harda itirsələr, o stolun başında tapırlar. Ev şəraiti olduğu üçün uşaqlar da mane olur, çox maraqlanırlar, ancaq əl vurmurlar. Gəlirlər, baxırlar, «mama, bu kukla qurtarıb? Qurtarmayıb hələ?» Onlara çox maraqlıdır. Bundan başqa, parçalar çox yer tutur. Elə olur ki, məsələn, bir kuklanı düzəltmək üçün bütün parçaları tökürəm və onun içindən seçirəm. Bu, çox çətindir».

- Bəs nə əcəb ayrıca emalatxana ayırmamısınız?

- Hələ ki, bir az maliyyə problemi var. Maliyyə düzəlsə, fikrim var.

ŞƏKİ YOXSA QARABAĞ?

Təranə Əliyeva deyir ki, tikdiyi kuklalar hər regionu ayrıca ifadə edir, o, kuklanı tikməzdən öncə, deyək ki, Şəki, Qarabağ, Bakının tarixi geyimlərini, naxışlarını öyrənir, ayırd edir və işə başlayır:

«Mağazalardakı əksər suvenirləri hazırlayanlar bilirlər ki, Azərbaycan kuklası belə olmalıdır. Ancaq bilmirlər ki, Şəki zonasının paltarıdır bu, yoxsa Qarabağdı. Sadəcə düzəldirlər. Məncə, onlar hardasa Çində istehsal edilir və gətirilir bura. Adı millidir, ancaq özü milli deyil».

Məşədi İbad
KUKLA TİKMƏK ÜÇÜN RƏSSAMLIQ, ANATOMİYA BİLİKLƏRİ

Təranə Əliyeva deyir ki, kukla tikmək üçün həm rəssamlıq, həm heykəltəraşlıq, həm də anatomiya bilikləri onun köməyinə gəlir:

«Material əsasən taxtadandır. Taxtanın üstünə karkas birləşdirilir. Karkas dəmirdəndir. Sonra karkasın üstünə pambıq, cürbəcür parçalar yığıb onun bədənini hazırlayırsan. Sonra isə əlləri və üzü plastikdən hazırlanır. Plastik bişirilir və rənglənir. Sonra saçlar əlavə olunur və gözün rəngi vurulur. Proses çox uzundur».

200 MANATDAN 500 MANATADƏK

Ustanın dediyinə görə, bir kuklanı hazırlamaq üçün təxminən 100 manata yaxın xərc çəkməli olur. Satışda qiymətlər isə 200 manatla 500 manat arasında dəyişir:

«Dərilər, məsələn, çox bahadır, mən onları yığıram. Xəzləri alıram, parçaları alıram. Taxtalar hamısı alınır. Hamısı alınan şeylərdir, evdə olanlar deyil. Elə olur ki, bu mallar hamısı eyni vaxtda olmalıdır. Əlinin altında hər şey hazır olmasa, işləyə bilmirsən».

2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsi dekorativ sənət ustalarının da diqqətindən yayınmır. Təranə Əliyeva deyir ki, müsabiqə həftəsində turistlərə təqdim etmək üçün xüsusi işlər hazırlayacaq.
XS
SM
MD
LG