Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:13
“Mən prezident Buşa Şimali Koreyanın nüvə proqramına dair danışıqların hər bir detalı haqda dəqiq və dolğun məlumat vermişəm.

Fikir ayrılıqları heç kimə haqq vermir ki, həmkarının prezidenti səhv istiqamətə yönəltdiyini iddia etsin”.

Bunu keçmiş dövlət katibi Condoleezza Rice vaxtilə eyni komandada çalışdığı sabiq vitse-prezident Dick Cheney-nin yeni kitabında yazılanlara münasibət bildirərkən deyib.

Rice kitabda yazılanları onun

“TƏMİZ ADINA LƏKƏ VURMAQ CƏHDİ”

kimi qiymətləndirib.Cheney-nin avqustun 30-da çap edilən və “In My Time: A Personal and Political Memoir” (“Mənim dövrüm: Şəxsi və siyasi memuar”) adlanan kitabı ətrafında qalmaqal böyüyür.

Rice-ın guya prezidenti Şimali Koreyanın nüvə proqramı ilə bağlı yanlış istiqamətə yönəltməsi haqda fikirlərdən başqa Cheney öz kitabında iddia edir ki, Rice bir dəfə onun kabinetində ağlayıb.

Söhbət ondan gedir ki, sabiq prezident Buş 2003-cü ildə “Ölkədəki vəziyyət haqda” parlament qarşısında etdiyi illik çıxışında İraq prezidenti Səddam Hüseynin atom bombası düzəltməyə, bunun üçün Nigerdən uran almağa çalışdığını deyib.

Amma İraqa müdaxilədən sonra belə bir sübut tapılmamışdı.

Və cəmiyyətdə bununla bağlı etirazlar artmağa başlayanda Buşun komandasında fikir ayrılığı yaranmışdı ki, əsassız iddiaya görə üzr istəmək lazımdı, yoxsa yox.

Üzr istənilməsinə qarşı çıxanlardan biri də Cheney idi. O medianın buna verəcəyi reaksiyadan ehtiyatlanırdı.

Condoleezza Rice

Cheney-nin kitabdakı iddiasına görə, “Rice da onun kabinetinə gəlib, stul çəkərək əyləşib və Buşun ictimaiyyət qarşısında üzr istəməli olmadığını göz yaşları içində etiraf edib”.

“Mən Cheney ilə birgə çalışdığım 8 il ərzində nə vaxtsa onun kabinetinə gedib ağlamağımı xatırlamıram. Mən sadəcə, ona medianın mümkün reaksiyası barədə gümanlarının doğruluğunu bildirmişəm”.

Buş və Cheney dövründə Rice-ın dövlət katibi vəzifəsində əvəzlədiyi Colin Powell də kitab haqda mənfi fikirlərini bildirib.

Powell Cheney-nin yazdıqlarını onun öz həmkarlarına qarşı “qəsdən kobudluq etməsi” və hadisələri yanlış yozması kimi qiymətləndirib.

“Yazdıqları Cheney-nin sizdən heyif çıxması kimi anlaşıla bilərmi?” sualının cavabında Rice deyib ki, keçmiş vitse-prezidentin motivləri haqda gümanlarını bildirmək fikrində deyil:

“Çünki vaxtilə onunla yaxşı münasibətlərimiz olub. O zaman ona yetərincə hörmətlə yanaşmışam. Və hələ də ona bu cür münasibətim qalır. Amma söylədiyi bir çox fikirlərin səviyyəsi mənim ona münasibətdə nümayiş etdirdiyim böyük hörmətə uyğun gəlmir”.

RİCE-IN NOYABRDA ÖZ MEMUARLARI DA ÇAP EDİLMƏLİDİR

Amma onun Cheney-nin dediklərinə cavabını öz kitabına əlavə edib-etməyəcəyi bəlli deyil.

Bir neçə gün əvvəl isə "Amnesty İnternational" beynəlxalq hüquq müdafiə təşkilatının fəalları ABŞ-ın Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirərək
"Amnesty International" təşkilatının ABŞ Ədliyyə Nazirliyi qarşısında keçirdiyi aksiya. Vaşinqton, 30 avqust 2011
Cheney-nin məsuliyyətə cəlb olunmasını tələb etmişdilər.

Əvvəllər səsləndirilmiş bu ittihamın yenidən aktuallaşmasına səbəb də elə sabiq vitse-prezidentin yeni kitabıdır.

O, kitabda amerikalı müstəntiqlərin Əfqanıstan və İraqda terrorçuluqda şübhəli bilinərək tutulan şəxslərə qarşı tətbiq etdiyi işgəncə metodlarından danışır və mümkün terror aktlarının qarşısının alınması üçün həmin şübhəlilərdən bu yolla məlumat alınmasına haqq qazandırır.

"Amnesty İnternational"ın fəalları yeni kitabın bir nüsxəsini də "sübut kimi" nazirliyə təqdim edərək Cheney-ə qarşı müharibə cinayətləri ilə bağlı ittiham irəli sürülməsinə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG