Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Fitrəni Somaliyə göndərmək, yoxsa Azərbaycandakı aclara vermək?


Kəbleyi Sübhi Zərbiyev

Kəbleyi Sübhi Zərbiyev

Ramazanın sonu yaxınlaşdıqca, hər bir ailə fitrə pulunu çıxarmağa hazırlaşır. Bu əməl niyə vacibdir, fitrə pulunu kimə vermək lazımdır? Hər qapını döyən adama fitrəni vermək nə dərəcədə düzdür? Həm də fitrə pullarının ünvanına çatdığını necə müəyyən etmək olar?

Bu mövzu «İslam və demokratiya» verilişində müzakirə olunub. Verilişin qonağı ilahiyyatçı Kəbleyi Sübhi Zərbiyev deyir ki, qapını döyüb yardım istəyən adama pul versən, bu, fitrə sayılmaz:

Hər qapını döyənə fitrə vermək olmaz

«Bu, bizim üçün çox bəlalı mövzulardan biridir. Qapı-qapı gəzib fitrə yığırlar. Amma elə adama fitrəni verəndə, sənin tutduğun oruc yerlə göyün arasında asılı qalır və qəbul edilmir, o borc ölənə qədər insanın üzərində qalır».

Bəzi məscidlər ticarət obyektinə çevrilib

Fitrə sahibini gərək əvvəlcə qapı qonşusunda axtarasan, sonra məhəllədə, olmasa qonşu küçədə. Amma axtarıb ən imkansız, ailəsini dolandıra bilməyən, həqiqətən də ehtiyacı olan insanı tapmaq lazımdır:

«Bəzi obyektlər var ki, fitrədən öz şəxsi ciblərini doldurmaq üçün istifadə edirlər. O yerlərə pulu vermək haramdır. Məscidlərdə də fitrə qutuları olur. Amma yəqinliyin olmalıdır ki, o məscidə verilən fitrələr yerinə çatdırılır. Etibarın varsa, ora da ata bilərsən. Təəssüf ki, son vaxtlar bəzi məscidlər ticarət obyektlərinə çevrilib. Ona görə bəzən insanlarda məscidə də inam olmur».

Allah evində işləyənlər Allahdan qorxar

Nazim Məmmədov
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun rəhbəri Elçin Əsgərov isə məscidlərin daha etibarlı olduğunu düşünür:

«Məscid allah evidir. Orda fəaliyyət göstərən insanlar nə qədər olmasa Allahdan qorxan insanlar olar Ora verilən fitrə pullarını ünvanına çatdırılacağına əmin olmaq olar».

Öz aclarımız Somalidəkindən az deyil

Sabiq deputat Nazim Məmmədov təklif edir ki, Azərbaycanda yığılan fitrə pulları Somalidə aclıq keçirən insanlara yardım kimi göndərilsin. O, təşəbbüsün reallaşması üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edib.

İlahiyyatçı Kəbleyi Sübhi isə bu təşəbbüsə qarşıdır. O, hazırda fitrə pulunu Azərbaycandan kənara çıxarmağı haram sayır:

«Elə insanlar var ki, quru çörəklə oruc tuturlar. Bizim ehtiyacımız, ac olanlarımız Somalidən az deyil. Azərbaycanda da Somalidəki kimi insanlar var, tapdaq altında qalıb səslərini çıxartmırlar».

Fitrə olmasa da, başqa yollarla yardım edək

E.Əsgərov isə xatırladır ki, Türkiyə Dəyanət Başqanlığı ilə yanaşı, İranda da fətva verilib ki, xüms pulunun üçdə biri Somaliyə göndərilsin:

«Somalidə 12 milyon insan acından ölmək həddindədir. Onların ehtiyacı daha böyükdür. Fitrə zəkatı olmasa da, onlara başqa yollarla yardım etmək vacibdir».

Somali
E.Əsgərov qeyd edir ki, onun koordinasiyası ilə Somaliyə yardım kampaniyası aparılıb və 2 həftə ərzində 60 min dollardan yuxarı məbləğ toplanılıb.

Bayram namazından gec verilən fitrənin savabı itir

Oruc tutmayan fitrə verən insanlara gəlincə, qonaqlar bildirirlər ki, ibadətin borcu onların üzərində qalır. Yəni, fitrə ilə oruc tutmamağın əvəzini ödəmək olmaz.

Fitrənin çıxarılma vaxtı ilə bağlı da müxtəlif baxışlar var. Bəziləri Ramazanın əvvəlində, bəziləri isə bayram namazından əvvəl çıxarılmasını dəstəkləyir. E.Əsgərov deyir ki, müxtəlif rəylərin aranması məzhəblərin müxtəlif baxışlarının olması ilə əlaqədardır:

«Cəfəri məzhəbinə görə, fitrə pulu bayram namazından öncə çıxarılmalıdır. Azərbaycanda da belə qəbul olunub».

Kəbleyi Sübhi isə fitrə pulunu ödəməyin heç vaxt gec olmadığını deyir. Ailə çatdırmasa, günorta namazına qədər, yaxud gün ərzində ödəyə bilər. Amma belə olan halda, ailə borcdan qurtarsa da, fitrənin savabını itirmiş olur.

Nəhayət, fitrənin miqdarına gəlincə, imkansız ailələr üçün bu, buğda ilə ölçülür. Adambaşı 3 kq buğda (hazırda buğdanın 1 kq qiyməti təxminən 35-40 qəpikdir. Bu məntiqlə adambaşı təxminən 1,2 manat hesablanır) pulu qəbul edilir. Hər bir ailə öz yaşayış səviyyəsinə uyğun olaraq, fitrə pulu hesablaya bilər.

Şərhləri göstər

XS
SM
MD
LG