Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:40
Hüseyn Zeynalov adlı dinləyicimiz «Qaynar xətt»ə Daxili Qoşunların rəhbərliyindən şikayət edib. Deyir ki, o, Daxili Qoşunların Bakıdakı hərbi hissələrindən birində işləyirmiş. Bu ilin mart ayında təhsil almaq üçün Daxili İşlər Nazirliyinin saytı vasitəsilə nazir Ramil Usubova müraciət etdiyinə görə Daxili Qoşunlardan xaric olunub. Daxili Qoşunların rəhbərliyi onu nazirə müraciət etdiyinə görə belə cəzalandırıb.

«NAZİRƏ YAZDIM Kİ, MƏNƏ ŞƏRAİT YARATSIN, TƏHSİL ALIM»

Bir sözlə, Hüseyn Zeynalovun nazirə müraciəti onun nəinki karyera qurmasına, hətta işlədiyi işini itirməsinə səbəb olub:

- 2008-ci ildən Daxili Qoşunlarda xidmət edirdim. 2010-cu idə raport şəklində hərbi hissə komandirinə müraciət etdim ki, mənə imkan yaratsın, Polis Akademiyasına sənəd verim. Komandir raportu geri qaytardı. Mən də bu ilin mart ayında Daxili İşlər Nazirliyinin saytına girdim, nazir Ramil Usubova yazdım ki, mənə şərait yaratsın, təhsil alım, Daxili Qoşunlarda zabit kimi xidmət edim. 4-5 gün sonra məni Daxili Qoşunların Baş İdarəsinə çağırdılar, komandanın müavini Vidadi Əliyev dedi ki, niyə nazirə yazmısan, sən hərbi hissə komandirinə müraciət etməliydin. Məni dinləyən olmadı deyim ki, mən əvvəl ona müraciət etmişdim, o raportumu geri qaytarmışdı. Buna görə məni işdən çıxartdılar.

- Sizə necə şərait yaratmalarını istəyirdiniz?

- TQDK-nın imtahanları başlayan ərəfədə kim təhsil almaq istəyirsə, hərbi hissə komandirinə raport şəklində müraciət edir. Komandir icazə kağızı verməlidir ki, ali məktəbə sənəd verə biləsən.

«İNDİ MAĞAZADA FƏHLƏLİK EDİRƏM»

- Sizin işdən azad olunmaq haqqında əmrinizdə səbəb necə göstərilib?

- Göstərilib ki, birbaşa daxili işlər nazirinə yazdığına görə.

- Bununla bağlı sonradan təkrar nazirə müraciət etdiniz?

- Nazirliyin saytına da yazdım, ərizə şəklində də müraciət etdim, ancaq heç bir cavab olmadı. Yazdım ki, buna səhv deyirsinizsə, yaxşı, deyək ki, mən səhv etmişəm, ancaq işdən çıxarmaq nəyə lazımdır. Mən ailə dolandırıram axı.

-Hərbi hissədə nə işləyirdiniz?

- Hərbçi idim, müddətdən artıq xidmət edirdim.

- İndi hardasa işləyirsiniz?

- Mağazada fəhləlik edirəm.

«O, NİZAMNAMƏ QAYDALARINI POZUB»

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova isə deyir ki, Hüseyn Zeynalov nazirə müraciət etməklə Daxili Qoşunların Nizamnaməsini pozub. Ancaq o, Daxili Qoşunlardan buna görə xaric olunmayıb:

- Onun cənab nazirə müraciət etməsi nizamnamə qaydalarına ziddir.

- Deməsinə görə, bundan əvvəl, o, hərbi hissə rəhbərliyinə müraciət edib.

- Etməyib. O, heç hərbi hissə komandirinə də birbaşa müraciət edə bilməzdi. Bölük komandirinə müraciət etməli idi. Mən həmin hərbi hissənin komandiri ilə danışdım, o dedi ki, işinə laqeyd yanaşırdı, məsuliyyətsizlik edirdi, dəfələrlə xəbərdarlıqlar edilsə də, əhəmiyyət verməyib. Bu nöqsanlarına görə də biz onu işdən azad etmişik.

- Əmrində də belə yazılıb?

- Güman edirəm ki, bu səbəbdən çıxarılıb. Komandiri dedi ki, onu nazirə müraciət etdiyinə görə yox, başqa səbəblərə görə işdən azad edib. Nazirə müraciət etməsinə görə tənbeh olunub.

Bir sözlə, əyninə polis geyimi geyinmək arzusu ilə yaşayan Hüseyn Zeynalov bu geyimi həmişəlik fəhlə geyimi ilə əvəz etməli olub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG