Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Zərgər Emin: «60 faiz qızılı ehtiyacdan, qalanı kefindən satır»


Zərgər Emin Qasımzadə

Zərgər Emin Qasımzadə

«CİBİMDƏ PUL YOXDUR»

Öz dili ilə desək, cibində siçanlar oynayan Eminin əlləri hər gün qızıla bulaşır. 31 yaşlı Emin Qasımzadə 8 ildir ki zərgərdir, qızıl əşyaları hazırlayır. Deyir çoxu zərgərləri «pullu adamlar» kimi tanısa da indi onların də bazarı ölüb. Başqa sözlə, hamı satır, alansa yoxdur:

«Qızıl bazarında vəziyyət 2009-cu ilə qədər daha yaxşı idi. Alıcılıq qabiliyyəti yüksək idi. İndi qızılın qiyməti bir gün qalxır, bir gün düşür, camaat çaş-baş qalıb. Əvvəlki kimi bazar yoxdur».

«QIZILIN QİYMƏTİNDƏ HƏR SAATIN HÖKMÜ VAR»

Eminin də dediyi kimi, son illər qızılın qiymətində az qala hər saatın öz hökmü var. Qiymət o qədər sürətlə dəyişir ki, heç qazancınla itirdiyini hesablamağa belə imkan tapmırsan. Ötən ay isə qızılın qiyməti özünün rekord həddinə çatmışdı – qramı 60 dolları da keçmişdi. Sentyabrın 2-də isə dünya bazarında 1 qram qızıl 57 dollardır:

«Dünən 58 dollardan qızıl almışam, bu gün isə 57 dollar olub. Bir gecənin içində qramda 1-2 dollar gah itirirsən, gah qazanırsan. Alanda fikirləşirdim ki, ay Allah birdən düşər, gəldim ki, həqiqətən düşüb. Bilmək olmur. Bazarı tutmaq olmur, birja özü necə istəyir, elə də edir».

Adətən malının dəyəri qalxan sahibkarın sevindiyini görürsən, amma bu, Eminə aid deyil. Deyir qızılın bahalaşmasına heç sevinmir:

«Qızıl qalxır, amma alıcı, sifarişçi yoxdur. Qızıl yatır orada, mənimsə çörəyim ondan çıxır. Mən razıyam 35-37 dollar olsun, yaxşı da alver olsun. Onda adam işə də canla-başla gəlir».

Zərgər Emin Qasımzadə iş başında
«RASXODLU» GƏLİN...

Emin deyir ki, indi qızılı daha çox toya görə - gəlin üçün sifariş verirlər. Bu zaman bəyin nə qədər xərcə düşəcəyi isə gəlinin insafına qalır:

«Həridən başlamış toyadək 6000-6500 lazımdır. Gəlin əgər «rasxodlu»dursa, barmağını qoyur deyir «bundan istəyirəm». Gəlin də var ki, deyir nə alırsansa al, özün bilərsən. Yəni başa düşən gəlinlər də var, başa düşməyənlər də. Başa düşənin qızılı 3000-3500-ə başa gəlirsə, başa düşməyən 6000-7500-ə».

Eminin dediyinə görə, çoxu gəlini yola vermək üçün evdəki köhnə qır-qızılını satmalı olur. Elə Bakıda kiçik zərgərlik sexlərində çalışanlar da qızılı əsasən bu cür adamlardan alırlar:

«Bu gün, məsələn, mənə saat veriblər ki, «onu sat, pul lazımdır». Elə də adam var ki, bu komplekti yox, başqasını istəyir. Yəni 60 faiz ehtiyac üzündən satırsa, 40 faizi kefindən satır, dəyişiklik istəyir».

QIZILSIZ ZƏRGƏR

Həmsöhbətim deyir ki, sonradan problem yaşanmasın deyə qızılı tanıdıqları adamdan və ya onun məsləhəti ilə bir başqasından alırlar. Çünki əldə satılan qızılların üzərində onların qanuni satılmaları, oğurluq mal olmamaları barədə heç bir sənəd olmur.

Zərgər olsa da Eminin üzərində qızıl əşya gözə dəymir. Deyir qızıl əşyaları yalnız başqaları üçün hazırlayır:

Zərgər
«Xoşlamıram nəsə taxmaq. Qızıl həm kişiyə haramdır, həm də ümumiyyətlə marağım yoxdur. Qadınlar isə həmişə qızıla hərisdir. Ailədə həmişə məndən qızıl hədiyyə gözləyirlər».

- Hədiyyə edirsizmi?

-Büdcəmə baxır, imkan olanda eləyirəm.

«GƏNCLƏRİN HƏBSİ MƏNƏ XOŞ GƏLMİR»

Bütün günü zərgərlik köşkündə keçsə də Emin cəmiyyətdə, ölkədə baş verənlərə də biganə qalmır. Deyir hər gün həm telekanallardan, həm də internetdən xəbərləri izləyir. İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunan müxalifət fəalı Tural Abbaslının məhkəməsilə lap yaxından maraqlanır, onunla bir məhəllədə böyüdüyünə görə:

«Cavanları sıxmaq, elə bir gənci içəridə saxlamaq bir gənc, bir vətəndaş kimi mənə xoş gəlmir».

Emin ölkədə əmin-amanlığın, yüksək həyat səviyyəsinin olmasını arzu edir. Deyir yalnız belə olarsa, onun əlləri kimi cibləri də bayram edər.
XS
SM
MD
LG