Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:42

Bir barakda 200 dustaq


Qaradağ ərazisindəki 14 saylı cəzaçəkmə müəssisəsi
Qaradağ ərazisindəki 14 saylı cəzaçəkmə müəssisəsi
KEÇMİŞ MƏHBUS 200 MİN MANAT TƏZMİNAT TƏLƏB EDİR

«Doğranan daşın tozunu külək «zon»un içinə vurur. Gözünü aça bilmirsən, daşın, betonun tozu dolur dustaqların ciyərlərinə. Bir barakda 160 nəfər dustaq saxlanılır. Nəfəs almaq mümkün deyil. Şəxsən məni həkim yoxladı, dedi səndə vərəm var, vaxtı çatanda göndərəcəyik müalicə müəssisəsinə».

2006-2010-cu illərdə Bakının Qaradağ ərazisindəki 14 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış Sabir İbrahimov orada vərəmə yoluxduğunu deyir. Deməsinə görə, onun cəza çəkdiyi müəssisədəki dustaqlar səhərlər təmiz hava əvəzinə ciyərlərinə müəssisə yaxınlığındakı daş karxanasının tozunu çəkirlər. Buna görə də müəssisədəki dustaqların çoxu vərəmdir. Xəstə dustaqlar vaxtında sağlam dustaqlardan təcrid olunub müalicə müəssisəsinə göndərilmədiyindən, vərəmə yoluxma halları çoxalır.

S.İbrahimov deyir ki, onda vərəm aşkar olunduqdan sonra vaxtında müalicə müəssisəsinə köçürülsəydi, xəstəliyi dərinləşməzdi. İndi keçmiş dustaq Ədliyyə nazirini məhkəməyə verib və 200 min manat mənəvi təzminat tələb edir.

«QOBUSTAN HƏBSXANASI BƏRBAD VƏZİYYƏTDƏDİR»

Keçmiş siyasi məhbus Eynulla Fətullayev də cəzaçəkmə müəssisələrində vəziyyətin dözülməz olmasından danışır. O, bu şəraitin dustaqların mənəvi durumunu çətinləşdirdiyini deyir.

Eynulla Fətullayev
E.Fətullayev deyir ki, cəzaçəkmə müəssisələrində monitorinqi yalnız Ədliyyə Nazirliyi Yanında İctimai Komitə apara bilir. Ancaq bu qurum Ədliyyə Nazirliyindən asılı vəziyyətdədir. Bu səbəbdəndir ki, Komitə üzvləri həbsxanalarda monitorinqlər keçirsələr də, sonradan ictimaiyyətə verdikləri məlumatlar cəzaçəkmə müəssisələrindəki real vəziyyəti əks etdirmir:

«Heç bir hesabat hazırlanmır. Beynəlxalq hüquq və müdafiə təşkilatlarına obyektiv məlumatlar çatdırılmır. Cəzaçəkmə müəssisələri ictimai nəzarətdən kənarda qalıb. Qobustan həbsxanasında isə saxlanma şəraiti çox bərbad vəziyyətdədir. Orada sərbəst, şəffaf monitorinqə imkan yaradılmır».

«HƏBSXANALARDA İŞGƏNCƏ FAKTLARI AZALIB»

Ədliyyə Nazirliyi Yanında İctimai Komitənin üzvü Səidə Qocamanlı isə bu iradla razılaşmır:

«Gördüklərimiz mənfilikləri anket formasında doldurub Ədliyyə nazirinə çatdırırıq. Sonra biz lobbiçilik aparırıq ki, həmin problemlər aradan qaldırılsın... Səni burda eşitmirlərsə, yardım etmirlərsə, onda başqa məsələ. Mən 5 ildir ki, Komitənin üzvüyəm və bu müddət ərzində yaxşılığa doğru kifayət qədər sıçrayışlar var. Mən demirəm ki, bütün işlər düzəlib, həbsxana kimi böyük bir sistemi birdən birə düzəltmək çox çətindir».

Səidə Qocamanlı
Komitə üzvü deyir ki, həbsxanalarda ən əsas problemlərdən biri sıxlıqdır. Elə müəssisələr var ki, orada hər barakda 150 dustaq saxlanılır. İkinci vacib məsələ isə reabilitasiya mərkəzlərinin yaranmasıdır:

«Həbsxanadan sonra keçmiş məhbuslar həm psixoloji müalicə almalıdırlar, həm də cəmiyyətə reabilitasiya olunmalıdırlar. Avropada bu sahəyə böyük maliyyələr ayrılır, bizdə isə problem hələ ki həll olunmayıb. Bizi maraqlandıran məsələlərdən biri də odur ki, dustaqlar müəyyən təhsil alsınlar, peşəyə yiyələnsinlər. Bir neçə müəssisədə bu, nəzərə çarpır».

Komitə üzvü həbsxanalarda işgəncə faktlarının olduğunu, ancaq əvvəlki illərlə müqayisədə belə faktların azaldığını deyir.

QAZ, SU PROBLEMİ HƏLLİNİ TAPSA DA...

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, ara-sıra siyasi məhbuslarla görüşməyə gedəndə, cəzaçəkmə müəssisəsində monitorinq də keçirirlər. Son vaxtlar həbsxanalarda qaz, su problemi həllini tapsa da, çoxsaylı başqa problemlər qalmaqdadır:

«Elə müəssisələr var ki, orda həkim çatışmır. Elə müəssisələr var ki, orda namaz qılmağa yer var, ancaq açmırlar ki, dustaqlar namaz qılsın. Psixoloqları yoxdur, həbsxanadan sonrakı həyata reabilitasiya etməyə yardımçı olan adamları yoxdur. Olur ki, dustaqlar deyirlər rəisin köməkçiləri bizimlə pis rəftar edirlər. Biz bu məlumatları Ədliyyə Nazirliyinə verəndən sonra tədbir görülür.
Novella Cəfəroğlu
Ümumiyyətlə, 200 adam bir yerdə yatırsa, burda hansı insan haqlarından danışmaq olar?».

HƏBSXANALARDA QEYRİ-QANUNİ OTAQLAR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev bu vəzifəyə bu ilin fevral ayında təyin olunub. AzadlıqRadiosuna müsahibəsində o, deyib ki, işə başlayanda cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında çoxlu problemlərin olduğunu görüb. Rəisin deməsinə görə, indi bu problemlərin bir qismi həllini tapıb:

- Bəzi cəzaçəkmə müəssisələrinin içərisində «patsovka» adlanan qeyri-qanuni otaqlar var idi. Guya lazımlı otaqlar idi. Ancaq bilmək olmurdu ki, o otaqların təyinatı nədir. Bəzi hallarda əməkdaşlar özləri istifadə edirdilər, bəzi məsələlərdə imtiyazlı məhkumlar istifadə edirdilər. Mən prezidentin qəbulunda olarkən o dedi ki, bəzi məhkumlara qanunsuz imtiyazlar var. Prezident bu işlərdən tam məlumatlı idi. O otaqlar hamısı ləğv olundu, uçurduldu. İndi cəzaçəkmə müəssisələrindəki bütün dustaqlar eyni şəraitdə saxlanılırlar, bir yerdə yemək yeyirlər».

- Şikayətlər var idi ki, rəislər müəssisə ərazilərində şəxsi təsərrüfatlarını saxlayırlar və həmin təsərrüfatlarda dustaqları işlədirlər...

Mədət Quliyev
- Həqiqətən də cəzaçəkmə müəssisələrində belə faktlar aşkar edildi. Biz aşkarladıq ki, müəssisələrin ərazilərində heyvan saxlanır. Hamısı ləğv olundu. Bizim özümüzün məntəqə tipli cəzaçəkmə müəssisələrində heyvandarlıq var. Məhkumlar, nəzarətdə olan şəxslər orda heyvandarlıqla məşğul olurlar. Qanunsuz saxlanan heyvanlar cəzaçəkmə müəssisələrindən yığışdırıldı, qanuni olaraq məntəqə tipli müəssisələrə keçirildi. Bu nöqsanları olan əməkdaşlar cəzalandırıldılar.

M.Quliyevin dediyinə görə, indi vərəmli məhbuslar başqalarından təcrid olunaraq müalicə müəssisəsinə yerləşdirilir və onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Ancaq nə indi, nə də gələcəkdə «Hepatit» və AIDS xəstələrinin sağlam dustaqlardan təcrid olunması gözlənilmir. Nazir müavini deyir ki, belə xəstələr Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin xüsusi nəzarətindədirlər.

AVROPA STANDARTLARINA CAVAB VERƏN 7 CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ TİKİLİR

M.Quliyev cəzaçəkmə müəssisələrindəki problemləri müvəqqəti sayır. O, hazırda Avropa standartlarına cavab verən 7 cəzaçəkmə müəssisəsinin tikintisinin başa çatmaq üzrə olduğunu, yeni tikilən müəssisələrdə barak olmayacağını deyir:

«Kamera tipli, 1-2 nəfərlik kondisionerli otaqlar olacaq. Dustaqlar üçün hamam, kitab üçün yer, digər texniki məsələlər də nəzərdə tutulub. Biz indi baxırıq ki, orda internet, telefon olsun. Məhkumlar öz üzərilərində işləsinlər».

Keçmiş siyasi məhbus E.Fətullayev isə deyir ki, hazırda bir neçə cəzaçəkmə müəssisəsi tikilməkdə olsa da, bu tikintilər ləng aparılır. 2004-cü ildən indiyə qədər yalnız Bakı İstintaq Təcridxanası istifadəyə verilib. Yeni təcridxana standartlara cavab versə də, dustaqlarla münasibətdə köhnə üsul-idarə qalmaqdadır:

«Bu təcridxana əski mağarada bir avrotəmiri xatırladır. Çünki üsul-idarə əvvəlki kimidir, yeni dövrə adaptasiya olunmayıb».
XS
SM
MD
LG