Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

«Eurovision» rəhbərliyi: «Hökumətdən xahiş etmişik viza şərtlərini sadələşdirsin»


Yon Ola Sand

Yon Ola Sand

«Eurovision» mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand (Jon Ole Sand) AzadlıqRadiosuna müsahibə verib:

- Cənab Sand, bu, Sizin Azərbaycana ilk səfərinizdir?

- Xeyr, artıq 3-cü dəfədir ki, Bakıya gəlirəm. Bizim İctimai TV heyəti ilə, «Eurovision» mahnı müsabiqəsinin Bakıdakı təşkilatçıları ilə görüşlərimiz oldu. Onların işində müşahidə etdiyim proqres məndə yüksək təəssürat yaratdı. Düşünürəm ki, işlər yaxşı gedir. Hələ ki, hazırlıqların erkən mərhələsidir, amma iş aparılır.

KOMPLEKS BARƏDƏ YEKUN QƏRAR YOXDUR

- «Eurovision»a hazırlıqları müzakirə etdiniz. Bəs müsabiqənin keçiriləcəyi kompleksi gördünüzmü?

- Bu barədə yekun qərar yoxdur. Yer üçün bir neçə seçim var. Biz hələ müsabiqənin keçiriləcəyi yer barədə qərar verməmişik.

- Bəs təklif olunan layihələrlə tanışsınızmı?

- Bəli. Biz bir neçə təkliflə tanış olmuşuq. Sadəcə, masa üstündə. Amma heç bir qərara gəlməmişik. Hələ tezdir bunun üçün.

- Aha, deməli, hələ çox gəlib-gedəcəksiniz Bakıya...

- Bəli, mən təkrar-təkrar qayıdacağam bura. «Eurovision»la bağlı müzakirə ediləsi xeyli məsələ var.

- Yer məsələsində konkret qərar verə bilməməyiniz nə ilə əlaqədardır?

- Əvvəla, bu, bir qədər zaman alacaq. Bilirsiz, Bakıda yarışmanın keçirilməsi üçün mövcud olan yer də var, amma onlar başqa layihələr üzərində də işləyirlər. Ona görə hələ çox tezdir. Bu dialoqların uzanması çox normaldır. Biz bu dialoqlara Düsseldorf qələbəsindən dərhal sonra başladıq. Yay boyu da İTV ilə əlaqə saxlayırdıq. Hələ də müzakirələrimiz davam edir. Bu danışıqlar bundan sonra da həm Bakıda, həm də onları Cenevrəyə dəvət etməklə davam edəcək.

RƏSMİLƏRLƏ NƏDƏN DANIŞIBLAR?

- Hökumətdən kimlərlə görüşdünüz? Azərbaycanda «Eurovision» Komitəsində hökumət rəsmiləri də təmsil olunur...

«Eurovision-2011»də Moldovanın çıxışı – may 2011
- Bəli, biz hökumət nümayəndələri ilə də görüşdük. Azərbaycanın Birinci ledisi Mehriban Əliyeva və Gənclər və İdman naziri Azad Rəhimovla.

- Nələri müzakirə etdiniz onlarla?

- Biz öz işimizlə tanış etdik onları. «Eurovision» müsabiqəsi nə deməkdir, bu haqda danışdıq. Azərbaycanın müsabiqəyə hazırlığı, onların «Eurovision» mahnı müsabiqəsinə necə dəstəyi ola bilər və s. Mən bir qədər də bizim tələblərimiz barədə onlara məlumat verdim. Çox yaxşı bir görüş idi.

- Almaniya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bununla belə, Düsseldorfda yayım vaxtı səs qüsurları qeydə alındı. Amma heç kim bundan şikayət etmədi və bunun nəticələrə heç bir təsiri olmadı. Azərbaycanınsa telekommunikasiya təcrübəsi qat-qat azdır. Məntiqlə texniki qüsurların olması ehtimalı Azərbaycanda daha çoxdur, nəinki Almaniyada. Bu faktoru nəzərə alırsınızmı?

- «Eurovision» bütün yayımçılar üçün böyük bir çətinlik, nəhəng bir sınaqdır. Dediyiniz kimi, Almaniyanın qarşısında bu baxımdan böyük tapşırıq dayanmışdı, bir il əvvəl isə Norveçin. Amma mənim şübhəm yoxdur ki, Azərbaycan çox gözəl bir mahnı yarışması təqdim edəcək. Biz də ona görə burdayıq ki, onlara kömək edək, bunu təmin edək. Biz burdakı prosesləri ciddi izləyirik, çünki Azərbaycanın «Eurovision»a gözəl bir ev sahibliyi etməsini çox arzulayırıq.

STADİON TİKİNTİSİNİN «EUROVISION» İLƏ ƏLAQƏSİ YOXDUR

- Müsabiqə üçün kompleksin tikintisi əvvəlcədən planlaşdırılmayan tədbirləri, o cümlədən sakinlərin köçürülməsini nəzərdə tutur. Azərbaycan qanunvericiliyinə əsasən, ancaq məhkəmə qərarından sonra evləri sökmək mümkündür. Məhkəmə çəkişmələrinin tikintini yubatmaq təhlükəsi yoxdur ki?

- Hər şeydən əvvəl onu deyim ki, biz hər hansı tikinti işinə cəlb edilməmişik burda. Biz onlardan hansısa stadion tikməyi xahiş etməmişik. Stadion Azərbaycan hökuməti tərəfindən tikilir. Burda bizlik heç nə yoxdur. Mənim fikrimcə, bu məsələnin «Eurovision» mahnı müsabiqəsi ilə heç bir əlaqəsi yoxdur. O ki qaldı evlərin dağıdılmasına, biz hər hansı söküntü ilə bağlı göstəriş verməmişik və bu işin içində deyilik. Ona görə də bu suala cavab verə bilmirəm.

- Amma hüquq müdafiəçiləri sizə də müraciət ediblər ki, Azərbaycan hökumətinin «Eurovision» üçün stadion tikməsi vətəndaşların hüquqlarının pozulması hesabına baş verir.

«Biz Bakıda hər hansı tikinti işinə cəlb edilməmişik»
- Bizim bu şikayətlər barədə dəqiq məlumatımız var, oxumuşuq bu haqda. Belə tikintilər aparılan hər yerdə bu cür şikayətlər həmişə olub. Parisdə, Londonda, Amsterdamda və s. Hansı şəhərdə evlərin dağıdılması olsa, orda zərərçəkənlər şikayət edəcək. Ancaq bizim bu işə hər hansı nəzarətimiz yoxdur. Çünki bizim tələblərimiz içərisində Bakıda evlərin sökülməsi nəzərdə tutulmayıb.

YAYIM ŞURASI ÜÇÜN BİRİNCİ DƏRƏCƏLİ MƏSƏLƏ

- İstərdim Azərbaycanın viza rejimi haqda fikrinizi öyrənim. Necə düşünürsünüz, Azərbaycanın viza rejimi qonaqların və jurnalistlərin sayına təsir edəcəkmi?

- Bu, Avropa Yayım Şurası üçün birinci dərəcəli məsələdir. «Eurovision» həftəsi boyunca insanlar rahat gələ və burada yerləşə bilməlidirlər. Yarışmaçılar, nümayəndələr, jurnalistlər səfər edə, azad şəkildə işləyə bilməlidirlər. Bu, bizim üçün çox əhəmiyyətlidir. Biz Azərbaycan hökumətindən xahiş etmişik ki, viza şərtlərini sadələşdirsin.

«BELARUS QƏLƏBƏ QAZANSA, ORA DA GEDƏCƏYİK»

- Düsseldorfdakı qələbədən az sonra həbsdə olan jurnalist Eynulla Fətullayev azad edildi. Rəsmi olmasa da, Azərbaycanda bunu «Eurovision» qələbəsi ilə əlaqələndirənlər oldu. Sizə bu xəbər çatdımı? Azərbaycan ev sahibliyini qazanandan sonra bu ölkə barədə xəbərləri izləyirsinizmi? Yoxsa ölkədəki vəziyyət sizi maraqlandırmır?

Avropa Yayım Şurası qeyri-siyasi bir təşkilatdır. Amma biz media təşkilatıyıq. Biz öz üzvlərimizin ölkə daxilində müstəqil işləmək üçün ehtiyac duyduqları azadlığı qazanmaları üçün həmişə çıxışlar edəcəyik. Amma biz siyasi təşkilat deyilik və «Eurovision» musiqi yarışması siyasi bir proqram deyil. Bununla belə, bu yarışma Azərbaycan cəmiyyətində hansısa dəyərlərin formalaşmasına xidmət edirsə, mən bundan məmnun olaram.

- Fərz edək ki, Belarus 2012-ci ildə Bakıda qələbə qazandı. Avropada Lukaşenkoya münasibət birmənalıdır – onu diktator adlandırırlar. Buna baxmayaraq, siz heç nə olmamış kimi orada da final keçirəcəksiniz, yoxsa Avropadakı ictimai rəylə hesablaşmalı olacaqsınız?

- Ötən il biz orada «Eurovision» uşaq musiqi yarışmasını keçirmişik. Odur ki, bizim o ölkədə iş təcrübəmiz var. Bu yarışma üzv ölkələrlə, televiziya stansiyaları ilə bağlıdır, prezidentlərlə deyil. Belarus bu qələbəni qazanacaqsa, biz oraya gedəcəyik. Ancaq yenə qeyd edirəm: bizim üçün çox vacibdir ki, onlar söz azadlığı, əsas insan haqları kimi dəyərləri qazansınlar.

Şərhləri göstər

XS
SM
MD
LG