Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

İnsan haqları fəalları öz hüquqlarının müdafiəsinə möhtac qalıblar?


Arxiv foto

Arxiv foto


Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qəniyev, Novella Cəfəroğlu, Elçin Behbudov, Murad Sadəddinov, Eldar Zeynalov, Leyla Yunus... Siyahını uzatmaq da olar. Bunlar ölkədə son 15 illin ən məşhur insan haqları müdafiəçiləridir. Ancaq onlar özləri etiraf edirlər ki, ötən illərlə müqayisədə indi insan hüquqlarını müdafiə etmək qat-qat çətindir.

“ÖZÜMƏ BAĞIŞLAYA BİLMİRƏM Kİ, CABBARI MÜDAFİƏ EDƏ BİLMƏDİK”

Novella Cəfəroğlu:
“1995-ci ildə “Çeşmə”çilər tutulmuşdu, (Satirik "Çeşmə" qəzetinin üç əməkdaşını - red.) vicdan məhbusu olduqları üçün biz onları buraxdıra bildik, 2 aprellə bağlı tutulanlar da vicdan məhbuslarıdır, ancaq bu gün onları buraxdırmağa gücümüz çatmır. 1993-cü ildən tutulan 716 məhbusu hissə-hissə buraxdırırdıq. 2003-də tutulanları da buraxdıra bildik. Bəziləri bir il həbsdə qalsalar da buraxıldılar. Ancaq indi mən özümə bağışlaya bilmirəm ki, biz Cabbar Savalanlının hüquqlarını müdafiə edə bilmədik”.

Novella Cəfəroğlu deyir ki, beynəlxalq təşkilatlar vicdan məhbuslarının azadlığa buraxılması, mülkiyyət hüquqları pozulmuş insanların hüquqlarının bərpası istiqamətində hakimiyyətə təsir göstərməyə çalışsalar da, faydası olmur.

HÜQUQ MÜDAFİƏÇİSİ ÖZ ÇANTASINI QORUYA BİLMİRSƏ...

Yeri gəlmikən, gənc fəal Cabbar Savalanlının məhkəmə prosesindən bir epizod.

Məhkəmə nəzarətçiləri bir polis işçisinin göstərişi ilə zalda əyləşmiş hüquq müdafiəçilərinin çantalarını əllərindən alırdlar, hüquq müdafiəçisi Səidə Qocamanlının reaksiyası belə oldu: “Biz hüquq müdafiəçisiyik, çantalarımızı ala bilməzsiniz”. Ancaq onlar çantalarını bu xəbərdarlıqla yox, məhkəmə nəzarətçilərini necə deyərlər, şirin dilə tutmaqla geri ala bildilər. Bu hadisənin insan haqları fəallarının heç öz hüquqlarını da qoruya bilməmələri barədə rəy yaratmasına dair suala Novella Cəfəroğlunun cavabı belədir:

- Mən də sizə deyirəm ki, bu gün Azərbaycanda hüquq müdafiəçilərinin hüquqları pozulur. Avropa İttifaqı hüquq müdafiəçiləri haqqında qanun çıxarıb. Kimdir ona baxan?

Hüquq müdafiəçilərinin öz problemləri təkcə məhkəmədəki həmin epizodla bitmir. Leyla Yunusun müklü dağıdılıb, Vidadi İsgəndərli həbsə atılıb.

HAKİMİYYƏT ONLARI ƏLƏ ALIB?

Keçmiş məhbus Mirzə Sakit isə deyir ki, o, həbsdə olarkən hüquq müdafiəçilərinin əksəriyyətini hakimiyyətin müxtəlif yollarla ələ aldığını hiss edib. Mirzə Sakit düşünür ki, buna görə də hüquq müdafiəçiləri belə məsələlərdə hakimiyyətlə çox dərinə gedə bilmirlər:
- Zaman-zaman gəlib cəzaçəkmə müəssisələrinə baş çəkmələrinə baxmayaraq sözün açığı, hüquq müdafiəçilərinin bugünkü fəaliyyəti qənaətbəxş deyil. Çox təəssüflər olsun ki, adını hüquq müdafiəçisi qoyub hüquq müdafiəsindən başqa hər şeylə məşğul olan insanlar var. Nəzərə alsaq ki, bu gün Azərbaycanda avtoritar diktatura rejimi hökm sürür, burda hüquq müdafiəçisinin obyektivliyindən və yaxud da nəyəsə gücü çata biləcəyindən danışmaq absurddur.

Mirzə Sakit deyir ki, əgər hüquq müdafiəçisi gücsüzlüyünü etiraf edirsə, onun səhnədən getmək vaxtı çatıb və yerini yeni nəslə verməlidir.

Millət vəkili və keçmiş hüquq-müdafiə fəalı Çingiz Qənizadə isə hesab edir ki, hüquq müdafiəçiləri onlara müraciət edənlərin problemlərini beynəlxalq təşkilatlar arasında açıb tökməkdənsə, hakimiyyətə müraciətlər etməklə çözməlidilər. O ki qaldı hüquq müdafiəçilərinin ələ alınması fikrinə, o, bununla razılaşmır:
- Bu, bolşevik təfəkkürüdür. Kim özünə bahalı maşın alırsa deyirlər bu satılıb. Hüquq müdafiəçiləri rəsmi qurumlarla bir masa arxasında otururlarsa, məsələləri sivil yolla həll edirlərsə, bunun nəyi pisdir ki? Hakimiyyətdə olanlar da bu xalqın övladlarıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG