Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:50

Rəşad Məcid: "Böyük bir qrafomanlıq başlanır"


"Pen klub" proqramı, 01092011
Gözlə

No media source currently available

0:00 0:50:17 0:00
Direct-ə keçid

"Pen klub" proqramı, 01092011

Rəşad Məcid: “Təhlükə odur ki, böyük bir qrafomanlıq başlayır. İbtidai yazmaq qabiliyyəti olmayanlar, indi görürük ki, meydan sulayırlar”.

Zahir Əzəmət: "Məncə, ən yaxşı ələyən, seçim aparan elə zamanın özüdür”.

Əli Əkbər: "Bir kitab çıxan kimi gedib 5 manat verib almaq əvəzinə hamı onun elektron versiyasının olub-olmaması ilə maraqlanır... Yəni internet oxucunu tənbəlləşdirib”.



AzadlıqRadiosunun “Pen klub” proqramındakı müzakirədə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Kultaz” ədəbiyyat portalının rəhbəri Zahir Əzəmət, yazıçı Əli Əkbər iştirak ediblər. Mövzu belə olub: İnternetin inkişafı ədəbi mühitdə xaos yaradırmı?

Rəşad M:

- Indi xüsusən bizim yeni yazmağa başlayan gənc insanlar əlinə qələm alıb bir şey yazan kimi o sosial şəbəkələrdə, müxtəlif bloqlarda, saytlarda özünə yer tapır. Və istər-istəməz gənc iddialilara xas olan bir xüsusiyyət var ki, o artıq sosial şəbəkədə öz yaşıdlarından bir neçə tərif görəndən sonra məhz bu cür yazmağın məqbul olduğunu özünə təlqin edir. Və nəticədə, mənim fikrimcə, dəyərlər itir, yaxşı yazının hansı olduğu bilinmir. İndi yeni çap olunan çoxlu kitablar var ki, onları məhz bədii dəyərinə görə sovet vaxtı çap etməzdilər. Yəni ibtidai yazmaq qabiliyyəti olmayanlar, indi görürük ki, meydan sulayırlar.

Şahnaz B:

- Nədir burada təhlükə?

Rəşad M:

Rəşad Məcid

- Təhlükə odur ki, böyük bir qrafomanlıq başlayır. Hər əli qələm tutan, hər klaviaturanın düyməsini döyəcləyən, üç cümləni dal-dala qoşanlar özlərini şair və ya yazıçı adlandırırlar. Bu, məncə, əsl ədəbi dəyərin harada olduğuna kölgə salır.

Şahnaz B:

- Demisiniz ki, xaosdan çıxmaq üçün Yazıçılar Birliyi və dəyərlərə qiymət verə biləcək bir qurumun olması, ədəbiyyatı bilən ədalətli adamların bu qurumda toplaşması vacibdir. Bu həm də yazıçıların özünü müdafiə instinktidir.

Rəşad M:

- Bunu Yazıçılar Birliyinə aid deyil, ümumiyyətlə demişəm, Azərbaycanda vəziyyət elədir ki, yazan və oxuyanı toplasan 1000 nəfər olar. Bunlar biznes, iş adamlarının meydan suladığı vaxtda çox dar bir əraziyə malikdirlər. Və bunların özünü qoruması lazımdır. Söhbət siyasi ələmədən getmir, bədii dəyərin olub-olmamasını müəyyənləşdirməkdən gedir.

Zahir Ə:

- Rəşad bəyin dediklərində o mənada müəyyən həqiqət var ki, bu gün internetdə hər kəs bədii dəyərindən asılı olmayaraq öz mətnini yaymaq imkanına malikdir. Belə bir məqamda təbii ki, oxucunun etibar etdiyi bir dəyər formalaşdıran nöqtələrin olması vaxtıdır ki, onlara əsaslanıb nəyi oxumaq barədə seçim etmək olsun. Məsələn, bizim saytda elə deyil ki, kim nə göndərirsə dərc olunur. Seçim aparırıq. Bəzən elə olur ki, orta səviyyədən aşağı heç bir mətni çap etmirik. Bəzən də orta, ya ortadan bir az aşağı yazan müəllif dəfələrlə müraciət edirsə, ona stimul vermək üçün 1-2 şerini bir il içində dərc edirik. Yəni ümumən seçimi gözləməyə çalışırıq. Amma o iddiada da deyilik ki, dərc etdiyimizin hamısı birmənalı şəkildə ədəbiyyatdır. Bir məsələ də var ki, internetin hesabına indi oxucu ilə müəllif arasındakı məsafə itib. Şərhlər, kommentlər, bir-birinə tərif deməklə. Bu problem ortaya çıxıb. Şahidi oluruq ki, müəllif özü müxtəlif adlarla özünə tərif yazır. Süni şəkildə təriflər təşkil edirlər. Amma biz bacardığımız qədər müəyyən müşahidələr, müsabiqələr yolu ilə çalışırıq ki, həqiqi dəyərləndirmə mexanizmi quraq. Nəticə də pis deyil. Amma məncə, ən yaxşı ələyən, seçim aparan zaman özüdür.

Əli Əkbər:

- Qəribə səslənəcək, amma Rəşad bəylə qismən razıyam. Əvvəla, onu deyim ki, mən bizim yaxın dostlarla şərhlərin açıq olduğu, qeydiyyatsız şərhlər yazıla bilən saytlara yazı verməməyə çalışırıq. Yəni qeydiyyatsız, kompleksli, xəstə adamların daxil olub bir neçə adla nəsə yazması narahatlıq doğuran məsələdir və mən açığı o uğursuzlara o şansı tanımaq istəməzdim. İstər tərif desinlər, istərsə də söysünlər, bunların ikisi də iyrəncdir. O ki qaldı internetin ziyanına, bilirsiniz, bir kitab çıxan kimi, gedib 5 manat verib almaq əvəzinə hamı onun elektron versiyasının olub-olmaması ilə maraqlanır, kompüterdə oxumaq üçün linkini istəyir.

Yəni internet oxucunu tənbəlləşdirib. Bu məni çox narahat edir.

Şahnaz B:


Əli Əkbər

- Tək yazarlar deyil, bundan kino xadimlərini, başqaları da narahat ola bilərlər.

Əli Ə:

- 2 il sonra onun elektron versiyasını internetə atmaq anlaşılandır. Mən özüm də elə edirəm. Amma kitab yeni çıxanda müəllifin maraqları, pul qazanmaq, mətbəə ilə hesablaşmaq və sair məsələlər var ki, bunlar başqa şey diktə edir... Deyirlər “Link var ?”. Hələ də bu suala öyrəşə bilmirəm. Bu nə deməkdir? Nə link? Bu mənada razıyam ki, internet tamamilə sərhədləri qaldırıb. Kitab mədəniyyətini, o kağızı, onun ətrini tamamilə unutdurub. Artıq kitab lazımsız bir şeyə çevrilib. İnsanlar istəmirlər ona pul verərək alıb oxusunlar. Heç internetdə də oxumurlar artıq.

Zahir Ə:

- Mən bir müəllifi o qədər dərc etmədim ki, axırda gedib özünə sayt yaratdı. Nə olsun. Yaratsın. Məsələ o səviyyəyə qaldırılmalıdırmı ki, buna dövlət səviyyəsində qadağa qoyulsun, yaxud hər hansı bir qurumda lisenziya alsın? Bu artıq bir az məsələnin başqa tərəfə yön almasına səbəb olacaq. Ona görə də, Rəşad bəyin həyəcanını bölüşürəm, amma o qədər də pessimist deyiləm. Çünki bilirəm ki, yoluna düşəcək.

Şahnaz B:

- Dünyada vəziyyət necədir bu məsələdə ?

Zahir Ə:

- Dünyada vəziyyət bizdən daha pisdir bu sahədə. İnternetdə kim nə istəyir yerləşdirə bilər. Ədəbiyyat jurnalları çox azdır. Məsələn, İsveçrə, Türkiyə və digər ölkələrdə bir dənə ciddi ədəbiyyat saytı yoxdur. Həvəskar saytlardır və hər şey yerləşdirirlər. Amma ciddi ədəbiyyat orada maliyyənin nəzarəti altındadır. Çünki mətn artıq puldur, kapitaldır. Bu artıq mətbəələrin, bankların hüququnda olan məsələdir. Bizdə də bu proses ona doğru gedir.

Əli Ə:

- Rəşad bəyin dediyi o xaosun 50 qat artığı bu gün Rusiyada yaşanır. Orada minlərlə saytlar, yüz minlərlə müəlliflər var. Amma üzdə biz ancaq ciddi imzaları görürük. O təsadüfi adamlar çıxmır. Məncə, önəmli olan kitab bazarına gəlib çıxmaq və orada bir neçə il sabit qala bilmək, oxunmaqdır məncə. Mənim üçün göstərici yenə də kitabdır. Mənim üçün ədəbiyyat kitabla asossiasiya olunur. Mən kitabdan kənarda ədəbiyyat görmürəm.

Rəşad M:

- Zahir bəy deyir ki, əsas seçimi zaman edir. Düzdü. Amma o deyilən zaman böyük ədəbiyyata aiddir. O, bir ilin, on ilin işi deyil. Mən, sadəcə olaraq, o yüngül saytların cavanlara, gənclərə vurduğu mənfi təsiri deyirəm. Onlar belə yazıları, şeirləri görəndə düşünürlər ki, bu cür məqbuldur. Onlar da yaza bilərlər və bu, ədəbiyyat olacaq. Yəni ortada bir proses - yazmaq üçün lazım olan peşə vərdişinə yiyələnmək istəyi sıradan çıxır. Buna lüzum görmürlər. Şübhəsiz ki,
Zahir Əzəmət

dəyəri olmayan yazıların uzun illər qalması, yaşaması heç nə ilə-nə maliyyə, nə də siyasi dəstəklə mümkün deyil. Amma bu başqa məsələdir.

Ziba (dinləyici - SMS-lə):

"Yazmaq cinayət deyil. Heç kimin də əlindən qələmi, kağızı, interneti, bloqu almaq olmaz. Zaman ələk, potensial oxucu da o ələyin gözləridir".

Mətanət (dinləyici - SMS-lə):

"Mən yaxşı əsərlə pis əsər arasında fərq görə bilmirəm. Məncə, pis ədəbiyyat yoxdur. Kim nə yaza bilirsə, yazsın. Çünki istənilən bədii nümunə gözəldir ki, ərsəyə gəlib. İndi holavarları necə seviriksə, bayağı ədəbiyyat adlandırdığımız, bu gün sevmədiyimiz yaradıcılıq nümunələri də min illər sonra beləcə seviləcək".

Rəşad M:

- Səhv düşünür. Əvvəla, onu holavarlar - bizim xalq yaradıcılığı nümunələri ilə müqayisə etmək düz deyil. Onlar min illərin süzgəcindən keçib gəlib. Amma tutaq ki, dostumuz Əli Əkbərin hansısa bir məqamda yazdığı şeiri var idi. Sosial şəbəkələrdə yaymışdı onu. O özü də iddia etmir ki, o, ədəbiyyatdır. Sadəcə, əhvalının hansısa məqamında yazıb. İndi xanımın sözündən belə çıxır ki, nə yazırsan hamısı ədəbiyyatdır. Bu, yanlış fikirdir. Elə deyil. O, yaşaya bilməz. Bax mənim təhlükə saydığım da bu cür münasibətin yaranmasıdır. Bu münasibətin nəticəsidir ki, tez-tez AYB-nin binasına bəzi yeniyetmələri gətirib çıxarır. Baxıram ki, uşaqdır, deyirəm kimsən, deyir mən yazıçıyam, yaxud şairəm. Amma danışdıranda bəlli olur ki, iki şairin, bir yazıçının adını çəkə bilmir. Yəni bu xaos o cür adamları orbitindən çıxardıq.

Əli Ə:

- Çığallıq kimi çıxmasın, amma bu gün elə AYB də zövqsüzlərin konsentrasiya məkanı kimi görünür. Bilirəm, Rəşad bəy özü də bu barədə deyib və o qurumun katibinin dilindən bunu eşitmək xoşdur, amma yenə də, onlar ordadır də. Amma AYO-da, faktiki olaraq, əksəriyyət istedadlı gənclərdir.

Zahir Ə:

- Əslində cəmiyyətə göstərmək lazımdır ki, dəyər hansıdır. Bunun üçün KİV-in xüsusilə televiziyanın üzərinə düşəcək böyük bir yük var. Hansı ki, o yükü daşımır. Qəzetlərin, tənqidçilərin üzərinə böyük yük düşür. Burada söhbət övladlarımızın zövqünün necə olacağından gedir.

Rəşad M:

- İndi bizdə nə nəşriyyatlar, nə də kitab bazarı formalaşıb. Kağız kitablar dünyada sıradan çıxmaq ərəfəsindədir, amma bizdə hələ indi kitab mağazaları açılır. Amma ola bilsin bu bir müddət davam edəcək. Yəni mən demək istəyirəm ki, belə bir vəziyyətdə mühitlər olmalıdır. Nəşriyyatlar yoxdur, tutaq ki, AYB və ədəbi qurumlar da olmasa, demək istəyirəm ki, tamam xaotik bir vəziyyətə düşəcəyik və 10-20 ildən sonra prosesi yenidən başlamalı olacağıq. Mən bu təhlükəni gördüyüm üçün o fikirləri səsləndirmişdim. Bizim siyasi, yaxud ədəbi baxışlarımızda fərq ola bilər.



Amma bu fərq ədəbiyyatın dəyərinin harada olmasına münasibətdə deyil. Bu baxımdan hesab edirəm ki, bizim üçümüz də hansısa bədii dəyəri olan 10 əsər adı çəksək mənə elə gəlir ki, onun 8-i eyni olacaq.

Şahnaz B:

- Rəşad bəy, məsələn Əli Əkbəri oxumusunuzmu, münasibətiniz maraqlıdır?

Rəşad M:

Mən son vaxtlarda çıxan bütün kitabları oxuyuram. Mənə maraqlıdır, yeni nəsildən olanlar, indiki iddiaların arxasında kimlərin durduğunu bilmək. Əli Əkbər, Seymur Baycanla bağlı da fikrlərimi bu studiyada demişəm. Əli Əkbərin əvvəlki romanında mənim üçün təəccüblü və qəbul etmədiyim məqamlar var idi. Özünə də demişdim. Son romanı, hesab edirəm ki, keyfiyyətli bir əsərdir. Bədii səviyyəsinə görə də mən onu yüksək qiymətləndirirəm. Eləcə də AYO-nun, yaxud AYB –nin üzvü olmayan başqa dostlarımız da var. Ümumiyyətlə, indi yeni istedadlı bir nəsil var və arzu edirəm ki, onlar dünyaya da çıxa bilsinlər. Mənə elə gəlir ki, çıxacaqlar da.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG