Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:18

Tovuz üzümçülərinin şikayətləri...


Məhsuldarlıq 30 faiz azalıb
Məhsuldarlıq 30 faiz azalıb
Bu il qərb bölgəsində üzümün məhsuldarlığının 30 faiz azaldığı bildirilir. Rəsmilər buna səbəb kimi yığım müddətində aramsız yağışların yağmasını göstərsələr də, fermerlər sahələrə lazımı qədər gübrə verə bilmədiklərindən şikayətlənirlər.

Tovuz rayonuna gedəndə boz dağların arasından uzanan yolların sağında və solunda səliqəli təsərrüfat sahələri görünür. Əsasən də üzüm, taxıl sahələri.

1 hektar torpaqda üzüm bağı salmış fermer Şəhla Verdiyeva deyir ki, ötən il yaxşı məhsul əldə etsə də, bu il məhsulun xeyli hissəsi xarab olub:

GÜBRƏ 2 QAT BAHALAŞIB...

«Gedirik gübrə almağa, 2 qat qiymət deyirlər. Ala bilmirik, qayıdırıq geri. Məhsul da ona görə zəif oldu. Gübrə verilsə, məhsul da keyfiyyətli olar».

Fermerlər dövlət xətti ilə gübrələrin güzəştli qiymətə satışını təşkil etməli olan «Aqrolizinq» Səhmdar Cəmiyyətindən bu il lazımı qədər gübrə ala bilmədiklərindən gileylənirlər. Bəzi fermerlər isə deyirlər ki, zəhmətlərinin boşa çıxmaması üçün məcbur olub «qara bazardan» baha qiymətə gübrə alıblar.

«GÜBRƏNİ ALVERÇİDƏN ALIRIQ»

- «Kardinal», «Təbrizi», «Bolqar» (üzüm sortlarının adları-G.R) və qarışıqdır. İndi «Kardinal»ı dəririk. O birilər tam dəyməyib. 26 cərgə üzümümüz var. Çox əziyyətlidir. Gübrə veririk, dərman veririk, yaman xarab oldu bu il. Gübrəni od qiymətinə alırıq, amma bilmirik pulunu çıxara biləcəyikmi? Bir hektara 1 kisə gübrə veririk.

- Haradan alırsınız gübrəni?

- Alverçilərdən. Çox bahadır. Suyumuz yoxdur. Gübrə, dərman, traktor hamısı əziyyətdir.

Çörəyini torpaqdan çıxaran əliqabarlı fermerlərin şikayəti bitmirdi. Onlar həm də bazarda məhsulu sata bilmədiklərindən
Paşa Paşayev
gileyləndilər.

«DƏRMANIN, GÜBRƏNİN, SUYUN PULUNU ÖDƏSƏK, ELƏ BİLƏRİK Kİ...»

«Köhnə sovxozdan qalan bağdır. Ötən illə müqayisədə bu il zəif oldu. Gübrələri bələdiyyələr verir. Satıb qurtarandan sonra hesablayacağıq ki, dərmana verdiyimiz pulu çıxacağıqmı? Dərmanın, gübrənin, suyun pulunu ödəsək, elə bilərik elə bağı saxlamışıq. Alıcı yoxdur, satılmır. Bazarda ucuzdur. 30 qəpiyə istəyirlər. Onla nə qazanc olar».

Fermer Paşa Paşayev isə deyir ki, dövlətin «Aqrolizinq» xətti ilə etdiyi güzəşt çox azdır:

«DÖVLƏT BİZƏ AQRONOM AYIRSIN»

«Bizə dövlət aqronom ayırsın. Bunun xəstəliyi var, hansı dərman verilməlidir, bilmirik? Biz aqronom deyilik axı. Qara bazarda satılan gübrə ilə «Aqrolizinq»də satılan gübrə arasında fərq 2-3 manatdır. Bizə yardım verilən dotasiyadır. Bir onu alırıq, onu da 2-3 manat kəsirlər. İlboyu zəhmət çəkirik».

Tovuz rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov isə məhsuldarlığın azalmasına aramsız yağan yağışların səbəb olduğunu deyir. Ancaq etiraf edir ki, məhsuldarlığa son vaxtlar gübrə qıtlığı da öz təsirini göstərib:

«BU İL GÜBRƏLƏR LAZIM OLAN QƏDƏR GƏTİRİLMƏYİB»

«Bizim bir çətinliyimiz də gübrələrin alınmasındadır. Bu il gübrələr lazım olan qədər gətirilməyib. Bəzi fermerlər gübrə verə bilmədiklərindən onlar gözlədikləri məhsuldarlığı ala bilmirlər. Bəzi kommersantlar qazanc məqsədilə ölkəyə gübrə gətirirlər və «Aqrolizinq»dən baha satılır. Çox hissəsi məcburiyyət qarşısında alır. Bəziləri də ala bilmirlər, torpağa gübrə verə bilmirlər, bu da məhsuldarlığı aşağı salır. Kənd təsərrüfatı bitkilərinə lazımı səviyyədə gübrə
Canpolad Qəhrəmanov
verilməlidir».

Canpolad Qəhrəmanov Tovuzda 500 hektar üzüm sahəsi olduğunu deyir. Bu il 47 min hektar sahəyə də taxıl əkilib. Canpolad Qəhrəmanovun fikrincə, növbəti əkin zamanı gübrə qıtlığı olmayacaq və bunun üçün artıq Kənd Təsərrüfatı Nazirliyinə, «Aqrolizinq» Səhmdar Cəmiyyətinə müraciətlər ediblər.

İdarə rəisi bölgədəki fermerlərin kreditlərlə bağlı problemlərinin olmasından da danışdı:

«YAXŞI OLAR Kİ, KREDİTLƏR SADƏLƏŞDİRİLSİN VƏ MÜDDƏT UZADILSIN»

«İqtisadi İnkişaf Nazirliyinin verdiyi kreditlər kommersiya banklarının xətti ilə həyata keçirilir ki, üzərinə faizlər qoyurlar. Bu da fermerlərə sərf etmir. Yaxşı olardı ki, kreditlər sadələşdirilsin və müddət uzadılsın. Nazirlər Kabinetinə təklif yazıb vermişik».

«Aqrolizinq» Səhmdar Cəmiyyətinin Mineral Gübrələrin Saxlanılması, Tədarükü və Satışı şöbəsinin müdiri Nizami Əliyev isə gübrə qıtlığı ilə bağlı deyilənləri rədd edir:

«QƏRB BÖLGƏSİNDƏKİ ANBARDA 500 TON GÜBRƏ EHTİYATI VAR»

«Qərb bölgəsindəki anbarda 500 ton gübrə ehtiyatı var. Yaxın vaxtlarda 40-50 min ton gübrə alınacaq. Hektara uyğun paylanılır, qıtlıq ola bilməz».

Nizami Əliyevin deməsinə görə, «Aqrolizinq»in fermerlərə güzəşti 50 faizdir. Gübrə alınarkən qiymətin yarısı dövlət vəsaiti hesabına ödənilir. O deyir ki, 50 kiloqramlıq 1 kisə gübrəni «Aqrolizinq» 6-10 manata satırsa, «qara bazar»da bu qiymət 16-17 manat arasındadır. Gübrənin qiymətinin dünya bazarında bahalaşdığını deyən şöbə müdiri onu da əlavə edir ki, fermerin xərcləri qazanclarını üstələyir. Nizami Əliyev deyir ki, fermerlərə gübrələrin alınmasında daha sərfəli güzəştlərin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət ediblər.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Şirvan şəhəri: bazar monopoliyası
XS
SM
MD
LG