Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:39

Müharibə əlilləri mənzillərinə niyə köçə bilmirlər?


Səidə Nəcəfova
Səidə Nəcəfova
Qarabağ müharibəsində həlak olanların ailələri və müharibə əlilləri üçün Salyanda tikilmiş 4-mərtəbəli yaşayış binası üç ay əvvəl açılsa da, hələ də orada heç kim yaşamır .

Mənzil sahiblərindən Səidə Nəcəfova deyir ki, bu il mayın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri binanın açılışında iştirak edib, açarları onlara verib, ancaq onlar evlərinə köçə bilmirlər.

«ONU MƏNƏ PREZİDENTİM VERMİŞDİSƏ, NİYƏ ƏLİMDƏN ALIRLAR?»

Səidə Nəcəfova bildirir ki, mənzillər tam təmirli olsa da, indiyə qədər qaz, su, elektrik enerjisi verilmir:

«Deyirəm işıqla, suyu verin, qaz olmasa da yaşayarıq. Amma buraxmırlar. Hamı gəlir, evinə baxıb gedir».

Səidə Nəcəfova iddia edir ki, mənzillərinə köçüb yaşamaq bir yana, açılış zamanı onun mənzilində nümayiş etdirilən mebelləri də aparmaq istəyirlər:

Mebelləri də aparmaq istəyirlər
«Mayın 26-da bizə evin orderi verilib, bizi evə salıblar. Nazir şəxsən özü dedi ki, vəziyyətinizin ağırlığına və şəhid ailəsi olduğunuza görə bu mebellər sizə hədiyyə edilir. Sonra televiziyalar çəkiliş apardı. Nazir dedi ki, evinizə yığışa bilərsiniz. Mənim mənzilimdə qalmayacaqdısa, niyə televiziyada göstərirdilər? Onu mənə prezidentim vermişdisə, niyə əlimdən alırlar?».

PREZİDENTİN HƏDİYYƏSİNİ HEÇ KİM APARA BİLMƏZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə məsələdən xəbərsiz olduqlarının deyirlər. Qaldı ki, mebellərin harasa aparılmasına, nazirliyin mətbuat xidmətinin əməkdaşı İlham Məmmədov bunu inandırıcı saymır:

«Mebellərin aparılması reallığı əks etdirən məsələ deyil. Həmin mebellər ölkə prezidenti adından verilən hədiyyədir. O mebelləri heç kim apara bilməz. Şikayət edən sakin nazirliyin 596-50-36 saylı telefonuna zəng edib bizimlə əlaqə saxlasın».

4-mərtəbəli yaşayış binası
15 FƏHLƏNİN 15 MİN MANAT PULU

Amma problem təkcə sakinlərin mənzillərə buraxılmaması ilə bitmir. Binanı tikən fəhlələr də şikayətçidirlər, 4 aylıq maaşlarını ala bilmədiklərini deyirlər. Vilayət İmanov deyir ki, bu barədə prezidentə də yazıblar:

«15 fəhlənin təxminən 15 min manat pulu qalıb, vermirlər».

«MEBELLƏRİ YENİ TİKİLƏN BAŞQA BİNALARA APARIRIQ»

Salyandakı «Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov sakinlərin müraciətindən sonra problemi araşdırdıqlarını deyir. Onun fikrincə, binanın açılışı olsa da, hələ başa çatdırılmayan işlər var. Hüquq müdafiəçisi deyir ki, müvəqqəti olsa da, ev sahibləri ilə birlikdə mebellərin aparılmasının qarşısını alıblar:

Emil Məmmədov
«Mən mebeli götürmək istəyənlərlə əlaqə saxladım. Dedilər təlimata uyğun olaraq biz o mebelləri yeni tikilən başqa binalara aparmalıyıq».

Emil Məmmədov hesab edir ki, rəsmi açılışdan sonra binanın yaşayış üçün hələ də tam hazır olmaması, fəhlələrin 4 aylıq maaşının verilməməsi daha çox korrupsiyadan xəbər verir:

«BURDA DAHA ÇOX KORRUPSİYA ƏLAMƏTİ GÖRÜNÜR»

«Görünür, burda korrupsiya faktı var. Yəni, binanın tikintisinə ayrılan dövlət vəsaiti iş başa çatmamış mənimsənilib. Bu səbəbdən əlavə maliyyə tapıb işi yekunlaşdıra bilmədiklərindən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri mənzillərinə köçə bilmirlər».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə məsələni mütləq araşdıracaqlarını deyirlər.
XS
SM
MD
LG