Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44
APA-nın məlumatına görə, "Yahşi Cazibe" serialının 54-cü bölümünün çəkilişləri paytaxtın əsas məkanlarından biri olan Fəvvarələr meydanında Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında aparılır.

Yaradıcı heyətin Bakının mərkəzi küçələrində görünməsi paytaxt əhalisi tərəfindən də maraqla qarşılanıb.

Hansısa problemin yaranmaması üçün çəkiliş meydançasına xüsusi mühafizə xidməti və polislər cəlb ediliblər. Çəkilişdə azərbaycanlı aktrisa, serialın baş məsləhətçisi Məlahət Abbasova da iştirak edir.

Aktrisa bildirib ki, Bakıda çəkilişlərinin aparılması təşəbbüsü ona məxsusdur: "Elə bu serial çəkilməyə başlayanda çəkilişlərin bir qisminin Azərbaycanda aparılması ideyasını irəli sürmüşdüm.

Artıq Bakıdayıq və möhtəşəm bir seriya çəkilir. Tamaşaçılar Bakını çox sevəcəklər".

"Yahşi Cazibe"nin rejissoru: "Bakı dünyanın çox şəhərindən daha təmizdir"

"Yahşi Cazibe" serialının rejissoru Bora Onur Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu deyib:

"Məndə ölkəniz haqqında çox müsbət fikirlər yarandı. Bakıda çəkilişlər artıq ilk gündən çox rahat gedir və hamı bizdən köməyini əsirgəmir. Heç bir çətinliyimiz yoxdur. Bakının gözəl olması bizləri çox sevindirir. Yəni biz serialı davamlı şəkildə burada çəkə bilərik. Sözün düzü, mən bu qədər modern, bu qədər təmiz yer gözləmirdim. Bakı dünyanın çox şəhərlərindən daha təmizdir. Küçələri çox genişdir. Etiraf edim ki, xəyallarımdakı Bakı başqa cür idi, artıq xəyallarımda yanıldığımın şahidi oldum".

Türk rejissor paytaxt sakinlərini qısa zamanda çox sevdiyini deyib. Rejissor qeyd edib ki, "Yahşi Cazibe"nin 54-cü bölümü Bakıda çəkilir və bu bölüm sentyabrın 10-da Türkiyənin ATV kanalında nümayiş olunacaq.

Hakan Yılmaz: "Cazibənin arxasınca Azərbaycana gəldim..."

"Bakıda olmaq çox gözəl bir duyğudur. Gördüyümüz işin içərisində Azərbaycanın da adının olması, çəkiliş üçün qardaş ölkəyə gəlmək inanılmaz xoş bir duyğudur. Mən Bakını çox bəyəndim. İlk dəfə gəldim və çox təmiz bir şəhərlə qarşılaşdım. Bakının bir çox yerini İstanbuldan çox bəyəndim".

Bu sözləri serialda Kamal obrazını yaradan Hakan Yılmaz deyib.

Aktyor Bakıda Dənizkənarı Milli Parkı, binaları, tarixi abidələri çox bəyəndiyini vurğulayıb: "Bu şəhərdə tarixi əsərləri çox gözəl qoruyublar. Sanki bu binalar dünən inşa edilib. Çox gözəl və çox xoş təəssüratlar yaşayırıq. İnsanların marağı, bizimlə sürəkli xatirə şəkli çəkdirmək istəyi möhtəşəm bir şeydir".

Bakıda çəkiləcək seriya barədə məlumat verən Hakan Yılmaz 52-ci seriyanın sonunda Cazibənin Bakıya qaçdığını və Kamalın nişanlısının arxasınca Azərbaycana gəldiyini deyib:

"Çox sevinirik ki, Azərbaycanda da bu serial Türkiyədəki qədər izlənilir. Bu bizə daha bir qürur hissi yaşadır. Türkiyədən gələndə yolda Azərbaycan vətəndaşları bu ölkədə serialın çox izləndiyini deyirdilər, ancaq gəlib bütün bunları canlı görmək daha gözəl bir hissdir".

Serialda azərbaycanlı qıza vurulan Kamal, Azərbaycan qızlarının gözəlliyindən danışıb: "Maşallah, Azərbaycan qızları çox gözəldirlər. Buraya gəldim və bunun şahidi oldum. Elə Cazibə də Azərbaycan qızlarına çox bənzəyir". Sonda Cazibəni, yoxsa Simgəni seçəcəyi ilə bağlı suala Hakan Yılmaz gülərək "sonda Barışı seçəcəyəm" cavabını verib.

Aslıhan Gürbüz: "Azərbaycanda danışıq dilini çox gözəl anlayıram və bu məni sevindirir"

"Yahşi Cazibe"nin azərbaycanlı qızı Cazibə (Aslihan Gürbüz) bizimlə söhbətində Azərbaycan türkcəsində danışmağa üstünlük verdi. Aktrisa serialda bu rolu canlandırmaqdan məmnun olduğunu deyib. Serialdakı kimi həyatda da çox gülərüz olan Aslihan Gürbüz Bakını çox sevib:

"Bakı çox gözəldir və mənim yaşadığım yerə heç bənzəmir. Ən gözəli odur ki, burada Azərbaycan dilini anlamaqda heç çətinlik çəkmirəm. Bu çox gözəl hissdir. Sizin qədər yaxşı danışa bilməsəm də, buna çalışıram. Bir az mənə çətindir, bacardığım qədər öz üzərimdə işləyirəm".

Bu rolu canlandırmaqdan bir az həyəcan keçirdiyini etiraf edən Aslihan Gürbüz, rolunu çox sevdiyini deyib:

"Bu rol üçün dili çox yumşaldırıq. Yəni, tamaşaçılar deyə bilərlər ki, "biz belə danışmırıq, bu cür davranmırıq", amma bu, komediyadır. Yəni, bir kənd qızı çox şey bilmir, həm də bunu göstərmək lazımdır. İnsanlarınızın ürəyi o qədər gözəldir ki, heç kimdən mənfi bir rəy almadım və bu da məni xoşbəxt edir. Düzdür, Azərbaycana ilk dəfə gəlirəm, amma mənim müəllimlərim azərbaycanlı olublar. Konservatoriyada 4 azərbaycanlı müəllim mənə dərs deyib və onlarla burada görüşdüm. Görürəm ki, xarici görünüşüm də Azərbaycan qızlarına çox bənzəyir, mən də bir az kökəm".

Simgə Bakıya iti "Paris"siz gəlib...

Serialın ən çox sevilən obrazlarından biri olan Simgəni canlandıran Hande Katipoğlu Bakıya iti "Paris"siz gəldiyini deyib: "Təəssüflənirəm ki, Parisi gətirə bilmədim. Ancaq bu seriyada da itlə olacağam. Bunun üçün Bakıda Parisə bənzəyən bir it tapmalıdırlar. Yəni buradakı çəkilişlərdə də Simgə yenə də itlə görünəcək".

Bakını ilk andan çox sevdiyini söyləyən Hande Katipoğlu dəniz kənarını da gəzib: "Bakı mənə Avropa şəhərini xatırladır. Tər-təmiz bir şəhərdir və çox bəyəndim. Mən nişanlım Kamalın arxasınca gəldim Bakıya. Mən həyatda da Simgə kimi enerjiliyəm. "Yahşi Cazibe"nin bir bölümü burada çəkiləcək. Bakıda dostlarım yoxdur, ancaq sizlərin hər birini özümə dost hesab edirəm".

Türkiyəli aktrisa Azərbaycanda hər hansısa filmə dəvət alarsa, sevə-sevə həmin dəvəti qəbul edəcəyini açıqlayıb: "Azərbaycanlılar bizim qardaşlarımızdır və burada olmaqdan şərəf duyuruq. Bundan sonra da vaxtaşırı gəlib buraları gəzmək istəyirik".

"Yahşi Cazibe"nin Nigar Camalla olan hissəsi sabah çəkiləcək

Qeyd edək ki, "Yahşi Cazibe" serialının Azərbaycandakı çəkilişləri üçün 20 nəfərlik heyət ötən gün Bakıya gəlib. Heyətə serialın rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa və serialın baş məsləhətçisi Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslıhan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katipoğlu (Simge) daxildir. Serialın çəkilişləri iki gün davam edəcək. Azərbaycanın "Eurovision" qalibi Nigar Camalın serialda çəkilişləri sentyabrın 2-də aparılacaq.

Milli.az

Şərhləri göstər

XS
SM
MD
LG