Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

«Cavabsız suallar varsa bu o deməkdir ki, şəffaflıq şübhə altındadır»


Nazim Məmmədov

Nazim Məmmədov

«Azərbaycan borc almasa 100 milyardlarla neft pullarını qoymağa yer tapmaz».
Bunu AzadlıqRadiosuna müsahibəsində Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sabiq üzvü Nazim Məmmədov deyib.

Nazim Məmmədov Azərbaycanın götürdüyü xarici borcun miqdarından tutmuş faizinə, qaytarılma müddətinə qədər hələki narahatlığa əsas görmür. İqtisadçı deyir ki, ölkəyə neft pulları gəldiyi ərəfədə Azərbaycanın xaricdən borc götürməsinin obyektiv və subyektiv səbəbləri var və borc mütləq götürülməlidir:

«Ona görə ki, Azərbaycan 10-15 ilə neft və qaz müqavilələrindən 150-200 milyard vəsait toplanacağını proqnozlaşdırır. Bu pul ölkəyə gələndən sonra Azərbaycan indi kredit aldığı xarici fondlarla əməkdaşlıq etməsə həmin pullar fəaliyyətsiz qala bilər. Bu səbəbdən də hökumət Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa və Yenidənqurma və s. bir sıra qurumlarla əməkdaşlıq etməkdə maraqlıdır. Neft pulları gələ-gələ Azərbaycan xarici maliyyə qurumlarından borc almasa sabah həmin maliyyə bazarına heç cür çıxış əldə edə bilməyəcək. Bu səbəbdən də hökumətin borclanmaya getməsini qəbul etmək olar və mən bunu normal qəbul edirəm».

1994-CÜ İLDƏ ALINAN 30 MİLYON DOLLARIN AQİBƏTİ

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, Azərbaycanın bu qədər xarici borcla yüklənməsi bir iqtisadçı kimi onu narahat edir.

O, Azərbaycan iqtisadiyyatının qəribə və eyni zamanda bir-biri ilə ziddiyyət təşkil edən metodlarla idarə olunduğunu deyir. İqtisadçının deməsinə görə, əgər 1994-cü ildə Azərbaycanda adambaşına düşən xarici borc 8 dollar idisə indi bu borc 500 dollar civarındadır.

Məhəmməd Talıblı
Məhəmməd Talıblının sözlərinə görə, neft pulları əldə etməsinə baxmayaraq son 16 ildə Azərbaycanın xarici borcu 63 dəfə artıb.

İqtisadçı hesab edir ki, xarici mənbələrdən alınan kreditlər ölkə əhalisinin 39 faizin cəmləşdiyi aqrar sektora yönəldilsəydi bu o qədər də narahatlıq doğurmazdı.

Onun sözlərinə görə, xaricdən alınan kreditlərin, kifayət qədər büdcə pullarının ayrıldığı infrastruktur layihələrə yönəldilməsi daha çox korrupsiyadan xəbər verir:

«Hökumət prioritet sahə elan etsə də alınan kreditləri qeyri-neft sektoruna deyil, yenə də büdcədən və digər büdcədən kənar fondlardan maliyyələşən infrastruktur layihələrinə xərcləyir. Bu isə kifayət qədər narazılıq yaradır. İyul ayında təkcə Nəqliyyat Nazirliyinin Dünya Bankından 500 milyon dollar kredit alması bu bir nazirliyin timsalında çox böyük vəsaitdir».

İqtisadçı deyir ki, büdcədən kifayət qədər vəsaitin ayrıldığı sahəyə yenidən xarici mənbələrdən kredit götürülməsi əsaslandırılımalıdır.

«AZƏRBAYCAN İNDİ MALİYYƏ AZLIĞINDAN DEYİL, ÇOXLUĞUNDAN ƏZİYYƏT ÇƏKİR»

İqtisadçı yada salır ki, hələ 2000-ci ildə Azərbaycanın Dünya Bankından götürdüyü 30 milyon dollar həcmində kredit yararsız dərmanların alınmasına sərf edilib ki, həmin dərmanlar bir müddət sonradan yandırılıb:

Arxiv foto
«Azərbaycan kimi çoxlu ölkələr var ki, onlar böyük xəyali neft pullarına ümid edərək xeyli xarici borclanmaya gediblər, amma neft tükənəndən sonra həmin ölkələr acınacaqlı vəziyyətə düşürlər. Bu səbəbdən də Azərbaycanla bağlı da indidən SOS siqnalının çalınmasının vaxtıdır, bəlkə də biz bir az da gecikmişik».

Məhəmməd Talıblı ölkəyə böyük neft pullarının axını ərəfəsində Azərbaycanın bu qədər xarici borclanmaya getməsinin başadüşülən olmadığını deyir. İqtisadçıya görə, Azərbaycan indi maliyyə azlığından deyil, çoxluğundan əziyyət çəkir.

«ŞƏFFAFLIĞA GÖRƏ CƏMİYYƏT HÖKUMƏTƏ DAHA ÇOX TƏZYİQ GÖSTƏRMƏLİDİR»

Nazim Məmmədovun deməsinə görə, əlbəttə ki beynəlxalq qurumlar Azərbaycan kimi ölkələrə kredit ayıranda daha çox öz lobbiçilik maraqlarını üstün tuturlar.

Alınan kreditlərin xərclənməsində şəffaflığa necə əməl olunmasına gəldikdə Nazim Məmmədov deyir ki, əgər bu məsələ ətrafında kifayət qədər cavabsız suallar varsa bu o deməkdir ki, şəffaflıq şübhə altındadır.

Amma iqtisadçı düşünür ki, alınan kreditlərin səmərəli xərclənməsi və bu səmərəliyinin daha da artması üçün vətəndaş cəmiyyəti institutları hökumətə daha çox təzyiq göstərməlidirlər.
XS
SM
MD
LG