Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:45
Mətləb Muxtarov


(Şeirlər)


MƏNZƏRƏ

Küləyin insanları soyundurduğu küçələrdə
lüt gəzən uşaqların da bir üstünlüyü var,
onlar utanmırlar.
Və biz oturduğumuz səkilərdə indi
quşlar çörək qırıntıları axtarır.
O vaxt biz hamımız uşaq,
o vaxt biz hamımız böyük yalandıq,
amma böyük arzularımız həqiqət idi.

Sonra sərçələr fərari düşdü küçədən,
sonra uşaqlar da böyüdü birdən.

Böyüdülər,
hündür mərtəbəli binalar qədər.

Yerin cazibə qüvvəsi ilə sevgi oyunu.
Bu binanın...məhz bu binanın damından
yerə atılıb, intihar etdilər...
Bir tək biz vardıq orda.
Boş silahla səngərdə dayanmış əsgər kimi,
bom-boş ürəyimizlə ölümü seyr edirdik.
Çox gözəl mənzərə idi.
Biz bu mənzərəni görüb,böyüdük...


QADIN

Bəyaz vərəqə göz yaşını silən qız
illər öncə öldürülmüş sevgisinin yasını saxlayır.
Bir-iki sətir və
bir-iki kədər yazmaq istəyir,amma alınmır.
Çünki qadınlar şair olmurlar,
qadınlar ele şair doğulurlar...
Öldürülmüş sevginin kədərini xatirələrə yazmaqçün...


SAN-FRANSİSKO SƏMALARINDA

(for Scott McKenzie)

Külqabıda 0,4 nikotinli siqaret tüstülənir.
Dəniz rəngli qabda isinir efes pivəsi
və soyuducuda donan tənha içki şüşələri
sərxoş dodaqlarda sevgili axtarır...
Scott McKenzie oxuyur:
''İf you're going to San-Francisco''

Heç vaxt olmayacam San-Fransiskoda.
Heç vaxt görməyəcəm Sakit Okeanı.

Kafka məktub yazır Milenaya, mən oxuyuram.
Eynşteyn dil çıxarır insanlara, mən baxıram.
Şəhriyar ''Heydərbabaya salam'' deyərkən səhv anlamışdım
və qızıl rəngli pivə tüstülənmədən alovlanır bədənimdə
yenə də oxuyur Scott McKenzie
''İf you're going to San-Francisco''

Heç vaxt gəzməyəcəm günəşli küçələrində
Heç vaxt çimməyəcəm Sakit Okeanda

Alisanın yerinə məni aparsınlar möcüzələr diyarına
xəyanət edim yaddaşımdakı coğrafi vətənimə
külqabıda siqaret əvəzi tüstülənsin şəxsiyyət vəsiqəm
və məni qatara mindirib sürgünə göndərirlər.
yol boyu Scott McKenzie oxuyur yenə.
''İf you're going to San-Francisco''

Bəlkə gördüm San-Fransiskonu
Bəlkə də günəşlənəcəm okean sahilində


OYUNCAQLAR ÖPÜŞƏRSƏ

Sonra Stalin öpdü məni
bığları qıdıqladı xatirələri
bədənimdəki güllələri,tək-tək
gözümün önündə çıxartdılar.
Balaca dəmir qaba atdılar ki,
güllələrdəki qan damcıları üşüməsin.
Sonra,
Səməd Vurğun bağındakı skamyanı,
sözlərdəki sürreal mənanı,
28 Maydakı Rəsulzadə heykəlini,
ən sonda dünyanı.
O dünyanı yerindən çıxartdılar ki,
yol çəksinlər.
Əşyaların yaratdığı tıxaca
insanlar səbəbkardır nədənsə.
Bəlkə mən gecikmişəm bu günə,
bəlkə mən gecikmişəm dərsə
və tanrı qayıb yazıb həyat jurnalına.
Qovulmaq ehtimalı gizlənib səmada,
amma ümidliyəm.
Ümidliyəmki,heç nə dəyişilməyəcək.
Əgər həyat tənəffüzsüz dərsdirsə,
zibillikdə eşələnən uşaq oyuncağına
poxlu "pampers"lər təsəlli verirsə,
parkdakı oturacaq yerindəysə,
Stalin yenə gülürsə,
heç bir məna itməyibsə,
yol çəkməyə dəyməz,çünki
dünya özü böyük bir yoldur...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG