Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

«Bizi çöllərdə qoyma, cənab prezident»


Evi sökülən ailə
Evi sökülən ailə
«Axşam yağış yağsa, hində qalacıyıq toyuq-cücə ilə, yağmasa, mən bax o stolun üstündə yatacam, arvad-uşaq da yanımda, oğlum da bax, orda it damı düzəldib orda yatır».

15 il əvvəl Sumqayıt Baş Gömrük idarəsinin arxasındakı boş ərazidə məskunlaşan Cəlilabad rayon sakini Buludxan Şahbazov bir həftə əvvəl evləri uçurulandan sonra necə yaşadıqlarını mənə göstərir:

«Burda indi yaşamağa ev qalmayıb, hamı açıq havada və ya alaçıq qurub orda yaşayır».

Buludxan Şahbazov ölkə prezidentinin baş verənlərdən xəbərsiz olduğunu düşünür:

«Prezidentin xəbəri yoxdur, onun məlumatı olsaydı, bu qədər ailə belə çöllərdə qalmazdı».

SÜLH KÜÇƏSİNDƏ EVSİZ AİLƏLƏR

Yerli sakinlərin «Sülh küçəsi» adlandırdıqları ərazidə 30 yaxın ailənin evi uçurulub. Sakinlərin dediyinə görə, evlərin uçurulmasına əvvəlcədən xəbərdarlıq olmadan başlanılıb. İki –üç il əvvəl bir neçə nəfər onları siyahıya alıb, amma niyə görə siyahıya alındıqları barədə bir söz deyilməyib. Bakı-Quba yolundan təxminən 200 metr aralıda olan qəsəbənin bir-neçə sakinini çıxmaq şərti ilə hamısı məcburi köçkünlərdir.

Nəbi Həsənov
Evi uçurulandan sonra küçədə gecələyən Qubadlı rayonundan olan məcburi köçkün Nəbi Həsənov düşdükləri ağır vəziyyətdən çıxış üçün prezidentdən və onun xanımından kömək istəyir. Deyir evləri dağıdılandan sonra bütün ünvanlara etdikləri müraciətlər cavabsız qalıb:

«Artıq dərəcədə xahiş edirəm, bu körpələrə yazığı gəlsin. Mən əliləm, oğlum xəstədir, bu ailələrin hamısı xəstədir. Xahiş edirəm Mehriban xanımdan, cənab prezidentdən, bizə yadım əllərini uzatsınlar».

UÇQUNLAR ARASINDA UCALAN ÇADIR

Bir həftədən çoxdur ki, evləri uçurulan ailələr elə uçqunların arasında polietilen örtükdən, taxta parçalarından düzəltdikləri çadırlarda gecələyirlər. Belə imkanı olmayanlar isə elə açıq səma altında yatıb- dururlar. Sülh küçəsinin sakinləri evləri uçurulandan sonra iki gün yağan aramsız yağışın altında qaldıqlarını deyirlər:

«Bizi niyə bu günə salırlar? İşimiz yox, gücümüz yox. Burda qoca var, uşaqlar var. Belə olmaz axı. Oğlum xəstədir, 50 manat o alır, yoldaşım da əlildir. O da 100 manat alır. 150 manatla 6 nəfərlik ailə necə yaşasın, biz yenidən necə ev tikək?»

Sakinlər küçədə yatıqlarını deyirlər
«GECƏ BİRİMİZ MAŞINDA, BİRİMİZ DƏ STOLUN ÜSTÜNDƏ YATIRIQ»

Hərbi xidmətdən yeni qayıdan Elməddin Şirinov gündüzlər taksi xidməti göstərdiyi köhnə sovet maşınında gecələyir:

«Gecə birimiz maşında, birimiz stolun üstündə yatırıq. Ağcaqanad imkan vermir yatasan. Çöldə bütün paltarlarımız şehin altında qalır. Qohum evində də bir və ya iki gün qalmaq olar. Çox qalmaq olmur. Uşaqlarımızın hamısı xəstəlik tapıb. Amma bizim evlərimizi uçuranlar əllərin qoyub başının altına yatırlar villalarında, deyirlər elə belə də olmalıdır».

Xocavənd rayonundan məcburi köçkün Tamella Güləliyevagilin həyətinə girəndə o, tut ağacının altında oturub ağlayırdı:

«Belə şey olmaz axı, 10 gündür mənim gözümün yaşı qurumur. Biz hamımız «İlham» deyib sənə səs vermişik. Bizi çöllərdə qoyma cənab prezident».

«TƏKLİF OLUNAN YERƏ GETMƏK İSTƏMİRİK»

Evləri uçurulandan sonra müxtəlif yerlərə müraciət edən sakinlərə Yeni Ceyranbatan adlanan ərazidə iki dəmiryolu xətti arasında hər ailəyə 2 sot yer təklif olunub. Amma adamlar həmin yerə köçürülmələrini daha çox sürgünə bənzədirlər. Sakinləri narahat edən həm də ərazidə kimyəvi zavodun yerləşməsi, yaşayış üçün heç cür əlverişli olmadığını deyirlər. Adamların deməsinə görə, hər yerdə dəmir yolu xətlərinə yaxın evləri sökdükləri, sakinlərini başqa yerə köçürdükləri halda onlara iki dəmiryolu xəttinin arasındakı yer verilməsini heç cür başa düşə bilmirlər.

Bir neçə gün əvvəl bütün ailələr yığılıb Bakıya yürüş etmək istəyiblər
Sakinlərin deməsinə görə, bir neçə gün əvvəl bütün ailələr yığılıb Bakıya yürüş etmək istəyiblər. Amma Sumqayıt polisi onların qarşısını alıb. Hətta etirazçılardan bir neçəsini polis bölməsinə də aparılıblar.

Sakinlərin deməsinə görə, onlara qeyri-rəsmi olaraq deyiblər ki, köçürülən qəsəbənin ərazisi plana görə, gələcəkdə tikiləcək şampan zavodunun ərazisinə düşür.

Sumqayıt şəhər icra hakimiyyətində isə deyirlər ki, həmin evlər qanunsuz tikili olmaqla yanaşı həm də yüksək gərginlikli elektrik xəttinin altında yerləşdiyinə görə sökülüb.
Evi dağıdılmış sakin
XS
SM
MD
LG