Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

Nazirlik qiymət artımı barədə, Məhərrəm Əliyev danışdı


Mətbuat icmalı
Mətbuat icmalı
QİYMƏT ARTIMI SÜNİ AMİLLƏRLƏ BAĞLIDIR

«Azərbaycan» qəzeti Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanovun məktubunu dərc edib. Məktubda deyilir ki, qəzetin 1 və 27 iyul 2011-ci il tarixli nömrələrində dərc olunmuş «Qiyamət qoparan qiymət» və «Ətlə cib kəsənlər» sərlövhəli məqalələr Kənd Təsərrüfatı Nazirliyində araşdırılıb.

«Qiymətlərin süni surətdə qaldırılmasının qarşısının alınması və istehlak bazarına nəzarət İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilir…

2010-cu ildə meyvə və giləmeyvə respublika əhalisinin tələbatından 1.7 dəfə, tərəvəz-bostan məhsulları 1.9 dəfə, kartof isə 2.4 dəfə artıq istehsal edilmiş, mal əti istehsalı isə əvvəlki ilə nisbətən 44.2 faiz artmışdır. Cari ilin 7 ayında keçən ilin müvafiq dövrünə nisbətən kartof, tərəvəz-bostan məhsulları, meyvə və giləmeyvə 3.0-2.5 faiz civarında artmışdır.

Kənd təsərrüfatı məhsullarının belə bir artımı şəraitində istehlak bazarında məhsulların qiymətlərinin artırılması normal hesab edilə bilməz.

Qiymətlərin nisbətən yüksək olmasının əsas səbəbi kənd təsərrüfatı məhsullarının nəql edilməsi zamanı müxtəlif subyektiv maneələrin yaradılması və satışının bilavasitə möhtəkirlərlə əlaqədə olması və eyni zamanda ixrac əməliyyatlarının artmasıdır».

KORRUPSİYA BU REJİMİN GENETİK XƏSTƏLİYİDİR

«Azadlıq» qəzeti İctimai Palatanın üzvü Ənvər Əliyevlə müsahibə dərc edib.

- Hakimiyyət bir müddət əvvəl korrupsiyaya qarşı mübarizə elan etsə də, bu mübarizə hərbi komissarların həbs olunması və nazirlikdəki sıravi işçilərin işdən uzaqlaşdırılmasından o yana getmədi. Bunun səbəbi nədir?

Ənvər Əliyev
- Azərbaycan hakimiyyəti heç zaman korrupsiyaya qarşı mübarizə apara bilməz. Hakimiyyət yalnız bir kampaniya elan edə bilər. Çünki bunların bütün mahiyyəti korrupsiyadan ibarətdir. İnsan öz genetik xəstəliyinə qarşı mübarizə apara bilməz. Bu genetik xəstəliyi hazırkı siyasi quruluşa tam əks olan başqa quruluş yox edə bilər. Texniki dillə desək kompyuter virusunu özü təmizləyə bilməz. Hakimiyyətin korrupsiyaya qarşı mübarizəsi sovet dövründəki kampaniyaların oxşarıdır.

MƏHƏRRƏM ƏLİYEV «APA»YA DANIŞDI

«Yeni Müsavat» qəzeti:

«Vəzifəyə təyin olunmaq, vəzifədən azad edilmək hər bir dövlət məmurunun yaşadığı taledir. Mən Tacikistandan geri çağırılmışam, hazırda Xarici İşlər Nazirliyinin sərəncamındayam. Mənə vəzifə veriləcək, verilməyəcək, bu, dövlət başçısından asılıdır».

Bunu Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi və Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyev güc strukturlarından birinə təyinat alacağı barədə məlumatları «APA»ya şərh edərkən deyib.

M.Əliyev bəzi şəxslərin onunla bağlı mətbuatda yalan məlumatların yayılmasında maraqlı olduqlarını bildirib: «Onsuz da məni tanıyan insanlar yalan məlumatlara inanmırlar. Ötən bu illər ərzində hamı gördü ki, kim-kimdir. Mənim 10 il bundan qabaq dediyim şeylər real olaraq üzə çıxdı və bilindi. Qalan şeylərə gəlincə, vaxt hər şeyi həll edir və edəcək».

M.Əliyev hazırda Bakıdakı evində olduğunu deyib: «Münasib bir iş olsa, məsləhət görülsə, işləyəcəyik. Olmasa, camaat necə, mən də elə, çıxacağam istirahətə. Mən həmişə dövlətə, dövlətçiliyimizə, möhtərəm prezidentimiz İlham Əliyevə, ümummilli lider Heydər Əliyevə sadiq olmuşam və ömrümün axırına qədər də bu yolla gedəcəyəm. Çünki bu yolun alternativini görmürəm».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG